“Ona zəng edib dedim ki, kaş mənə qırmızı vərəqə verəydin”

ona-zeng-edib-dedim-ki-kas-mene-qirmizi-vereqe-vereydin
Oxunma sayı: 1233

“Neftçi”nin qapıçısı Aqil Məmmədovun “Qafqazinfo”ya müsahibəsi:

- Çətinliklə də olsa, penaltilərlə növbəti mərhələyə çıxa bildiniz...

- Əvvəlcədən də bu qədər çətin olacağını təsəvvür edirdik. “Qəbələ” heç zaman asan rəqib olmayıb. Hava şəraiti bizi bir az çətinə saldı. 3-4 gün idi bütün diqqətimiz bu matçda idi. Sevinirik ki, qalib ayrıldıq.

- Kubok hər iki komanda üçün önəmli idi. İki oyunu ümumi götürsək, “Qəbələ” daha üstün futbol oynadı, amma finala “Neftçi” çıxdı. Bunu bəxt adlandırmaq olar?

- Hər zaman mübarizə aparmaq lazımdır. Çempionatda nəticə əldə edə bilmirdik. Bütün ümidimiz kuboka idi. Finala çıxmağımız özü yaxşı nəticədir. Həlledici oyunda qalib gəlmək istəyirik. Rəqibin kimliyini gözləyirik.

- Böyük ölçüdə “Qarabağ” olacaq... (müsahibə alındığı vaxt “Qarabağ” – “İnter” oyunu davam edirdi)

- Fərqi yoxdur. Hansı komanda olacaqsa, öz oyunumuzu oynamağa çalışacağıq.

- Yəqin ki, ürəyinizdə “İnter”in finala adlamağını istəyərdiniz...

- “Qarabağ”a qarşı oynamaq həmişə yaxşıdır. Çünki o komanda həqiqətən futbol oynayır. Əsl oyun göstərir.

- Matçın əvvəlindən elə görünürdü ki, “Neftçi” cütün taleyini penaltilərə aparmaq istəyir. Doğrudur?

- Yenə deyirəm ki, hava şəraiti çox əlverişsiz idi. 3 gündür ki, Qəbələdə oteldə qalırıq. Havaya çıxa bilmirdik. Gah yağış yağır, gah gün çıxır. Bu da bizə öyrəşməkdə problem yaradırdı. Oyunu sakitləşdirməyə gəlincə, buna səbəb adaptasiya olmaq üçün idi. Yoxsa qələbə üçün meydana çıxmışdıq.

- Matçdan əvvəl penaltiləri məşq eləmişdiniz?

- Əlbəttə. Mənim məşqçim Dimitri Kramarenkodur. Onun bizə öyrətdikləri çox köməyimizə gəlir.

- Bu cütün ilk oyununda hakimlərdən narazılıq pik səviyyədə idi. Bəs, bu gün idarəçilikdən razı qaldınız? Amma rəqibiniz yenə etiraz edirdi...

- “Hakim də insandır” ifadəsi hər zaman üçün aktual ifadədir. O da səhv edər. Fikrimcə, Əliyar Ağayev çox istedadlı referidir. Ona görə pis oldum. Özünə də zəng edib dedim ki, kaş sən orda mənə qırmzı vərəqə verəydin və belə cəzalanmayaydın. Gənc referidir və ona dəstək olmaq lazımdır. Bizdə yaxşını tez itirirlər. Bugünkü hakimlik isə yaxşı idi.

- Əliyar sizə qırmızı vərəq versəydi, bu gün onu haqlı sayacaqdınız?

- Əlbəttə. Mən oyunda da bilirdim ki, penalti idi. Amma nə edim? O, 11 metrlik zərbəni təyin etmədi. Durub ona deyəcəkdim ki, “penaltidir, ver qapımıza?”. Hətta buna görə Ağayevə zəng edib təşəkkür də etdim.