“Qurban müəllim bir şey deməmişdi” - Maksim Medvedev

qurban-muellim-bir-sey-dememisdi
Oxunma sayı: 1269

Topaz Premyer Liqasında 14-cü turun qarşılaşmaları davam edir. “Qafqazinfo” xəbər verir ki, dünən "Neftçi" doğma meydanda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib. "Bakcell Arena"dakı matçdan sonra Ağdam təmsilçisinin müdafiəçisi Maksim Medvedev jurnalistlərin suallarını cavablandırıb:

- Futbolda hər şey olur. Bu gün oyunumuz alınmadı. Qol imkanları yarada bilmədik. Ona görə də rəqib cərimə zərbəsindən qəşəng qol vurdu. Təbrik edirəm.

- Bu gün sol cinahda oynadın. Bu nə ilə əlaqədardı?

- Baş məşqçi sol cinahda oynamağıma qərar verdi. Mən də solda oynadım.

- Komandanı kapitan kimi meydana sən çıxarmışdın. İşinin öhdəsindən layiqincə gələ bildin?

- Hər qarşılaşmada effekt vermək olmur. Oyunlar olur ki, özünü yaxşı tərəfdən göstərə bilirsən. Elə də olur ki, tam istədiyin kimi alınmır. Oyunun gedişatı bir nəfərdən asılı deyil. Bu gün "ilk 11-lik" fərqli idi. Tam istədiyimiz, fikirləşdiyimiz kimi olmadı.

- Açıqlamalarından birində bildirmişdin ki, Rəşad Sadıqovun meydanda olmaması komandaya mənfi təsir edir. Çünki kapitan kimi çox danışır. Amma bu dəfə sən kapitan kimi demək olar ki, heç danışmırdın...

- Elə oyunlar olur ki, danışısan da, xeyri olmur. Cərimə zərbəsindən buraxdığımız qoldan savayı, rəqibə fərqlənmək imkanı vermədik. Sonuncu müdafiəçi kimi komandanı geridən daha yaxşı görür, hamıya təlimatlarını verə bilirsən. Amma cinah müdafiəçisi kimi yalnız Elvin Məmmədovu qarşımda görüb, onunla yaxşı əlaqə saxlaya bilirdim. Meydanın bu tərəfindən İlqar Qurbanova və ya Əfran İsmayılova necə qışqırım? Olduğum mövqe elədir ki, oradan hamı ilə təmas qurmaq çox çətindir.

- "Neftçi"nin sol cinah müdafiəçisi Aylton tez-tez irəli gedirdi. İlqar Qurbanov isə həmin cinahdan bir-birinə bənzər 2 qol vurdu. Bunu oyundan əvvəl Qurban Qurbanov demişdi?

- Qurban müəllim bir şey deməmişdi. Aylton daim hücuma qoşulur. Onun oyununu təhlil etmişdik və bilirdik ki, bu, belədir. İlqar hücumameylli futbolçudu, topun daim irəli vurulmasını istəyirdi. O, hücuma qoşulanda Aylton kimi müdafiəçi problem yaşayırdı. Sadəcə, hər iki epizodda ofsayd qeydə alındı və qolumuz sayılmadı.

- Səncə, həmin epizodlarda ofsayd var idi?

- Mən arxada oynayıram. O xətti görə bilmirəm. İnanıram ki, televiziya vasitəsilə epizodun təkrarına baxanlar qol olub-olmadığını aydınlaşdırıblar.

- "Neftçi"nin qol vurduğu epizodda qayda pozuntusuna sən yol vermişdin. Həqiqətənmi orada kobudluq vardı?

- Məncə, yox idi. Çünki Ruslan Qurbanov topu çox irəli buraxmışdı. Məcbur oldu ki, özünü mənə çırpsın. Çox qəşəng də tullandı. Baş hakim isə cərimə zərbəsinə qərar verdi.

- Ümumiyyətlə, referinin qərarlarına tez-tez etiraz edirdiniz. Səncə, belə oyuna gənc baş hakimin təyin olunması nə dərəcədə düzgün idi?

- Gəlin, bu suala cavab verməyim.

- Demək, çox narazısınız...

- Heç nə demirəm.

- Avropa Liqasında "Anderlext"lə keçirəcəyi matçda "Qarabağ"ın qrupdan çıxmaq şansı nə qədərdir?

- Şans var və biz buna inanırıq. Əlimizdən gələni edəcəyik ki, şansımızdan maksimum yararlanaq. Dərk etməliyik ki, gedib I Divizion komandası ilə yox, "Anderlext"lə oynayacağıq.

- "Qarabağ" səfərdə daha yaxşı oynayır. Evdəki təzyiqin rolu nə qədərdir?

- Həm "Tottenhem", həm də "Monako" ilə ilk oyunumuz səfərdə olub. O oyunların gedişində rəqiblərimizi analiz edirdik. Amma ikinci matça çıxanda onların bəzi vəziyyətlərindən istifadə edib, oyun qururduq. Ona görə də evdə aktiv çıxış etmədiyimiz kimi təsəvvür yarana bilər.