“Sonradan vəziyyət dəyişdi” - Juninyo

sonradan-veziyyet-deyisdi
Oxunma sayı: 623

Junior Martins Topaz Premyer Liqasının 32-ci turunda “Kəpəz”in “Rəvan” üzərində qazandığı 3:2 hesablı qələbədə pay sahibi olan futbolçulardandır.

Qafqazinfo” xəbər verir ki, oyunu əvəzedilmədən keçirən braziliyalı klub saytına bu matçla bağlı fikirlərini bildirib. Təcrübəli yarımmüdafiəçi vacib olan qələbəni qazandıqlarını deyib: “Bizim üçün oyundan üç xalla ayrılmaq lazım idi. Avroliqa yolunda evdə oynadığımız görüşdə yalnız qələbə qazanmalı idik. Başqa nəticə bizi qane etməyəcəkdi. Tanrıya şükürlər olsun ki, məqsədimizə çatdıq”.

Martins qələbənin komandaya asan başa gəlmədiyini vurğulayıb: “Görüş ərzində səhvlər də buraxdıq. Xüsusən də birinci və ikinci hissənin sonlarında rəqibə oynamaq imkanı yaratdıq. Qonaqlar iki dəfə qapımıza qol da vurdular. Bu da müdafiə xəttində yaranan anlaşılmazlıqdan irəli gəldi. "Rəvan" hesab arasındakı fərqi azaltsa da, biz vacib olan nəticəni qoruya bildik”.

Legioner futbolçu fasilədə baş məşqçinin tapşırıqlarının həlledici olduğunu və bunun sayəsində matçdan üç xalla ayrıldıqlarını əlavə edib: “Oyunun əvvəlindən təşəbbüsü ələ aldıq, hətta rəqib qapısına tezliklə qol da vura bildik. Sonradan vəziyyət dəyişdi. Fasilədə Şahin Diniyev necə oynamalı olduğumuz bildirdi. Beləcə ikinci hissədə görüş sanki yenidən başladı, daha inamlı çıxış edib iki qol vurduq və nəticəni xeyrimizə dəyişdik. Oyuna nəzarət əlimizdə idi”.