“Püşkatmanın nəticəsi mənim üçün yaxşı olmadı” - “Qəbələ”nin yeni transferi

puskatmanin-neticesi-menim-ucun-yaxsi-olmadi
Oxunma sayı: 1572

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Qəbələ” – “Samtredia” (5-1) matçından sonra “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri jurnalistlərin suallarını cavablandırıb.“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Oyunla bağlı fikirlərin necədir? Belə böyükhesablı qələbə qazanacağınızı gözləyirdinmi?

- Düzü, oyunun bu hesabla nəticələnəcəyini gözləmirdik. Çoxları düşünür ki, biz asan qələbə qazanmışıq. Həqiqətən də bizim üçün asan olmadı. Sadəcə, biz oyuna daha yaxşı hazırlaşmışdıq. Uzunmüddətli toplanışımız oldu. Baş məşqçimiz rəqibin zəif və güclü cəhətlərini çox yaxşı təhlil etmişdi. Üzərimizə düşən yükün öhdəsindən gəlmək üçün çox çalışdıq. Düşünürəm ki, bunu maksimum bacardıq.

- Belə nəticədən sonra növbəti mərhələ haqqında düşünmək olarmı?

- Yox. Bu, hər şeyin bitməsi demək deyil. Təəssüflər olsun ki, öz meydanımızda bir qol buraxdıq. Düşünürəm ki, Gürcüstandakı oyundan bundan daha yaxşı çıxış etməliyik.

- Belə hesabla qələbə qazanmağınıza səbəb nə idi? Rəqib zəif idi, yoxsa “Qəbələ” daha güclü idi?

- Belə izah edə bilərəm ki, “Qəbələ” ən yaxşı oyununu göstərdi, “Samtredia” isə ən zəif oyununu. Hər-halda mən belə düşünürəm. Hesabın belə böyük olması bunula əlaqədardı. Ancaq dediyim kimi, bizim üçün heç nə başa çatmayıb.Biz cavab oyununa da maksimum gücümüzlə hazırlaşmalıyıq.

- Sənin fikrincə, "Qəbələ” rəqibini hansı komponentlərdə üstələdi?

- Hər iki komandanın qələbə istəyi böyük idi. "Samtredia” daha çox qələbə qazanmaq istəyirdi. Çünki komandanın heyətində gənc və perspektivli futbolçular var. Onlar növbəti mərhələdə oynamaq üçün alışıb-yanır. Gənclər sübut etmək istəyirdi ki, futbol oynamağı bacarırlar. Ancaq etiraf etmək lazımdı ki, “Qəbələ” təcrübəli komandadı.Bu komanda Avropa Liqasında qrup mərhələsində oynayıb və necə qalib gəlməyin yolunu bilir. Biz fiziki hazırlıq baxımından rəqibi müəyyən qədər üstələdik. Baş məşqçimizin qərarları özünü doğrultdu. Biz meydanda tapşırılan hər şeyi düzgün yerinə yetirdik.

- Xarici komandanın heyətində öz həmyerlilərinə qarşı oynamaq necə hisdi?

- Düzü, püşkatmanın nəticəsi mənim üçün o qədər də xoş olmadı. Gürcüstan komandası ilə qrup mərhələsində qarşılaşsaydıq, şad olardım. Mən “Qəbələ”nin uğurları üçün çalışsam da, Gürcüstan futbolunun azarkeşiyəm. "Samtredia”ya qarşıdakı oyunlarda böyük uğurlar arzulayıram. Ancaq mən “Qəbələ”də çıxış edirəmsə, bu komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışmalıyam və çalışıram.

Elsevər