Vəliyev üçün 250...

veliyev-ucun-250
Oxunma sayı: 973

Topaz Premyer Liqasının XIX turu “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub. “Qafqazinfo” xəbər verir ki, 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib.

AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən Fərhad 1998/99 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.

Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdür. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.

Ölkə çempionatında 1997/98 mövsümündə “Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində “Xəzər” (“Sumqayıt” və “Kimyaçı” adlandığı vaxt), Quba “Şahdağ”ı, “Viləş”, “Neftçi”, “Gənclərbirliyi”, “İnter”, “Qarabağ” və indiki klubu “Sumqayıt”da forma geyinib.