“Qurban müəllim zəng edib ona bəzi şeyləri başa salmağımı istəmişdi”

qurban-muellim-zeng-edib-ona-bezi-seyleri-basa-salmagimi-istemisdi
Oxunma sayı: 2172

“Qarabağ”a yeni təyinat alan tərcüməçi Elvar Quliyev Sport24.az-a müsahibə verib.

Qafqazinfo” müsahibəni ixtisarla təqdim edir:

- Qurban Qurbanovla çoxdan tanışıq. "Xəzər Lənkəran"da çalışdığım dövrlərdə hər dəfə oyunlardan öncə görüşüb salamlaşırdıq. Qurbanovun şəxsiyyətinə və məşqçiliyinə böyük hörmətim var. O da mənimlə çalışmaq istədiyini dedi. Qurban müəllimin bu etimadı qərar verməyimdə əsas rol oynadı.

- "Qarabağ"ın əvvəlki tərcüməçisi, "Facebook"da jurnalistlərlə bağlı statusuna görə klubdan çıxarılan həmkarınız Əfqan Xəlilli ilə tanışlığınız varmı?

- Çox yaxından tanış olmasaq da, salam-əleykümüm vardı. Xəlilli məndə yaxşı insan təəssüratı oyadıb.

- Təyinatından sonra Əfqanla söhbətiniz olubmu?

- Əlbəttə, danışmışıq. Ona bu hadisələrlə bağlı təəssüfləndiyimi dedim. Əfqan da öz növbəsində mənə uğurlar arzuladı.

- Yeni komandanda səni necə qarşıladılar? Xüsusilə də ispan, portuqal dilli legionerlər...

- Əlbəttə, yaxşı qarşıladılar. Əslində, braziliyalı Riçard Almeydanı lap çoxdan tanıyırdım. İspan Miçel Madeyra ilə isə yeni tanış oldum.

- Almeyda ilə tanışlığın necə olmuşdu?

- O, "Qarabağ"a yeni gələndə Qurban müəllim mənə zəng edib bəzi şeyləri ona başa salmağımı istəmişdi. Çünki Riçard portuqal dilindən başqa heç bir dildə danışmırdı. Həmin vaxtdan tanış olmuşuq. Bu, təxminən 5 il əvvəl olub.

- Azərbaycan Dövlət Dillər Universitetində təhsil aldığınız ispan-portuqalca çoxdandır - 1 ilə yaxındır danışmırsız. Bu, ötən mövsümün sonundan, yəni "Xəzər Lənkəran" fəaliyyətini dayandırandandır. Yəqin, dili yadırğamamaq üçün bu müddətdə daim mütaliə edirdiniz...

- Bəli. İspaniya və Portuqaliya mətbuatını, idman mətbuatını hər gün izləyirəm. Artıq bu vərdiş məndə "Futbol+" qəzetində işlədiyim dövrdən yaranıb.

- "Xəzər Lənkəran"ın qayıdacağına inanırsanmı?

- İndiki vəziyyətdə "Xəzər Lənkəran"ın yenidən bərpası üçün işıq ucu görmürəm. Amma istərdim ki, bu fikirlərimdə yanılmış olum.

- Sonda "Qarabağ"da hədəfinin, məqsədinin, ümidlərinin ilə olduğunu bilmək istərdik...

- Təkcə mən yox, artıq bütün ölkə, Azərbaycan "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməyini gözləyir. Mənim üçün bu təcrübəni yaşamaq maraqlı və xoş olar. Ümid edirəm ki, artıq bu yay istəklərimiz reallaşar.