“Vüqarın bizimlə olmamasını qəbul etmək çətindir”

vuqarin-bizimle-olmamasini-qebul-etmek-cetindir
Oxunma sayı: 1410

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Şəmkirin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edib. İcra başçısı iştirakçılara uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov mərhum qrossmeyster Vüqar Həşimovun şahmat karyerasından söz açıb. O, şahmatçımızın yığma komandamızdakı xidmətlərindən danışıb və qrossmeysterimizin dünyanın ən güclü şahmatçılarından biri olduğunu qeyd edib.

"ShamkirChess" superturnirində dünyanın ən güclü şahmatçıları iştirak edir. Onlar Vüqar Həşimovun xatirəsinə dərin ehtiramlarını bildirirlər. Bu mötəbər turnirin təşkilində əməyi olan hər kəsə böyük minnətdarlığımı bildirirəm", - deyə nazir əlavə edib.

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Vüqar Həşimovun xatirə turnirinin ənənəvi hal aldığını bildirib.

AŞF-nin vitse-prezidenti Mahir Məmmədov yarışın əhəmiyyətindən söz açıb: "Artıq 3-cü ildi ki, Vüqar Həşimovun xatirə turniri uğurla keçirilir. Vüqarın bizimlə olmamasını qəbul etmək çətindi. Bu turnir onun xatirəsini yaşatmaqda önəmli rol oynayır. "SamkirChess" turniri dünya şahmatsevərləri tərəfindən səbirsizliklə gözlənilir. Yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdarlığımı bildirirəm".

Mərhum şahmatçımız Vüqar Həşimovun atası Qasım Həşimov turnirin ənənəvi olaraq təşkil edilməsinə görə minnətdarlığını bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti mərhum Vüqar Həşimovun hər zaman Azərbaycan şahmatını qalib kimi görmək istəyini bildirib. 

Sonra "ShamkirChess 2014 və 2015" turnirlərindən hazırlanmış videoçarx nümayiş olunub. "Synergy Group" şirkətinin icraçı direktoru Qüdrət Seyfullayev çıxış edib və turnir açıq elan olunub.

Daha sonra yarışın püşkatma mərasimi keçirilib. Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" superturniri artıq 3-cü dəfədi təşkil lunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir.