“Məğlub olmağımıza əsas səbəb...”

meglub-olmagimiza-esas-sebeb
Oxunma sayı: 1450

Topaz Premyer Liqasında 14-cü turun qarşılaşmaları davam edir.

"Qafqazinfo" xəbər verir ki, "Neftçi" doğma meydanda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərh edib:

""Neftçi"ni qələbə münasibətiylə təbrik edirəm. Bu gün yaxşı mübarizə apardılar. Maraqlı oyun oldu. Bəzi oyunçulara istirahət vermişdim. Çünki futbolçular yorğun idi. Bu oyunda həm sürət, həm də mübarizə gördük. Ümumiyyətlə, yaxşı oyun alındı".

- Hakimin idarəçiliyi barədə nə deyə bilərsiz?

- Məncə, hakimlik normal idi. Məğlub olmağımıza əsas səbəb rəqibin yaxşı oyunu idi. Qol imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Belə oyunlar hakimlər üçün həmişə ağır olur. "Neftçi"yə görə sevinirəm. Özümüzə gəldikdə isə gələcəkdə daha çox çalışıb, səhvləri aradan qaldıracağıq.

- Şehiç birinci hissədə bir neçə səhvə yol verdi. Bu gün bir neçə oyunçuya istirahət verdiyinizi dediniz. Sizə elə gəlmir ki, ehtiyat qüvvə əsas heyəti əvəz edəcək gücdə deyil?

- Qapıçıdan 90 dəqiqə eyni səviyyədə oynamağı tələb etmək düzgün deyil. Hər oyunda səhv ola bilər. O ki qaldı ikinci heyətin əzif olmasına, onlar əvvəlki oyunlarda da çıxış ediblər və dəfələrlə yaxşı oyun göstəriblər.

- "Neftçi" iki illik fasilədən sonra "Qarabağ"a qalib gəlməyi bacardı. Düşünmürsüz ki, buna əsas səbəb "Qarabağ"ın iki cəbhədə mübarizə aparmasıdı?

- Yox, mən belə düşünmürəm. Məncə, bu gün "Neftçi" qələbəyə layiq idi. Ancaq öz futbolçularımdan narazı qalmadım. Oyunda yox, qol fürsətlərindən istifadə edə bilmədiyimizə görə məğlub olduq.