Mərkəzi stadion necə bu vəziyyətə düşdü? - Fotolar

merkezi-stadion-nece-bu-veziyyete-dusdu
Oxunma sayı: 3773

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində İsveç klubu “Göteborq”u udub mübarizədən kənarlaşdırsa da, qələbədən çox Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü müzakirə olundu. 

2011-ci ildə 10 milyon ayrılaraq təmirə bağlanan arenanın ot örtüyü illərdir ki, düzəlmir. Dəfələrlə “Qarabağ”ın meydançanın vəziyyətinə görə çətinlik çəkdiyinin şahidi olmuşuq. Elə yeri gəlmişkən ötən il pley-off mərhələsində “Yanq Boyz”a qarşı Bakıda keçirilən matçda da Qurban Qurbanovun komandası pis vəziyyətlə üzləşmişdi.

“Göteborq”la oyundan sonra Qurban Qurbanov UEFA Nümayəndəsinin artıq stadiondan şikayət yazdığını və qeydlər apardığını bildirdi.

Ötən il elə pley-off mərhələsindən sonra Gənclər və İdman Nazirliyi bəh-bəhlə stadionun təmirinə başlanıldığını bildirdi. Media nümayəndələri üçün arenaya tur təşkil edən nazirlik rəsmiləri növbəti mövsüm daha ideal ot örtüyü olacağını bildirdilər. Rayonlardan düz paytaxtın mərkəzinə qədər gətirilən 1200 ton torpaq belə normal ot örtüyünün cücərməsi üçün kifayət etmədi. Sonluq göz önündədir.

Bu qədər problemlə üz-üzə qalarkən “Qəbələ” təcrübəsindən yararlanmaq mümkün deyildimi? İngilis mütəxəssisləri qərbdən gətirib stadion düzəldən klub rəhbərliyi azərbaycanlı bir neçə mütəxəssislərin də öyərnməsinə yardımçı oldu. Bu gün Azərbaycanda ən mükəmməl ot örtüyünə sahib olan “Qəbələ”nin işçiləri mərkəzi stadionu idela vəziyyətə gətirə bilər.

Mümkündür ki, Gənclər və İdman Nazirliyi yayda problemlərin ortaya çıxa biləcəyinə aid iddialar irəli sürsün.

Gənclər və İdman Nazirliyi ot örtüyündə təmir işlər aparılan zaman məsələyə belə münasibət bildirmişdi: "Biz bilirik ki, yay aylarında müəyyən problemlər ortaya çıxır. Onların qarşısını almaq üçün tədbirlər görüləcək. Mütəxəssislər bütün proseslərə nəzarət edəcəklər”.

Bəs, iki dəfə təmirinə milyonlar xərclənən arenanın ot örtüyü niyə düzəlmir? Səbəbi çox sadədir. Yerli şirkətlərin ot örtüklərinə nəzarət etdiyi arenalara bir-bir nəzər salsaq, hamısı eyni vəziyyətdədir. Məsələn, “Bakcell Arena”, Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, “Dalğa Arena”. Hamısı mərkəzi arena ilə eyni vəziyyətdədir.