““Real” və “Atletiko” finalı üçün 5 maraqlı fakt - Statistika

real-ve-atletiko-finali-ucun-5-maraqli-fakt-
Oxunma sayı: 1248

Sabah bütün Avropanın gözü Milanda olacaq. "Qafqazinfo" xəbər verir ki, məşhur "San-Siro", digər adı ilə "Cüzeppe Miatsa" stadionunda Çempionlar Liqasının finalı keçiriləcək.

Madrid şəhərinin iki təmsilçisi "Real" və "Atletiko" arasında baş tutacaq qarşılaşma olduqca maraqla gözlənilir. İki il öncə - 2014-cü ildə Portuqaliyanın "Estadio da Luş" arenasında oynanılan qarşılaşmada "kral-klubu" 4:1 hesabı ilə qələbə qazanmışdı. Dieqo Simone bu dəfə rəqibindən intiqam alıb kuboku qazanmaq arzusundadır. Finaldan öncə 5 maraqlı fakt daha çox diqqət çəkir.

Həmin faktları sizə təqdim edirik:

1. "Real" Çempionlar Liqası tarixindən ən çox final oynamış komandadır. "Kral klubu" 14 dəfə bu turnirin həlledici qarşılaşmasında meydana çıxıb. Bu matçların 10-da qalib gələn madridlilər 4 dəfə məğlub olublar.

2. "Atletiko" və "Real" qitəmiqyaslı turnirlərin finalında 4-cü dəfə üz-üzə gələcəklər. Bundan əvvəlki 3 qarşılaşmanı "Real" qazanıb.

3. Son 3 mövsümdə Çempionlar Liqasında ilk dəfə baş məşqçi kimi çıxış edənlər finala yüksəlib. 2014-cü ildə Dieqo Simyone ilə başlayan bu tendensiya ötən il Luis Enrike ilə davam etdi. Argentinalı "Atletiko" ilə 2 il öncə həlledici görüşdə uduzmuşdusa, Enrike ötən il kuboku başı üzərinə qaldıra bildi. Bu dəfə isə növbə Zinəddin Zidandadır. İlk dəfə qitənin ən nüfuzlu turnirində baş məşqçi kimi final oynayacaq fransalı mütəxəssis qalib olsa, Enrikenin yolunu davam edəcək.

4. "Atletiko"nun finala qədər gələn yolunda ən diqqət çəkən məqam müdafiəsi ilə bağlıdır. Son 21 görüşün 15-də qapısını toxunulmaz saxlayan Simyonenin komandası finalda da bunu davam etdirməyə çalışacaq.

5. Müdafiəsi ilə diqqət çəkməsinə baxmayaraq "Atletiko" indiyə finala qədər qapısında 7 qol görüb. Amma "Real"da bu say 5-dir. Digər tərəfdən hücum xəttində məhsuldarlığı ilə seçilən Zidanın komandası 27 dəfə rəqib qapılarına yol tapıb.