Tək ümidimiz “Qarabağ”mı, yoxsa?..

tek-umidimiz-qarabagmi-yoxsa
Oxunma sayı: 1286

Elsevər Məmmədov

İldən-ilə avrokuboklar mövsümünün gəlişinin həyəcanı da azalır. Azərbaycan futboluna yatırılan investisiyaların azaldılması klublarımızın qitə miqyasında çıxışına böyük ölçüdə təsir edir. Əgər 2 il öncə qitənin yaşıl meydanlarında çıxış edən klublarımızın 4-ündən də uğur gözləyirdiksə, indi bu rəqəm birə enib.

2009-cu ildən Avropada Azərbaycanın adını yüksəldən “Qarabağ” hələ də bu məqsəd üçün çıxış etsə də digər komandalarımızdan bunu gözləmək olmaz. Düzdür, ötən il “Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynamaqla gözlənilməz nəticəyə imza atdı. Qitənin adlı-sanlı klubları ilə mübarizə aparan əyalət klubu rekord nəticə-4 mərhələ keçməklə fanatları sevindirdi.

Elə bu mövsümə də “qırmızı-qaralar” yaxşı başladı. Komandanın “Samtredia” üzərində qazanılan inamlı qələbəsi və səfərdə Macarıstan MTK-sından üstün olması ümid yaradırdı. Amma Fransanın “Lill” klubunun Roman Qriqorçukun komandasına rəqib olması gözlənilməz və ağır oldu. Ötən il Yunanıstan “Panatinaikos”unu mübarizədən kənarlaşdıran “Qəbələ”dən nə qədər uğur gözlənilsə də, Avropanın 5 böyük çempionatından birinin təmsilçisi ilə mübarizə şansları həddən artıq azalıb. Həmçinin büdcənin azaldılması və daha az legionerlərin heyətə cəlb edilməsi, müəyyən qədər təhlükəyə səbəbdir.

“Kəpəz”in ilk mərhələdə inamlı oyun nümayiş etdirərək evdə 0:0 etdiyi “Daçiya”ya səfərdə qalib gəlməsi ümid yaratdı. Amma... İkinci mərhələdə “Admira” ilə matçda komanda zəif təsir bağışladı. Tutaq ki, gəncəlilər Avstriyada minimal hesabla uduzub. Lakin axı rəqibin komandamızdan üstün olması açıq-aşkar görünür. “Daçiya” üzərində səfər qələbəsinin memarı olan Şahin Diniyevə güvən olsa da, heyət baxımından avstriyalılar üstün sayılmalıdır. Avropanın ortabab futbol ölkələrindən birinin komandası ilə matç bu mövsüm Premyer Liqaya qayıdan “Kəpəz” üçün heç də asan deyil. Gəncəlilər bu mərhələni keçəcəyi halda növbəti - 3-cü mərhələdə daha güclü rəqibə rast gələcək ki, burada komanda uduzsa belə, heç kim narazılıq edə bilməz. Çünki məşqçi bacarıqları hesabına qərb təmsilçisini bu yerlərə gətirən Şahin Diniyevin əlindəki material hamımıza bəllidir.

“Neftçi” Avropada yığdığı xallar hesabına ilk raundda zəif Malta təmsilçisi “Baltsan”a rəqib oldu. Həvəskar komanda ilə ilk oyunda qazanılan qələbə evdə daha böyükhesablı qalibiyyəti gözləmiyimizə rəvac verirdi. Lakin Vəli Qasımovun dili ilə desək, “dalda problemləri olan” paytaxt klubu “Bakcell Arena”da çətin anlar yaşadı. Penaltini qaçıran ada təmsilçiləri “Neftçi”ni məğlub edib mərhələ adlamağa yaxın idi. Lakin həvəskar futbolçuların qeyri-dəqiqliyi maltalıları ilk mərhələdə saxladı. Büdcəsi və legionerləri “Kəpəz”dən də üstün olan “Neftçi”nin oyunu heç kəsə ümid vermir. Taktiki və fiziki planda çatışmazlıqları həddən artıq yüksək olan komandanın ikinci mərhələdəki rəqibi maddi baxımdan zəif olan “Şkendiya” isə Bakıdan heç-heçə ilə dönə bildi. Tetovoda Vəli Qasımovun komandasını daha çətin və ümidsiz sınaq gözləyir. Bu komandanın ən uzağı gedəcəyi yer növbəti mərhələdir.

“Qarabağ”ın isə avrokubok macərası Çempionlar Liqasının ikinci mərhələsindən başladı. İlk oyunda Lüksemburq “Düdelanj”ına 2:0 qalib gələn Qurban Qurbanovun yetirmələrinin cırtdan ölkədə də sınaqdan üzüağ çıxacağı şübhəsizdir. Amma qitənin ən nüfuzlu klub turnirinin ikinci mərhələsində atılan püşk heç də bəxtimizə gülməyib. Çexiya “Viktoriya”sı ilə rəqib olan ağdamlıları burada çətin sınaq gözləyir. “Qarabağ” kimi ötən il Avroliqanın qrupunda çıxış edən Plzen təmsilçisi 4 xalla 3-cü yeri tutaraq 1/16 final mərhələsinə adlaya bilməyib. Lakin çexiyalıları heç də zəif saymaq olmaz. Qurban Qurbanovun komandası burda uduzsa belə, Avropa Liqasının pley-off mərhələsi ilə yoluna davam edəcək. Ötən il də Avropa Liqasının qrup mərhələsinə ÇL-də “Seltik”ə uduzduqdan sonra düşən “Qarabağ” bu ildə ən azından ikinci dərəcəli klub turnirində yoluna davam edəcəyi gözlənilən tək klubumuzdur.