“Müğənnilər kimi arxamızca 10 kamera qoşmuruq” - Dünya birincisi

mugenniler-kimi-arxamizca-10-kamera-qosmuruq
Oxunma sayı: 16440

Artıq başa çatmaqda olan 2016-cı il idman baxımından rəngarəng oldu. Fransada keçirilən futbol üzrə Avropa Çempionatından sonra diqqətlər Braziliyanın Rio-de-Janeyro şəhərinə yönəldi. Yay Olimpiya Oyunlarında idmançılarımız da çıxış edəcəkdi. Ən çox medal gözlənilən növlərdən biri isə cüdo idi. Rüstəm Orucov, Elmar Qasımov, Orxan Səfərov kimi idmançılar qızıla namizədlər arasında idi. Xüsusən reytinq cədvəlində birinclərdən olan Orucovun fəxri kürsünün ən yüksək pilləsinə qalxması gözlənilirdi. Lakin idmançımız finalda çox güclü yapon rəqibinə uduzaraq ikinciliklə kifayətləndi. İlin sonu Orucov üçün daha məhsuldar oldu. Rüstəm bütün çəki dərəcələri üzrə dünya reytinq cədvəlində birinci pilləyə sahib çıxdı. Bu cüdo tariximizdə ilk idi. Onu Azərbaycan idmanına bəxş olunmasında ən çox əmək isə atasının payına düşür. Uşaqlıqdan enerji dolu olan Rüstəmi atası cüdoya yazdırıb. Elə doğulduğu İrkutsk şəhərində. 

Fəzail Orucov həmin günləri belə xatırlayır:

“Rüstəm çox hərəkətli biri idi. Elə qardaşı Rasim də. Əvvəlcə, Rüstəmi şahmata yazdırdım. Dedim ki, qoy beynini idman növünə işlətsin. Amma sonra gördüm ki, bu uşaqda olan enerji şahmatla tükənməyəcək. Mən güləşi çox sevirdim. İstədim güləşə aparım. Lakin yaşadığımız ərazidə bu idman növü elə də güclü deyildi və məşq üçün zallar da yox idi. Məcbur cüdoya apardım. Orda uğurlar qazanmağa, özünü göstərməyə başladı. Əvvəlcə şəhər, sonra vilayət üzrə çempion oldu. Özünün də həvəsi yaranmağa başladı. Sonra isə Bakıya gəldik. Ölkəmizə gələn kimi cüdo məktəbi axtarmağa başladım. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov bizim tanışdır. Onunla məsləhətləşdik və bizə yardım etdi. Burada ilk müəllimi Fərhad Məmmədov olub. İndi də onun yanında məşq edir. O, bizə çox kömək etdi”.

- Niyə daha çox perspektiv vəd edən Rusiyanı qoyub Azərbaycana döndünüz?
- Vətən hər yerdən yaxşıdır. Mən 21 il Rusiyada yaşamışam və Azərbaycan Cəmiyyətinin sədri də olmuşam. Maddi imkanlarım da çox yaxşı olub. Sadəcə istəmədim ki, uşaqlarım Rusiyaya bağlansınlar. Düşündüm ki, vətəndə olsalar, daha yaxşıdır. Qərib ölkədə uşağa nə qədər yaxşı tərbiyə versən də, çətin olur onları böyütmək. Azərbaycanda formalaşmaqlarını istədim. Ən birinci vətəndaş kimi yaxşı olsunlar. Ona görə də hər şeyi satdıq və gəldik. Elçin Cəfərov ilk görüşdən sonra Rasimi (Rüstəmin qardaşı) məndən istədi. Dedi onu güləşə aparacam. Lakin o, da cüdoya getmək istədi və qayıtdı Rüstəmlə birlikdə məşq etdi.

- Həmin vaxt Rüstəmin Olimpiya mükafatçısı olacağını düşünürdünüz?
- Heç ağlıma da gəlməzdi ki, bir gün oğlum Olimpiya Oyunlarının finalına çıxacaq. Addım-addım uğura nail oldu. Bu yolda çox əziyyət çəkdik. Elə məqamlar olurdu ki, uduzurdu və çox pis olurdu. Ona ailəlikcə dəstək verirdik. Ruhdan düşməməsinə çalışdıq. Rasim isə zədələndi və məlum oldu ki, o bir də cüdo ilə məşğul ola bilməz. Rüstəm isə gördüyünüz kimi...Əziyyətinin bəhrəsini gördü. Elə məqamlar olurdu ki, Rüstəm yarışda uduzub səhəri məşqə getmək istəmirdi. Deyirdi ki, məşqçi mənə diqqət ayırmayacaq. Məşqçiləri ilə dəfələrlə danışırdıq. Bir müddət cüdoda problemlər oldu. Fərhad Məmmədovun əziyyətini danmaq olmaz. Rüstəm uduzanda Fərhad müəllim ağlayırdı. Elə məqamlar var idi. Ona təşəkkür edirəm. Udanda sevincdən göz yaşı axıtdığını görmüşük.

Rüstəm özü geridə qalan ili həyatının ən uğurlu ili hesab edir:

- Uğurlu il oldu. Birincisi, Olimpiya medalı qazandım. Elə idmançılar var ki, illərlə məşq edib heç Olimpiadaya vəsiqə qazana bilmir. Amma mən buna nail olmuşam və medal da qazanmışam. Çox uğurlu oldu. İlin sonuna yaxın reytinq cədvəlində birinci oldum. Bundan öncəki illərdə də öz çəkimdə lider idim. Amma bütün çəki dərəcələri üzrə birinci olmağın sevinci başqadır. Azərbaycan üçün rekord göstəricidir. Bu il 6-7 yarışda yer tutdum və təsiri yaxşı oldu.

- Rio olimpiadasının finalında uduzduğunuz yaponiyalı idmançının sizi aldatdığınızı demişdiniz...
- Elə bir fənd işlətdi ki, aldandım. Əslində özüm səhv etdim. Sadəcə çox güclü idmançı ilə üz-üzə gəldim. Həqiqətən çətin idi. Düzdür, məğlubedilməz idmançı yoxdur. Lakin güclülərlə mübarizə aparmaq çox çətindir. Rəqibimin də gücü hər kəsə bəllidir.

- Sonuncu dəfə şərəfini qoruduğun Portuqaliyanın “Sportinq” klubu ilə Qroznı şəhərində yarışa qatıldınız. Birincilik üçün nə çatmadı?
- Orada bürünc medal qazandıq. Bilirsiz ki, klublarla olanda ümumi nəticələr hesablanır. Tək məndən asılı olan nəticə deyildi. Mən hər 3 görüşdə qalib gəldim. Sadəcə ilk görüşdə Gürcüstana uduzduq və hansı ki, sonda onlar çempion oldu.

- “Sportinq” 3-cü yerə görə sizə mükafat verdi?
- Yox, orada mükafat olmur. Mən sadəcə klubdan aylıq maaşımı alıram.

- Döyüş meydanda ağıl lazımdır, yoxsa güc və iradə?
- Ağıl hər yerdə öndədir. Cüdoda da belədir. Məsələn, elə güclü idmançılar var ki, çıxıb tatamidə gənc rəqibinə uduzur. Çünki ağıl və texnika baxımından rəqib onu üstələyir. Buna görə də gücdən çox ağıldan istifadə etmək lazımdır. Bütün idman növlərində əvvəl düşünmək sonra onu yerinə yetirmək lazımdır.

- Vaxt azlığı sizi yormur?
- Vaxt var idi ki, məşq edib uduzurdum. Onda deyirdim ki, yorulmuşam, bezmişəm. Amma uğur qazandıqca hər şey normal olur. İndi daha çox həvəslənirəm ki, məşq edim. Məsələn, indi düşünürəm ki, Olimpiya oyunlarında məğlub olduğum yapon rəqibimlə yenidən üz-üzə gəlim.

- Qisas?
- Əlbəttə. Çox istəyərdim ki, onunla qarşılaşım. Bir də gücümüz sınayım. Yəqin ki, bu dəfə onunla başqa cür güləşərdim. Vaxtı geri qaytarmaq olsaydı...Düzdür, fikirləşirəm ki, başqa idmançı ilə qarşılaşmaq daha yaxşı olardı. Amma eyni rəqiblə də başqa cür döyüşərdim. Başqa yarışlarda da ümid edirəm ki, üz-üzə gələcəyik. Əgər ona uduzsam, yenə məşq edəcəm və yenidən görüşmək üçün çalışacam.

- Belə bir söz var: “öz gücünə güvənən insanlar sakit təbiətə malik olur”. Bununla razısınız?
- Əlbəttə. İnsan gücünü hər yerdə göstərməməlidir. Əgər peşəkarsansa, küçədə, bazarda, məhlədə dava etməməlisən. Ən azından düşünməlisən ki, zədə alacaqsan və 6, 9 ay idmandan kənarda olacaqsan. Bunu düşünəndə elə peşəkarlıqla davranmalısan.

Rüstəmin atası da söhbətə müdaxilə edir:

“Güclü idmançılar sakit insanlar olur. Rüstəm kiminləsə əl verib görüşəndə elə yavaş görüşür ki... Deyir əlini bərk sıxaram fikirləşər ki, idmançıdır deyə özünü göstərir. Doğurdan, peşəkar idmançılar hamısı belədir. Ümumiyyətlə, Rüstəmin dostları da elədir. Onların davakar olduqlarına inanmıram. İdmançı odur ki, od olan yerə su töksün, benzin tökməsin. Gücünü getsin tatamidə göstərsin. Cəmiyyət içərisində idmançı yox, insan olmaq lazımdır”.

- Olimpiadadan sonra avtoqraf almaq, şəkil çəkdirmək istəyənlər çox oldu?
- Şəhərdə çox olurdu. Balaca uşaqlar adətən şəkil çəkdirmək istəyirlər. Əksəri də kiçik yaşlı idmançılardır. Vaxtilə mən də onlar kimi olmuşam. Azərbaycana yeni gələndə Mehman Əzizov, Elçin İsmayılov cüdonun tanınmış adları idi. Onlarla foto çəkdirmək üçün növbəyə dururdum. Bəlkə indi bu uşaqların arasında gələcək Olimpiya , dünya çempionları var.

- Cüdoda kumiriniz kim olub?

- Birbaşa kiminsə adını çəkə bilmərəm. Amma millimizin məşqçisi Peter Zeyzenbaherin döyüş stili çox xoşuma gəlir. Olimpiadaya da bizi o hazırladı. Onun texniki fəndləri çox yaxşıdır.

- Bir ara cüdoda problemlər oldu. Nə baş verirdi ümumiyyətlə?
- Fizuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidenti olanda əvvəl hər şey yaxşı idi. Bildiyiniz kimi, o, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri idi. Postundan göndərildikdən sonra hər şey bərbad oldu. Rövnəq Abdullayevin gəlişindən sonra hər şey daha yaxşıdır.

- Həmin vaxt cüdoçularımızın çox maraqlı tələbi var idi. Əvvəllər komandamızda işləmiş Peter Zeyzenbaheri geri qaytarılmasını istəyirdiniz...
- O, ilk dəfə milliyə gələndə uğurların sayı artdı. 2013-cü ildə Elxan Məmmədov dünya çempionu oldu. İlk dəfə cüdo üzrə dünya birincimiz odur. Sonra da çox nəticələr oldu. Görünürdü ki, çox keyfiyyətli iş görür. Onun məşqlərinin nəticəsini biz tatamidə hiss edirdik. Amma digər məşqçilərdə belə deyildi. Rövnəq Abdullayev də gələndən sonra idmançıları çağırıb soruşdu ki, kimi məşqçi istəyirsiz. Biz də Peter Zeyzenbaherin adını çəkdik. Rövnəq müəllim bildirdi ki, mənə Olimpiadada ən azı iki medal söz verirsinizsə, onu gətirəcəm. Biz də söz verdik və Peter qayıtdı.

- Olimpiadada verilən pul mükafatına nə aldınız?
- Ev və maşın. Hazırda olduğunuz evi o pulla almışam.

- Qazandığınız gümüş medalı qızınızın beşiyindən asacağınızı bildirmişdiniz...

- Bəli. Gətirdim və asdım. Sadəcə evim yeni olduğu üçün hazırda medal atamın evindədir. Burda kolleksiya üçün yer edə bilməmişəm. Yer düzəltdikdən sonra hamısını bura gətirəcəm. Adətən belə edirəm. Qazandığım medalı bu evə gətirirəm. Qonaqlar gəlib baxandan sonra atama verirəm ki, kolleksiyamın içinə qoysun.

- Bir idmançı üçün 22 yaşda evlənmək çox tez deyil?

Suala öncə Rüstəmin atası Fəzail müəllim cavab verir:
- Mənə görə tez deyil. Vaxtı çatanda evlənib. Xanımı ilə bir-birlərinə sevirdilər. Oğlumun 22 yaşı olanda bildim ki, artıq 4 ildir ki. Rüstəmlə Elnarənin belə münasibəti var. Ondan sonra elçi getdik və evləndilər.

Rüstəm də düşünür ki, elə vaxtında evlənib:
- Məncə, vaxtında evlənmişəm.

Bu məqamda söhbətə Rüstəmin həyat yoldaşı Elnarə Orucova qoşulur. Elnarə xanım əvvəlcə Rüstəmlə tanışlıqlarından danışır:
- Tanışlığımız çox sadə olub. Bizim ailələr dost idilər. Tez-tez bir-birimizin evinə gəlib-gedirdik. Beləcə bir-birimizi sevdik. Sonra ailələr bildi və evləndik. Hər şey bu cür baş verib.

- Həyat yoldaşınız tatamiyə çıxanda çox həyəcanlanırsız?
- Rüstəm həm idmançı kimi, həm insan kimi çox yaxşıdır. Dünya reytinqində birincidir. Bu adamı qürurlandırır. İnsan kimi də çox dürüst və səmimidir. Mənim üçün idealdır. Onun yarışlarına valideynləri ilə birlikdə baxırıq. Rüstəm nə zaman tatamiyə çıxsa, bir yerə yığışırıq. Onu izləyirik və həyəcanlanırıq, qələbə qazanır sevinirik. Hər zaman həyəcanlanırdım. Olimpiya finalından sonra düşündüm ki, mən görəsən başqa yarışlarda niyə həyəcanlanmışam? Bundan o tərəfi yox idi. Həyatımda heç vaxt elə həyəcanlanmamışdım. Çox çətindir o anları təsəvvür etmək. Sadəcə yaşamaq lazımdır.

- Uduzanda çox təəssüfləndiniz?
- Əlbəttə. Təsəvvür edin ki, o qədər yarışları udur və finala gəlir. Həlledici görüşdə uduzub qızıldan məhrum olur. İstənilən halda Olimpiya medalı başqadır.

- O, evə gələndə Olimpiya medalına görə sevinirdi, yoxsa finalda uduzduğuna görə üzülürdü?
- Çox sevinirdi. Bu medal onun üçün tamam fərqlidir.

- İdmançılara adətən qızlar çox yazır. Qısqanmırsız?
- Artıq yox. Buna öyrəşmişəm.

- Qızınızın idmançı olmasını istəyərsiniz?
- Yox. Mən istəmərəm o da belə əziyyət çəksin, zədələr alsın. Çox əziyyətlidir. Özü seçsə də, çalışaram onu oxumağa yönəldim. Daha çox dərslərinə diqqət ayırsa, yaxşı olar.

- Xeyriyyə tədbirlərinə qatılırsız? Məsələn, yeni il bayramı öncəsi bütün dünyada idmançılar kimsəsiz uşaqlara yardım edir...
- Biz də edirik. Sadəcə etdiyimizin reklam olunmasını istəmirik. Müğənnilər kimi arxamızca 10 kamera qoşmuruq ki, bizi reklam etsinlər. Kiminsə gözünə soxmuruq ki, belə şeylər edirik. Buna ehtiyac yoxdur.

- Azərbaycanda çox nadir hallarda idmançı xanımları aktiv iş fəaliyyəti ilə məşğul olur...
- Elnarə: Mən bankda çalışıram. Hazırda isə analıq məzuniyyətindəyəm. Uşağa görə evdə qalmışam.
- Rüstəm: Xanımımın işləməsində problem yoxdur.

- Xarici idmançılar çox uşaqları olması ilə diqqət çəkir. Amma bizdə əksinədir...
- İmkan varsa, çox uşağın olması pis deyil. Mənim maddi vəziyyətim imkan versə, 10 uşaq olsa da, narahatlıq yaratmaz.

- Müğənnilərlə idman haqqında danışanda deyirlər mən idmanın filan növü ilə məşğul olmuşam. Bəs, idmançıların musiqiyə marağı varmı?
- Piano çalmağı çox xoşlayıram. Sadəcə vaxt olmayıb ki, öyrənim. Çox diqqətimi çəkir. Hərdən hardasa görürəm və istəyirəm ki, ifa edim. Amma alınmır (gülür).

- Futbola marağınız var?
- Əlbəttə. “Real” azarkeşiyəm. Bu komandanın oyunlarını çox xoşlayıram. Yerli komandalardan da “Qarabağ”ın oyunu diqqətimi cəlb edir. Son zamanlar yaxşı oynayırlar. Düzdür, futbolçularla münasibətim yoxdur. Amma komandaların oyunlarından, uğurlarından xəbərim var.

- “CBC Sport” kanalında fotosessiyanız çəkilmişdi...Model kimi belə layihələrdə davamlı iştirak etməyi düşünürsünüz?
- Öncə kanaldan təklif gələndə çox utandım. Düşündüm ki, alınmaz. Amma sonra onlar məşq zalına gəldilər, federasiyadan icazə aldılar və çəkildim. Belə baxdım ki, pis alınmayıb. Maşın ustası kimi çəkilmişəm. Hərdən uşaqlar mənimlə zarafat edirlər ki, maşınımızın yağın dəyişmək lazımdır, gəl.

Söhbətimizin sonunda Rüstəmin yeni evində olan kiçik kolleksiyasına baxdıq. Mükafatlar içərisində ən maraqlısı Çeçenistan prezidenti Ramzan Kadırovun Orucova verdiyi kiçik xəncər idi. İdmançı həmin hədiyyəni Bakıya gətirməkdə çətinlik çəkdiyini bildirib: “Xəncəri aeroportdan güclə keçirdim. Hər yerdə soruşurdular bunu neynirsən?. Çətinliklə də olsa, gətirə bildim”.

Elsevər 

Fotolar: Nuran