Qurban Qurbanov hələ də məyusdur...

qurban-qurbanov-hele-de-meyusdur
Oxunma sayı: 1660

Elsevər Məmmədov

“Qarabağ” Azərbaycan futbol tarixinə qızıl hərflərlə adını yazdırıb. Qurban Qurbanovla 7 ildir Avropanın yaşıl meydanlarında adından söz etdirə bilən Ağdam klubunun son 3 həftədəki çıxışı tarix yazanları tənqid hədəfinin mərkəzinə gətirib.

Əslində bu son 3 oyundakı məğlubiyyətlərin və ya “Fiorentina”dakı fiaskonun basqısı deyil. Bu, “Viktoriya”ya üstün oyunda əldən verilən qələbədən sonra komandaya yaranan inamsızılığın təzahürüdür. Azarkeşlər üçün “məğlubedilməz armada” olan “köhlən atlar”ın Çempionlar Liqasında ovucunun içindən buraxdığı futbol tariximizin şanlı səhifələrinin cırılmasının əsəbidir. Elə azarkeşlər kimi sanki komanda da həmin oyundan sonra tilsimlənib.

Ümumi nəzər salsaq, “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Viktoriya”ya məğlubiyyətdən sonra yaranan psixoloji təzyiqdən xilas ola bilmir. Görünür qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanmaqla futbolumuzda yeni səhifə açmaq istəyinə çata bilmədiyi üçün Qurban Qurbanov hələ də məyusdur. 

Düzdür, bundan sonra ağdamlılar İsveç “Göteborq”un Bakının mərkəzi arenasında darmadağın edərək 3-cü dəfə qitənin ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə adını yazırdı. Amma Çempionlar Liqası bir başqa turnirdir. Nəhənglərlə mübarizə “Qarabağ” üçün tarixin zirvəsi olacaqdı.

Əslində “Viktoriya”ya məğlubiyyət bu qədər acı olmazdı, əgər... Əgər Qurban Qurbanovun komandası rəqibindən birbaşa üstün olmasaydı, əgər Miçel, Almeyda əllərinə düşən fürsətləri havaya sovurmasaydılar...

Hər bir komandanın belə kiçik “qara zolağ”ı mütləq olur. Elə ağdamlıların öz tarixi ilə müqayisə edək. 2009-cu ildə pley-off mərhələsinə gələrək adını “ilklərə imza atanlar” sırasına yazdıran Qurban Qurbanov və “qvardiyası” 2011-2012-ci il mövsümündə heç avrokuboklara vəsiqə qazana bilmədi. Son oyunda “rəhmətlik” “Xəzər Lənkəran”a 1:4 hesabı ilə uduzan “köhlən atlar” “köhnə qitə”nin stadionlarına həsrət qaldı. Amma sonra...

Bundan sonrakı mövsümlərdə toparlanan “Qarabağ” bu gün Azərbaycan futbol tarixində ilk dəfə 3 il ard-arda Avropa Liqasının qrupuna düşən, qrup mərhələsində ilk qələbəmizi, ilk səfər qələbəmizi qazanan komandadır. Millimizin belə arenalara gətirə bilmədiyi 35 min azarkeşi bir araya yığıb eyni sözü – “Qarabağ”ı səsləndirməyə rəvac verən komandadır.

Ölkə çempionatının 6-cı turunda səfərdə “Kəpəz”lə heç-heçə edən komanda Avropa Liqasında “Fiorentina”ya 1:5 hesabı ilə uduzdu.

“Kəpəz”lə heç-heçəni Gəncədəki stadionun “ayağına ” yazmaq olar. Topla çox oynamağı sevən “Qarabağ” üçün əkin sahələrini xatırladan meydançada ötürmə vermək “Fiorentina”ya qol vurmaqdan 5 dəfə çətin idi. Qərblilərin meydançasından 1 xalla dönmək yaxşı nəticədir.

“Fiorentina” məğlubiyyətinin səbəbi isə hər kəsə aydındır. Elvin Yunuszadə 30-cu dəqiqə qırmızı vərəqə alaraq “Artemio Franki”dəki faciəyəyə səbəb oldu. Qurban Qurbanovun komandası heç də oyuna pis başlamamışdı. “Böyük beşlik” ölkələrinin ortabab komandalarının biri ilə görüşün əvvəllərində qol vəziyyətləri yaratmaq, hücumda oynamaq asan iş deyildi. Çempionatın startından İtaliya A Seriyasının son qalibi “Yuventus”un çətinliklə məğlub etdiyi, “Roma”nın məğlub olduğu, “Milan”ın heç-heçə qaldığı komandaya 10 nəfərlə qalıb 1:5 uduzmaq təbiidir və əgər Qurban Qurbanovu buna görə tənqid edən varsa, son 7 ildə klublarımızın Avropadakı çıxışına baxsın.

“Köhlən atlar” son matçında isə Avropada son 2 ildir gözlənilməzləri reallaşdıran “Qəbələ”yə 0:2 hesabı ilə uduzdu. Çempionatın ən gərgin matçı ilk dövrənin son turuna təsadüf edirdi.

Oyundan öncə daha inamlı tərəf “Qəbələ”ni görmək olardı. Həm evdə “Maynts”a qarşı inamlı oyun, həm də heyətdə yalnız Nika Kvekveskirinin zədəli olması nisbətən “qırmızı qaralar”ın xeyrinə idi. İkinci məqam isə “Qarabağ”ın uzaq İtaliya səfərindən gəlməsi, üstəlik 10 nəfərlə 1:5 hesabı ilə uduzub çoxlu güc itirməsi Roman Qriqorçukun və komandasına üstünlük yaradan cəhətlərdən biri idi.

Qurban Qurbanov bütün çempionat oyunlarında olduğu kimi bu dəfə də heyətdə rotasiyalar etmişdi. Görünür futbolçularını qorumaq niyyətində idi. Qriqorçukun isə daha çox risk edəcəyini əvvəldəndə düşünmək olardı. Ələ fürsət düşmüşkən ya 6 xal irəli keçmək lazım idi, ya da xalları bərabərləşdirib şərikli lider olmaq. Qriqorçuk isə birinci variantı üstün tutduğu üçün risk edib qalib gəlmək niyyəti güdürdü. Elə bunu da bacardı. Meydan sahiblərinin ilk dəqiqələrdən güclü təzyiqi və “Qarabağ”ın yorğunluğu öz sözünü dedi. Ağdamlılar erkən qollar buraxdı və birinci hissədə bərbad oyun göstərdi. İkinci hissədə Qurbanovun dəyişiklikləri komandanı özünə gətirsə də, “karvan” çoxdan getmişdi.

Yıxılana balta vurmaqla əlimizin içində olan və biz xoşbəxtliyi yaşada biləcək komandanı da itirməyək. Onsuz da bu komanda yenidən çempionatda qələbələri sıralayacaq, Avropa Liqasında da PAOK-la oyunda qazanılacaq inamlı nəticə ilə özünə gələcək.