“Puldan danışmaq istəmirəm”

puldan-danismaq-istemirem
Oxunma sayı: 677

AZAL-ın qapıçısı Stanislav Namaşko “Xəzər Lənkəran”la oyundan (1:0) sonra jurnalistlərə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- “Xəzər Lənkəran” üzərində çətin qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun çox çətin keçdi. İlk 15 dəqiqədə üstünlük rəqibin tərəfində idi. “Xəzər Lənkəran” qarşılaşmaya yaxşı başlamışdı. Bu səbəbdən də oyunumuz ağır alındı. Bəlkə bir qədər də bəxtimiz gətirdi.

- Oyuna zəif başlamağınıza səbəb nə idi?

- Dəqiq bir söz deyə bilmərəm. “Xəzər Lənkəran”ın futbolçuları topu özlərində yaxşı saxlayırdılar. Buna görə də matçın əvvəlində bizə böyük problem yaradırdılar. Lakin sonradan komandamız özünə gəldi.

- Nə baş verdi ki, fasilədən sonra AZAL-ın oyunu müsbətə doğru dəyişdi?

- Məşqçimiz fasilədə bizimlə söhbət etdi. Harada səhv buraxdığımızı anlatdı. Biz də həmin səhvləri düzəltdik. Fasilədən sonra da oyunun asan alındığını deməzdim. Sadəcə, ilk yarıya baxanda daha yaxşı oynadıq.

- Topu oyuna daxil edərkən bəzi epizodlarda Tərlan Əhmədov sənə narazılığını bildirirdi.

- İş prosesində belə hallar olur. Meydanda həmişə emosiya yüksək olur. Mən də baş məşqçimizin göstərişlərini anlayışla qarşılayıram.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu görüş barədə fikirlərin necədir?

- Bilirik ki, “Neftçi” revanş almağa çalacaq. Bizə qarşı fərqli “Neftçi” oynayacaq. Onlar bu matça yaxşı hazırlaşacaqlar. Bu dəfə bizi məğlub etmək üçün əllərindən gələni edəcəklər. Çox çətin oyun alınacaq. İstədiyimiz nəticəni qazanmaq üçün xeyli güc sərf etməli olacağıq.

- Avrokuboklar baxımından “Neftçi” ilə oyunu həlledici saymaq olar?

- Bu, 6 xallıq oyun olacaq. Bizim məqsədimiz meydanda layiqli mübarizə aparmaqdır. Alınsa, Avroliqada da çıxış etmək istəyirik.

- Mövsüm sona yaxınlaşır. Hansısa klubdan təklif almısan?

- Yox, heç bir klubdan rəsmi təklif gəlməyib.

- Komandada maddi durum yüksək deyil. AZAL-da futbolçuların maaşları çox olmasa da, komanda inamlı təsir bağışlayır. Bu uğurun sirri nədədir?

- Bu barədə nəsə demək istəməzdim. Puldan yox, futboldan danışmaq istəyirəm.