Moskvada zəfər, Romada səhvlər

moskvada-zefer-romada-sehvler
Oxunma sayı: 2585

Elsevər Məmmədov

Avropa Liqasında 1/16 final mərhələsinə yekun vuruldu. Qitənin yaşıl meydanlarında ölkəmizin diqqəti Rusiya və İtaliyaya yönəlmişdi. Şimal qonşularımızın paytaxt şəhəri Moskvada “Fənərbaxça” psixoloji çətinlik yarada biləcək “Lokomotiv” səddini keçib növbəti mərhələyə adlamalı idi. “Qalatasaray” isə Appenin yarımadasında zəfər çalmaq iddiasında idi. Romada “Latsio” ilə üz-üzə gələn İstanbul klubu evdəki 1:1-lik nəticədən daha yaxşısını səfərdə qazanmaq məcburiyyətində qalmışdı.

Əvvəlcə “Fənərbaxça”dan danışaq. “Bülbüllər” evdə “ağ yuyub, qara sərdiyi” rəqibi ilə səfərdə də başabaş mübarizə apardı. Hesabı rusların açmasına, 1-2 real qol imkanı yaratmasına bamayaraq Vitor Perreyranın yetirmələri təmkinini qorudu. Lazım olan bir qolu oyunun sonlarında vurmaqla moskvalıların ümidlərini kəsdi. “Sarı-lacivərtlilər” “dəmiryolçular”ın “qatarını aşırmağa nail oldu”.

“Fənərbaxça”nın qələbəsində siyasi motivləri də vurğulamaq lazımdır. İki ölkə arasında yaşanan gərginlik daha çox türklərə təsir edirdi. Xüsusən, meydanda aqressivliyi ilə seçilən yerli futbolçular gözəl oyun göstərməklə rusların da rəğbətini qazanmışdı. Məsələn, matçı şərh edən rusiyalı şərhçinin “Volkan Şən bu gün əla oynayır deməsi” diqqətdən qaçmadı. Əksinə İstanbulda oynanılan görüşdə türkiyəli spikerlər rəqibə kompliment deməyi özlərinə sığışdırmasa da, şimal qonşularımız qardaş ölkəyə qarşı bunu etməyi bacardı. “Fənərbaxça” bu mərhələdə layiq olduğu, üstün oynadığı rəqibini məğlub etməyi bacardı.

Keçək mübarizəni dayandıran “Qalatasaray”a. Əslində, püşkdən sonra da “Cim-Bom” üçün çox çətin mübarizə olacağı bəlli idi. Son illərdə ən çətin günlərini yaşayan və Burak Yılmazın gedişindən sonra hücum xəttində ciddi problemləri olan komandanın italyanları mübarizədən kənarlaşdıracağını gözləmək olmazdı. Sadəcə türklərin əzmkar mübarizəsinə ümid qalırdı ki, bunu da “Qalatasaray” bacarmadı. Evdə rəqiblər çətinliklə 1:1-lik bərabərliyə imza atan “sarı-qırmızılılar” səfərdə rəqibin təzyiqinə tab gətirə bilmədi.
Əslində, “Qalatasaray”ın problemi təkcə hücum xətti ilə bitmir. Bütün mövqeylərdə boşluqları hiss olunan komandada oyun çatışmazlığı da özünü göstərir. Gəlin, buraxılan qollara nəzər salaq.

İlk qolu küncə zərbəsindən buraxan “Cim-Bom” müdafiəçiləri çaş-baş qalıblar. Marko Parolunun ətrafında 4 nəfər olsa da, futbolçu çox asanlıqla başla fəqlənməyi bacarır.

İkinci qol da yenə müdafiəçilərin hamısının bir futbolçunun üzərinə hücum etməsindən başlayır. Boşluqdan istifadə edən Kandrevanın Matriyə gözəl ötürmə verir. Sonuncu da ideal mövqedə olan Andersonun fərqlənməsinə şərait yaradır.

Üçüncü qol da hücum edən “Latsio”nun 4 futbolçusuna qarşılıq “Qalatasaray” müdafiəsində 8 futbolçu var. Onlardan 4-ü cərimə meydançasında rəqibin qarşısını almağa çalışır. Müdafiəçilərdən Simon Karol sol cinahdan hücum edən Stefan Radunun qarşısını almağa çalışdığı halda Klozenin yanında olan 3 futbolçu vəzifəsinin öhdəsindən gələ bilmir. 

Əslində bu qədər problemlər içində “Qalatasaray” “Latsio” səddini aşsaydı belə, növbəti mərhələlərdə daha ağır məğlubiyyətlərlə üzləşə bilərdi. Ölkə çempionatında da işləri yaxşı getməyən “sarı-qırmızılılar” düşünmək məcburiyyətindədir. Mustafa Dənizlinin gəlişindən sonra da vəziyyət daha da çətinləşib. Görünən odur ki, komandada ciddi problemlər mövcuddur. Oyun baxımından da axsaqlıqları olan klubda daxili ab-hava da yerində deyil. UEFA-nın sanksiyaları ilə üz-üzə qalan klub qitə futbol qurumu tərəfindən cəzalanacağı halda daha çətin duruma düşəcək. Maddi sorunlar da “Cim-Bom”u çıxılmaz vəziyyətdə qoyub.