Qara Qarayevdən qələbə şərhi

qara-qarayevden-qelebe-serhi
Oxunma sayı: 1394

Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Göteborq”u 3-0 hesabı ilə məğlub edən "Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev qarşılaşmadan sonra Futbol11.az saytının suallarını cavablandırıb.

Qafqazinfo” həmin müsahibəni təqdim edir:

“Ağır şəraitdə oynadıq. Özünüz də gördünüz ki, stadionun durumu yaxşı futbol oynamaq üçün əlverişli deyildi. Şükürlər olsun ki, qələbə qazanmağı bacardıq. Nə olursa olsun, biz yalnız mərhələ keçmək haqqında düşünürdük. İstədiyimiz qolları vurmağı bacardıq. Üçüncü qolu vurmaq bizim üçün çox vacib idi. Üçüncü qolu vurduqdan sonra hər şeyə aydınlıq gəldi. Hər kəsi təbrik edirəm. Bu gün baş tutan oyun karyeramın ən uğurlu oyunlarından biri idi”.

- Kənardan baxanda komandanın ən yaxşılarından biri kimi görünürdün...

- Heç kimi ayırmaq istəməzdim. Komandamızda zəif oynayan olmadı.

- Üçüncü dəfə qrup mərhələsində oynamaq sizin üçün nə deməkdi?

- Sevindirici haldı. Artıq üçüncü dəfədi ki, bizim futbol karyeramıza bir tarix yazılır. Həqiqətən də, karyeramın ən önəmli dönəmlərindən birini yaşayıram. Düzdü, düşündüyümüz Çempionlar Liqasının qrupunda oynamaq idi. Ancaq alınmadı. İndiki vəziyyətə də şükr etmək lazımdı. ''Fənərbağça'' ilə istərdim. Onların ölkəmizdə azərkeşləri daha çoxdur. Bilmək istərdim ki, kimi dəstəkləyəcəklər.

- Üçüncü dəfədi qrup mərhələsində oynamaq şansı qazansanız da, ən çətin mərhələnin bu il olduğunu dediniz. Nəyə görə bu il?

- Belə deyim, bu il müəyyən qədər şanssızlıq yaşadıq. İdman xoşbəxtçiliyi bizim yanımızda olmadı. Həmişə biz kritik vəziyyətlərdə qol vururduqsa, bu il əksinə oldu. Düşünürəm ki, qrup mərhələsinə vəsiqə qazanmaq bizim üçün böyük uğurdu.

- Komandanın üzərində təzyiq hiss edirdinizmi?

- Bəli, üzərimizdə təzyiq hiss edirdik. Bu, istər azarkeşlərimiz, istər bizi sevənlər tərəfindən idi. Çünki onlar bizdən daha yaxşı nəticə gözləyirdilər. Bu da aydın idi. Düşünürəm ki, bu qələbə bütün Azərbaycana, bütün "Qarabağ"sevərlərə lazım idi. Futbolumuzun inkişafı üçün çox vacib olan qələbələrdən birini qazandıq. Gözəl azarkeşlərimizə, bizi sevərlərə ancaq qələbə yaraşır.