“Prosineçki onu milliyə dəvət etməlidir” - Svanadze

prosinecki-onu-milliye-devet-etmelidir
Oxunma sayı: 1270

 Azərbaycan Premyer Liqasının XVIII turunda “İnter” səfərdə AZAL-ı 1 - 0 hesabıyla məğlub edib.

Qafqazinfo” futbol11.az-a istinadən xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

- Oyun bizim üçün çox vacib idi. “Neftçi”yə məğlubiyyətdən sonra komanda özünü toparlamışdı. Qələbə qazanmaq üçün çox çalışdıq və qolumuzu vura bildik. Bundan sonra növbəti oyunlarımıza hazırlaşacağıq.

- Millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşmək imkanınız olsa, ona komandanızın kapitanı Nizami Hacıyev haqda nə deyə bilərsiniz?
- Nizami belə davam etsə, milliyə yolu açılacaq. Məncə, Robert Prosineçki onu milliyə dəvət etməlidir.

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə bunları deyib:

- Bu gün öz komandamı tanıya bilmədim, komandamdan əsər-əlamət yox idi. Bəlkə də komandanın üzərində təzyiq, həyəcan var. Görünür ki, görəcəyimiz işlər çoxdur. Demək olar ki, yarımmüdafiə və hücum xəttimiz yox idi. Qarşıdakı oyunlarda səhvlərimizi təkrar etməməliyik. Komandamızın zəif çıxış etməsi qəbuledilməzdir. Çempionatda üst pillələrə qalxmaq istəyiriksə, səhvləri təkrarlamamlıyıq.

- Komandanız “İnter”lə oyunlarda uzun müddətdi qələbə qazana bilmir. Bunun səbəbi nədir?
- Bəli, “İnter” bizim üçün arzuolunmaz komandadı. Bizə çox çətinlik yaradırlar. Bunun da səbəbi, “İnter”in 5 müdafiəçi ilə oynamasıdır. Ona görə də, belə komandalara qarşı futbolçular fərdi güclərindən yararlanmalıdırlar. Amma bunu bizdə nə Rəşad Abdullayev, nə də Tounkara bacarmadı.

- Ötən oyunlarınızda olan hakim səhvləri komandanıza psixoloji təsir göstərmir?
- Açığı, bu gün çox aşağı səviyyədə çıxış etdik. Komandada istək yox idi. Amma biz hər şeyi hakimlərin üzərinə yıxmamalıyıq. Əgər mənim futbolçum hücum qura bilmirsə, hakimi qınamalı deyilik.