““Qarabağ”ın uğurlarını izləyirik” - İtaliya FF-nin prezidenti

qarabagin-ugurlarini-izleyirik-
Oxunma sayı: 1122

AÇ-nin seçmə mərhələsində bu gün Azərbaycan millisi İtaliyanı qəbul edəcək. Bakı Olimpia Stadionunda baş tutacaq matçdan öncə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio qol.Az saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Bu gün komandanız Azərbaycan millisinin qonağı olacaq. Oyun barədə fikirlərini bilmək istərdik.

- Təbii ki, qələbə qazanmaq üçün oynayacağıq. Çünki bizim üçün vacib oyundur. Bilirik ki, çox çətin olacaq. Sizin futbolçuları tanıyırıq. Onların da məqsədi qalib gəlməkdir. Ancaq əlimizdən gələni edəcəyik ki, sonda qalib gələn tərəf biz olaq. Çünki Bakıda qazanacağımız 3 xalla “Avro-2016”ya vəsiqəni təmin etmiş olacağıq.

- Azərbaycan futbolu ilə tanış olduğunuzu söylədiniz. Bu ancaq milli səviyyəsində tanışlıqdır, yoxsa hansısa klubumuz haqqında da məlumatınız var?

- Azərbaycanda demək olar ki, hər bir sahəni izləyirik, o cümlədən də futbolu. Çünki ən yaxşı münasibətlərimiz olduğumuz ölkələrdən biridir. "Qarabağ"ı tanıyırıq, uğurlarını izləyirik. Bura gələndə də klubun stadionuna baş çəkdik.

- "Qarabağ"ın ötən mövsüm Avropa Liqasında "İnter"lə Bakıda keçirdiyi oyunu necə xatırlayırsız?
-Mən özüm "İnter" fanatıyam (gülür). Həmin oyun yadımdadır. Ancaq bu barədə geniş danışa bilmərəm. Çünki bu məsələ ilə bağlı danışmaq prezidentin işi deyil. Mən sadəcə bir fanat kimi danışıram.

- Onda yəqin ki Miroslav Zelinkanı da xatırlayırsınız.

- Düşünürəm ki, həmin epizodda hakimin günahı var idi. Ancaq adını xatırlamadığım sloveniyalı bir məşqçinin sözü var, deyir ki, qol ancaq hakimin fitindən sonra hesaba alınır.

- İtaliya millisinin qazandığı kubokların Azərbaycana gətirilməsi təşəbbüsü kim tərəfindən irəli sürülüb?

- İtaliyanın Azərbaycandakı və Azərbaycanın İtaliyadakı səfirliklərinin birgə təşəbbüsü sayəsində İtaliya Futbol Federasiyası bunu reallaşdırıb.

- Bu kubokları Azərbaycana gətirməklə ola bilərmi ki, bizim komandaya İtaliya millisinin gücünü anlatmaq istəyirsiniz?

- Yox belə bir məqsədimiz yoxdur. Bu sadəcə səfirliklərin xahişi əsasında həyata keçirilmiş bir addımdır.

- Azərbaycan və İtaliya arasında futbol əlaqələrinin inkişaf etdirilməsi üçün hansısa addımlar atmağı düşünürsüzmü?

- Bizdə futbolla bağlı müxtəlif texniki proqramlar var, onların Azərbaycanda tətbiqində maraqlayıq. Bundan əlavə, gənc futbolçuların dəyişdirilməsi proqramı da var ki, onu da gələcəkdə Azərbaycanla birlikdə həyata keçirmək planımızda var. Bunları qarşılıqlı şəkildə müzakirə etmək lazımdır.