Ronaldinyo ilə Tale Heydərov bir arada - Fotolar +Video

ronaldinyo-ile-tale-heyderov-bir-arada
Oxunma sayı: 9476

Qəbələ” İdman Klubu məşhur futbolçu Ronadinyonun Azərbaycana səfəri ilə bağlı mətbuat konfransı keçirib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, konfransda “Qəbələ” klubunun prezidenti Tale Heydərov çıxış edib. O, futbolçunun anadan olduğu Qremio və Dubay şəhərlərində fəaliyyət göstərən “Ronaldinho Soccer Academy”nin bir məktəbinin də “Qəbələ” İdman Klubunun dəstəyi ilə Bakıda açılacağını deyib:

"Gördüyünüz kimi Ronaldinyo Bakıda səfərdədir. Bir müddətdir ki, onun Bakı səfərini planlaşdırırdıq. Onun üçün imkan olan gün bu gün idi. Sevinirik ki, Bakı səfəri alındı. Səfərdə məqsəd Bakıda Ronaldinyo Akademiyasının yaradılmasıdır.

Ümid edirik ki, onun adını daşıyacaq bu akademiya uşaq futbolunun inkişafına təkan verəcək. Gənclər və uşaqlarda, eləcə də xalqımızda futbola olan maraq artacaq”.

Klub rəhbəri Ronaldinyonun Bakı səfəri ilə bağlı bu gün baş tutacaq “Qəbələ” -“Sent-Etyen” qarşılaşmasını izləmək üçün Fransaya gedə bilmədiyini deyib:

“Oyun bizim üçün çox vacibdir. Rəqibimiz çox ciddidir. Çətin oyun olacaq. Biz bu gün oyunçularımızdan yaxşı nəticə gözləyirik”.

Ronaldinyo isə bildirib ki, əsas məqsədi futbol məktəbinə gələn uşaqların onun adını eşidib öz məşqlərinə, futbollarına ciddi yanaşmasıdır: "Onlar gələcəkdə uğur əldə etsələr, bu, məni çox sevindirəcək. Böyük klublara gedib oynamaq imkanları olsa mən onlara mütləq köməklik göstərəcəm”.

Məşhur futbolçu karyerasını harada davam etdirəcəyi və ya bitirəcəyi ilə bağlı dekabrda yekun qərar verəcəyini deyib. 

"Sizin üçün dünyanın ən yaxşı futbolçusu kimdir" sualına isə "Messi" cavabını verib.

T.Heydərov Ronaldinyonun “Qəbələ” klubuna dəvət edilməsi ilə bağlı sualı cavablandırıb və bildirib ki, onun Bakıya gəlişi və akademiyanın açılışı özü böyük hadisədir: “Qəbələdə oynamasına gəlincə, bu sualı özünə vermək yaxşı olardı. Əlbəttə, hansısa məşhur futbolçunun Azərbaycanda oynaması azarkeşlərin stadiona gəlməsinə səbəb olar. Bu, hər bir azərbaycanlı üçün xəyal olardı”.