Stadiona səpilən pullar... - “Qarabağ” özünə meydan tapa bilmir

stadiona-sepilen-pullar
Oxunma sayı: 3257

Azərbaycan futbolunun yaralı yeri olan stadion problemi bu mövsüm də özünü göstərdi. Avrokubokların qrup mərhələsinə düşən komandalarımız stadion-stadion gəzərək oynamağa meydan axtarır. Qitəmiqyaslı matçlarını “Bakcell Arena”da keçirən “Qəbələ” ot örtüyü problemi səbəbindən pley-off matçı üçün “Dalğa Arena”ya yollandı.

Qafqazinfo” xəbər verir ki, “Qarabağ” da ot örtüyü probleminə görə Tofiq Bəhramov adına Respublika stadionundan didərgin düşdü. 32 minlik stadionda anşlaq yaradan Qurban Qurbanovun komandası nəqliyyat baxımından da uğursuz yerdə tikilən “Dalğa Arena”ya üz tutmağa məcbur oldu. Qrup mərhələsinin ilk turunda Çexiya “Slovan”ınını burda qəbul edən “köhlən atlar” 6 min 500 nəfər tutuma malik arenanı doldurmaqda çətinlik çəkdi. Elə oyundan sonra futbolçular da durumdan şikayətləndi. Bəs, ötən mövsüm əsaslı təmir olunan mərkəzi arenanın ot örtüyü niyə bərbad vəziyyətə düşüb? Gənclər və İdman Nazirliyinin balansında olan arenanın meydançası hər il təmir olunsa da, vəziyyət dəyişmir.

Hazırda meydançada ot örtüyünün bərpa işləri aparılıb. Hollandiyadan gətirilən toxumlar ötən il yenilənmiş torpaq qatına səpilsə də, elə də ciddi dəyişiklik hiss olunmur. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova hazırkı vəziyyətlə bağlı danışıb: “Hazırda bura toxum səpilib. Ot örtüyünün yanmasına səbəb yay aylarında havaların çox isti keçməsi səbəb olub. Biz artıq bura ikinci dəfə toxum səpdik. Çünki bəzi yerlərdə problem qalmaqda davam edirdi”.

Stadionda torpaq problemi...

Ötən il arenaya rayonlardan 12 min ton torpaq gətirilsə də, mütəxəssislərin yol verdiyi yanlışlıqlar bugünkü problemlərin əsas səbəbidir. Torpaq qatının sonuncu hissəsi qumdan ibarətdir. Lakin ondan öncə əkin üçün yararlı olan torpaq və ona qatılmış torfdan istifadə olunmayıb. Dünyanın bir çox arenalarında meydançalar məhz bu cür düzəldilir. Torf qatı daha çox havalar soyuq olduğu zaman köməyə gəlir. Müəyyən istilik yaradan bu qat ot örtüyünün məhv olmasına imkan vermir. Bu işlər görülmədiyi üçün ota nə qədər su verilsə də, inkişaf etmir.

Görünür ötən il min tonlarla gətirilən torpaqlar qazılıb yerinə yenisi gətirilməlidir. Bu da stadionun 3-cü dəfə təmiri deməkdir.

Nazirlik “Qarabağ”ı günahlandırır...

Nazirlik rəsmisi Səmayə Məmmədova bildirib ki, stadion “Qarabağ”a icarəyə verilib və ot örtüyünə onlar nəzarət edir: “Bu stadion “Qarabağ”a verilib. Ot örtüyünə də onlar nəzarə edirlər”.

Görünən odur ki, problem “Qarabağ”ın mütəxəssis seçimində yol verdiyi yanlışlıqdan qaynaqlanır.

Qəbələ”nin ingilisi “Qarabağ”a da kömək edəcək

“Qarabağ” öz stadionunu yaxşı vəziyyətə gətirmək üçün “Xəzər Lənkəran” təcrübəsindən yararlanacaq. Vaxtilə Lənkəran təmsilçisi də stadionun ot örtüyünü düzəltmək üçün “Qəbələ”nin ölkəmizə gətirdiyi Fil Şarplesi öz arenasına dəvət etmişdi. Bu dəfə “Qarabağ” eyni üsulla vəziyyəti düzətmək niyyətindədir. Ağdam klubu əyalət təmsilçisindən yardım istəyib. Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Şamil Quliyev də bildirib ki, Şarples 6 ay ərzində meydançada vəziyyəti düzldəcək: “Fil Şarples 6 ay ərzində buranı yaxşı vəziyyətə gətirəcəyini bildirib. O özü ilə bir nəfər də götürüb. Həmin şəxs onun yanında ot örtüyünün saxlanılmasını öyrənəcək və bizə gələcəkdə kömək edəcək”.

“Qarabağ” Tofiq Bəhrmov adına Respublika stadionunda oynayacaqmı?

Hazırki vəziyyətə baxsaq, “Qarabağ” növbəti oyununu burada keçirə bilər. Lakin görünən odur ki, əgər Ağdam klubu oktyabrın 20-də PAOK-la mərkəzi arenada qarşılaşsa, sonuncu ev oyunu üçün stadion axtarışına çıxmalıdır.

Elsevər Məmmədov