“Səviyyəsiz legionerlərdənsə, bu gənclər daha xeyirlidir” - Çempion məşqçi

seviyyesiz-legionerlerdense-bu-gencler-daha-xeyirlidir-
Oxunma sayı: 1732

Qəbələ” klubunun əvəzedici heyətinin baş məşqçisi Ramin Quliyevin “Qafqazinfo”ya müsahibəsi:

- Mövsüm necə keçdi? İlk dəfə “Qəbələ”nin əvəzedici heyətini çempion etdiniz…

- “Qəbələ” futbol tarixində ilk dəfə əvəzedicilərin yarışında çempion oldu. Baş məşqçi kimi adımı siyahıya yazdırmağım böyük şərəfdir. Sona 4 tur qalmış çempion olmağımız sevindirici haldır. Düzdür, ilk turlarda uğursuz çıxış etdik. 6 turdan sonra 10-cu pillədə idik.

- İlk turlarda nə baş verirdi, problem nə idi?

- Mənə elə gəlir ki, həmin vaxt komandada özünəinamın olmaması çətinlik yaradırdı. Baxmayaraq ki, həmin görüşlərdə məğlub olurduq, həmin matçlarda yaxşı təsir bağışlayırdıq. Bu da hər komandaya xas olan şeydir ki, xarakter göstərib, 10-cu yerdən sonra 4 tur qalmış çempion olduq.

- Turnir cədvəlinə nəzər salsaq, görərik ki, 2-ci pillədəki “Sumqayıt”la arada 13 xal fərqiniz var. Bu da elə təəssürat yaradır ki, sanki çempionluq yolunda rəqibiniz olmayıb...

- Xeyr, belə deməzdim. Sadəcə, qələbə seriyasını davam etdirdik. Hətta ardıcıl 10 tur qalib gəldikdən sonra, 2 matç xalsız qaldıq. Yenidən 18-34-cü turlar aralığında məğlubiyyətsizliyimizi davam etdirdik. Bəzi matçlarda rəqiblər əsas komandalarında çıxış edən 3-4 futbolçunu da meydana buraxırdılar.

- Maraqlıdır, əlinizin altındakı heyətlə Premyer Liqada çıxış etsəniz, hansı nəticəyə imza atmaq olar?

- Əvəzedicilərin yarışında çempion olmuşuq deyə, Premyer Liqada mübarizə apara biləcək gücdə olduğumuzu zənn etmirəm. Düzdür, bizdə 6-7 nəfər əsas komandada oynaya biləcək gücdə futbolçu var. Ümumilikdə perspektivli futbolçularımız çoxdur. Komanda şəklində Premyer Liqada oynamaq bir az çətin olar. Bəlkə də 4-5 təcrübəli futbolçu olsa, nə isə etmək mümkündür.

- Əsas liqada bu il mübarizə həddən artıq zəiflədi. Çünki komandaların səviyyəsi aşağı düşüb. Bəs, əvəzedicilərin çempionatında durum necədir?

- Burada vəziyyət fərqli idi. Çünki gərgin mübarizə gedir, gənclər özünü göstərmək istəyir. Həm də əsas komandadan bura güclü futbolçular gəlirdi. Onların sayəsində daha çox maraq yaranırdı.

- Bu qədər təcrübəli xarici mütəxəssislərin çalışmasına baxmayaraq komandanı siz – gənc məşqçi olaraq tarixində ilk dəfə çempion etdiniz. Nəyi dəyişdiniz komandada?

- Çox şey dəyişmədim. Sadəcə futbolçulara inamımı göstərdim. Onlar da bunu başa düşdülər. Bilirsiz, futbolda psixologiya önəmlidir. Burda fərqli ailələrdən uşaqlar oynayır. Onları bir yerə topalamaq üçün bir yol var - mehriban kollektiv yaratmaq.

- Əvəzedicilərin çempionatına maraq necədir? Azarkeş baxımından Premyer Liqamız belə əziyyət çəkir. Sizi oyunlara motivasiya edən nədir?

- Gənc futbolçular üçün azarkeş o qədər önəmli deyil. Burda olan uşaqlar yeni-yeni peşəkar futbola başlayırlar. Onlar üçün qızıl medal da motivasiyaya yetərlidir.

- Komandanız çempion olmaqla yanaşı hücumçunuz Ehtiram Şahverdiyev bombardirlər siyahısında yer alır. Çempionatda ikinci ən çox qol vuran da sizin futbolçunuz Ramin Həsənovdur. Bu gənclər gələcəkdə Premyer Liqada nə edə bilərlər? Hücumçu baxımından əziyyət çəkən futbolumuza köməkləri dəyəcək?

- Onun uğurları uzaqda deyil. Yaxın vaxtlarda bu futbolçular əsas komandanın daimi üzvlərinə çevriləcəklər. Çünki onların əla potensialı var. Həm futbolumuza, həm milli komandamıza xeyir verəcək futbolçularımız var. Ehtirama gəlincə, o, istedadlı futbolçudur. U-21 millimizin üzvüdür. Fikrimcə, gələcəkdə əsas millinin də əsas futbolçularından olacaq.

- Düşünmürsünüz ki, bəzən çempionatımızda mübarizə aparan komandalara legionerlər əvəzinə əvəzedici heyətdən futbolçular çağırmaqla daha düzgün addım atmaq olar və onlar daha çox xeyir verərlər?

- Bilirsiz, bu gün çempionatda elə vəziyyət yaranıb ki, futbolçularımıza şans vermək lazımdır. Gəncləri meydana buraxsaq, bundan Azərbaycan futbolu qazanacaq. Səviyyəsiz legionerləri gətirməkdənsə, istedadlı uşaqları üzə çıxarmaq daha yaxşıdır. Hansı ki, bizim komandada kifayət qədər belə uşaqlar var.

- “Qarabağ” əsas çempionatda at oynatsa da, əvəzedici komandası o qədər də uğurlu çıxış etmir. Sizin üçün çempionatınızda ən çətin rəqib kimdir?

- “Qarabağ”ın əvəzedici komandası ikinci yer üçün oynayır. Heç də asan rəqib deyil. Çünki həmin heyətdə Cavid Tağıyevdən tutmuş Əl-Harbiyə qədər hər kəs oynadı. Onlar çempionata rəng qatdılar.

- Çempion olsanız da, yəqin ki, əvəzedicilərin çempionatındakı çatışmazlıqlar sizi də narahat edir. Ümumiyyətlə, orada daha çox futbolçunun yetişməsi üçün nəyə ehtiyac var?

- Məni narahat edən yaşlı futbolçuların olması idi. Burada daha çox gənclərə yer ayırmaq lazımdır. Onlara dəstək olub əsas komandaya aparmaq mütləqdir. Yaşlı futbolçular gənc nəslin qarşısını kəsir. Həm də onların artıq bu komandada nə işi var. Gedib Premyer Liqada oynamalıdırlar. Bəzilərini isə başa düşmək olur. Onlar oyun təcrübəsini bərpa etmək üçün bura gəlirlər.

- “Qəbələ” klubu uşaq futbolu baxımından bütün komandalardan daha çox iş görür. Yəqin siz də aşağı liqaların çempionatlarını izləyirsiz. Ayrılan diqqət nə zaman öz bəhrəsini verəcək?

- “Qəbələ”nin futbol akademiyasında da işləmişəm. Aşağı yaş qruplarını yaxşı tanıyıram. Orada kifayət qədər istedadlı uşaqlar var. Fikrimcə, bu klub gələcəkdə öz yetirmələri ilə uğurlar qazanacaq.

- Özünüzü Premyer Liqada komanda çalışdırmağa hazır sayırsınız?

- Hər məşqçi istəyər ki, Premyer Liqada əsas komandaya rəhbərlik etsin. Gələcəkdə məsləhət görülsə, mümkündür. Bu gün desəm ki, tam hazıram, pis çıxar. Əvəzedici komandada çempion olmağımız güclü məşqçi olmağımız anlamına gəlmir. Mənim də hələ üzərində işləməli, öyrənməli olduğum çox məsələ var. Bunu zaman göstərəcək.

- Çempionluqla bağlı mükafat vəd olunmuşdumu?

- Xeyr, heç bir mükafat söz verilməmişdi. Əvvəldən də də klub rəhbərliyi tərəfindən qarşıya məqsəd qoyulmuşdu ki, hədəf əsas komandaya 1-2 futbolçu verməkdi. Bunun özü çox önəmlidir. İlk 5-6 tur uğursuz nəticələr göstərəndə, komandada ruh düşkünlüyü var idi. Onsuz da komandanın qarşısına çempionluq məqsədi qoyulmamışdı ki, mükafat verilsin. Əsas komandaya oyunçu verməyimiz, çempionluqdan da böyük uğurdur.

- U-17 milli komandalar arasında Avropa çempionatı Bakıda baş tutacaq. Komandanızda millimizə kömək edəcək kimlər var?

- Bu mötəbər turnirin Azərbaycan keçirilməsi qürurvericidir. “Qəbələ”nin 3 futbolçusu millimizdə oynayacaq. Rəqiblərimiz güclüdür. Amma inanıram ki, biz uğur əldə edəcəyik.

Elsevər