“Lülə-kabab üçün “sino” gedirəm...” - Əcnəbi gəlin

lule-kabab-ucun-sino-gedirem
Oxunma sayı: 10644

Qəbələ”nin hücumçusu Sergey Zenyovun xanımı Svetlana Zenyova Futbolinfo.az saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Azərbaycanda yaşamaq necədi? Özünüzü necə hiss edirsiniz?

- Tam fərqli mədəniyyətdi. Bəzi anlarda çətinliklərlə rastlaşıram. Ancaq biz – estonlar üçün əla iqlimdi. İstidi, çoxsaylı meyvə-tərəvəziniz var. Müsbət məqamlar o qədərdi ki, saymaqla bitməz.

- Vətəninizə mütəmadi baş çəkmək imkanınız olur?

- Sergey Estoniya millisinə hər dəfə dəvət aldıqda, mən də onunla birlikdə vətənə baş çəkirəm.

- Gəncsiniz, müttəfiq olduğumuz zamanları görməmisiniz. Estoniya Avropa, Azərbaycan isə Şərq ölkəsidi. İlk dəfə eşidəndə ki, bura gələcəksiniz, üsyan etmədiniz?

- Bu söhbətdən xeyli əvvəl evdə demişdim ki, istənilən diyara köçməyə hazıram, bircə müsəlman ölkəsi olmasın. Ancaq bu seçim edildikdə, anladım ki, ən önəmlisi ərimin yanında olmaqdı. Bax, bu üzdən də şok yaşamadım.

- Buna baxmayaraq, həyat elə gətirdi ki, müsəlman ölkəsində yaşamalı oldunuz...

- Qismət beləymiş.

- Nəyə görə, müsəlman ölkəsinə gəlməyin əleyhinə idiniz?

- Fərqli mədəniyyət, yaşam tərzi... Həm də təbiətcə özüm bir az qorxağam.

- Düşünürdünüz ki, Azərbaycan terrorçularla doludu və hər tərəfdə güllə səsləri gəlir, qan axıdılır?

- Yox, elə deməzdim. Düşünürdüm ki, bu insanlarla dil tapmaq mənim üçün çətin olacaq. Siz – azərbaycanlılardan nə gözləməli olduğumu bilmirdim. Ancaq burada olduğum müddətdə anladım ki, yanılırdım.

- Nə gözləyirdiniz, nə gördünüz?

- Düzünü deyirəm, Azərbaycanın gözəl ölkə olmadığını düşünürdüm. Bakını gördükdən sonra isə, ağzım açıq qaldı. Müasir, gözəl və istədiyin hər şeyi tapmaq mümkün olan paytaxtınız var.

- Belə başa düşdük ki, “Qəbələ” paytaxt komandaları ilə oyunlara gedərkən, fürsəti qaçırmırsınız...

- Adətən, bəli. Nadir hallarda Qəbələdə qalırıq.

- Təsəvvür edin, Sergey karyerasının sonunadək Azərbaycanda qaldı və butslarını mismardan asdıqdan sonra Azərbaycanda yaşamağı təklif etdi...

- (Gülür) Yooox, inanmıram Seryoja belə qərar versin. Axı, bizim orada evimiz var. Elə qohumlarımız, dostlarımız da hamısı Estoniyada yaşayır.

- Bir az geriyə qayıdaq. Tanışlığınız necə baş tutub?

- Gülməli səslənsə də, internetdə tanış olduq. Bir müddət sonra isə görüşdük və bir-birimizi bəyəndik. Yekunda isə gördüyünüz kimidi. Tanışlığımızdan 10 il ötür. O vaxt 16 yaşım var idi. Ailə qurmağımızdan isə 5 il ötür.

- Azərbaycan mətbəxinə münasibətiniz necədi?

- Lülə-kabab üçün “sino gedirəm”. Heç vaxt bu təamdan dadmamışdım. İndi isə Azərbaycanın harasına getməyimizdən asılı olmayaraq, rastıma çıxan kimi, mütləq yeyirəm.

- Lülə-kabab yağlı yeməkdi. Kökəlməkdən qorxmursunuz?

- Xeyr, genetik olaraq, kökəlməyə meylli deyilik. Həm də 10 il ərzində yüngül atletika ilə məşğul olmuşam.

- Futbola münasibətiniz necədi: Sergeyə görə azarkeşlik edirsiniz, yoxsa bu idman növünü sevirsiniz?

- Ərimə görə azarkeşlik edirəm. Futbol fanatı deyiləm.Heç onunla tanışlığa qədər bu idman növü barədə düz-əməlli anlayışım da yox idi.

- Bəs, futboldan kənarda Zenyov necədi? Amma xahiş edirəm, səmimi cavab verin.

- O, çox yaxşı atadı. Mövcud vəziyyətdə bu, ən vacibidi. Övladımıza çox diqqət yetirir. Sergey ailəmizin müdafiəçisidi. Onun kürəyi sanki divardı və özümüzü arxayın hiss edirik. Nəhayət, ərim çox mehribandı.

- Bəs, kürəkən kimi necədi?

- Super! Açığı, heç ağlıma da gəlməzdi ki, valideynlərimə belə isti münasibəti olacaq. Axı, onlar bir-birilərinə yaddılar. Görünür məni elə sevir ki, bu, valideynlərimə də sirayət edir.

- Eyvanda olarkən, oğlunuzun adını eşitdik. Nikita orta məktəbə burada gedəcək?

- Ona hələ çox var. Cəmi 2 yaşındadı. Bizdə orta məktəbə 7 yaşında gedirlər. Qarşıda 5 ilimiz var.

- Deyirsiniz ki, futbolu bir o qədər də sevmirsiniz. Stadionun eyvanında dayanmaq darıxdırıcı deyil?

- Deməzdim ki, futbolu sevmirəm. Sadəcə, ərim oynamadığı oyuna baxmayacam. 

- Bəs, Azərbaycanla Estoniya üz-üzə gəlsə və Sergeyə hansısa milli oyunçumuz xəsarət yetirsə, reaksiyanız necə olacaq?

- Bu, futboldu, həmin oyunçunu boğmaq eşqinə düşmərəm.

- Sergey özünü sizinlə tanış olarkən daha xoşbəxt hiss edirdi, yoxsa rəqib qapısına qol vurduqda?

- Ooo... Düşünürəm ki, bu, fərqli emosiyalardı. Tanış olarkən, 6 ay – 1 il insan eyforiyada olur, hər dəqiqə sevdiyin insan barədə düşünürsən. Yox, qərar verə bilmərəm. Gəlin belə edək, bu sualı ona verərsiniz (ürəkdən gülür).

- İlk görüş təşəbbüsü kimdən gəldi və hansı şəraitdə baş verdi?

- Təqribən 1 aya yaxın internetdə söhbət etdik. Bundan sonra Segey görüş təklif etdi.

- Sosial şəbəkə vasitəsi ilə tanış olub, sonra ailə quranlara son zamanlar çox rast gəlirik. Buna münasibətiniz necədi? İnsanlar xoşbəxtliyi internetdə axtarmalıdımı?

- Tanış olduğumuz vaxt, 16 yaşım var idi. Əlbəttə, indi – 26 yaşımda ikən bunun əleyhinəyəm. Düşünürəm ki, məhəbbəti internetdə yox, başqa sahələrdə axtarmaq lazımdı. O zaman bu, müasir addım sayılırdı və mən bununla razılaşdım. Şükür Allaha, hər şey uğurlu alındı.

- Oğlunuz sabah gəlib desə ki, internetdə qızla tanış olmuşam və onunla ailə qurmaq istəyirəm. Buna münasibətiniz necə olacaq?

- Yəqin ki, internetdəki tanışlıq real həyata keçmiş olacaq. Estonlarda nigaha gedən yol Azərbaycandakından daha uzun zaman kəsiyini əhatə edir. Əlbəttə, seçimi uğurludusa, niyə də yox? Həyatda hər şey ola bilər.

- Sergey sizə evlənməyi təklif edərkən, valideynləriniz buna qarşı çıxmadı?

- Xeyr, qətiyyən.

- Sergeyi seçməkdə futbolçu olması nə dərəcədə rol oynadı? Axı, sirr deyil ki, futbolçular heç də pis pul qazanmır.

- Tanışlığımız zamanı o, Estoniya klubunda çıxış edirdi. Bizdə isə futbolçuların məvacibləri elə də yüksək deyil. Həm də 16 yaşım var idi. O dərəcədə düşüncə qabiliyyətinə malik deyildim.

- Gələcək həyat yoldaşınızın hansı xüsusiyyəti seçiminizdə həlledici oldu?

- Xeyirxaqlığı, ürəyinin təmiz olması. Bağışlamağı bacarır.

- Bəs, siz necə, xəyanət etsə, bağışlayarsınız?

- (Gülərək) Təxribata sürükləyirsiniz. İndi “yox” demək istəyirəm. Ancaq belə bir hal baş verəcəyi təqdirdə, necə qərar qəbul edəcəyimi söyləyə bilmərəm.

- Futbola olan sevgisi sizə olan münasibətdən üstün olsa, bunu xəyanət hesab edəcəksiniz?

- Yox, axı, bu idmandı. Qoy elə futbolla mənə xəyanət etsin.

- Sergey zədəyə meylli oyunçulardandı. Bu hal baş verərkən, hansı hissləri keçirirsiniz?

- Bilirsiz, Sergey daim futbolun içərisindədi. Axı, əksər komanda yoldaşları istirahət etdiyi vaxt da, o, yığmanın düşərgəsinə gedir. Yollar da üzücü olur, oyunların sayı da çoxdu. Bax, bu üzdən də zədələr onu təqib edir. Yığma düşərgəsindən qayıtdıqdan sonra isə yenidən klubdakı məşqlər.

- Zenyov məğlubiyyətdən sonra necə olur, qalib gəldikdə hansı əhval-ruhiyyədə olur?

- Baxır oyunun əhəmiyyətinə. Qələbədən sonra xoşbəxt olur. Məğlubiyyətdən sonra isə üzgün və yorğun görünür. Ancaq bu cür hallarda çalışır ki, futbolu evə buraxmasın.

- Ötənilki “Panatinaikos” zəfərini yəqin ki, unutmamısınız. Final fitindən sonra sizə zəng edib, sevincini bölüşdü?

- Xeyr, belə adətimiz yoxdu. Mən onu Bakıda gözləyirdim.