““Qarabağ”a oyun verənə Allah lənət etsin...”

qarabaga-oyun-verene-allah-lenet-etsin
Oxunma sayı: 1743

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. "Qafqazinfo" xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Belə gərgin oyundan sonra danışmaq çətindi. Rəqib qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Bu oyuna ciddi hazırlaşmışdıq. Bu komanda zəif oynayanda da qələbə qazanır. Qış fasiləsindən sonra onlar da, biz də 11 xal toplamışdıq. Turnir cədvəlində də biz yaxın idilər. Bu oyunda bizə heç-heçə də sərf edirdi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Xüsusilə, məğlub durumda olduğumuz halda qələbə qazanmağımız daha sevindirici oldu. Elxan müəllim yaxşı komanda yaradıb. Onlara gələn oyunlarda uğurlar arzulayıram.

- Demək olar ki, “Zirə” böyük ölçüdə 4-cü yeri təmin edib?

- 3 xallıq sistemdə dəqiq bir şey demək olmaz. 3-cü dövrədə 14 xal topladıq. 4-cü dövrədə də bu cür oynasaq, istəyimizə nail ola bilərik. Ancaq bu, futboldu, dəqiq heç nə demək olmaz.

- Millinin oyunlarıyla bağlı yaranan fasiləni necə dəyərləndirəcəksiz?

- 5 futbolçumuz millilərin düşərgəsində olacaq. Növbəti oyunumuz Gəncə“Kəpəz”ə qarşıdı. Həmişəki kimi hazırlaşacağıq. Ancaq bizim üçün çətin olacaq. Bütün komandaların son şansıdı. Hətta sonuncu yerdə gedən komandayla oynayanda da var gücünü qoymalısan ki, qalib gələsən.

- Nurlan Novruzovla Murad Səttarlının “18”-likdə olmaması nə ilə bağlı idi?

- Bu, sadəcə, komandadakı rəqabətlə bağlıdı. Komandada güclü rəqabət var. Buna görə, kiminsə kənarda qalması normaldı.

- “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi sizi narahat etmir ki?

- Düzdü, “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi onlar tərəfdən üstünlükdü. Ancaq biz öz işimizi görürük. Necə olacaq, mövsümün sonunda biləcəyik.

- Bir qədər aqressiv görünürdüz...

- Komandanın oyunundan razı qalsam da, oyun zamanı bəzi epizodlardan narazı qaldım. Məsələn, oyunçulara etiraz etdiyim epizoddan bir qədər sonra qol buraxdıq. Məşqçi bu cür şeyləri əvvəlcədən hiss edir. O ki qaldı azarkeşlərə, düzdü azarkeşlər həmişə haqlıdı. Ancaq onların nalayiq ifadə işlətməsi xoş deyil. Onlar guya “Qarabağ”la yaxınlığımızla bağlı atmacalar atırdı. Bu məsələdən bezmişəm. “Qarabağ”a oyun verənə də Allah lənət etsin. Artıq bu mövzunu bağlayaq. “Zirə” kimi komandanın olması pisdi? Onsuz da komanda azdı. Sponsorlar “Zirə”ni atsa, sevinəcəklər?

- Düşünmürsüz ki, bu söz-söhbətlərin bitməsi üçün 4-cü dövrədə “Zirə” “Qarabağ”ı məğlub etməlidi?

- Bu, futboldu. Düzdü, oyunçular “Qarabağ”dan qorxurlar. Bununla razıyam. Ancaq bu, təkcə bizə aid deyil.

- Başqa oyunlarda da bu cür atmacalar olur?

- Belə olmurdu. Birinci dəfədi bu cür sözlərlə rastlaşıram.  

- Oyunçuların “Qarabağ”dan qorxduğunu dediz. Bəs komanda avrokuboklara vəsiqə qazansa, orada necə olacaq?

- “Qarabağ” bu gün ölkənin ən güclü komandalarındandı. Biz “Qarabağ”, “Qəbələ” kimi komandalardan geri qalırıq. Ancaq bu demək deyil ki, onlara tam təslim oluruq. Yenə deyirəm, o komandayla bizim aramızda heç bir yaxınlıq yoxdu. Dostluq, qardaşlıq başqa şeydi. Lakin bu söz-söhbətlərin heç bir əsası yoxdu.