“Kimlərinsə arzularını yerinə yetirmək üçün çalışmırıq” - Qurban Qurbanov

kimlerinse-arzularini-yerine-yetirmek-ucun-calismiriq
Oxunma sayı: 3024

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ” doğma azarkeşləri önündə İsveçin "Göteborq” klubunu qəbul edib. Qarşılaşma Ağdam klubunun 3-0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qarabağ” qrup mərhələsinə vəsiqə qazanan tərəf olub.

Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

“Futbolçularımı təbrik edirəm. Onlar qələbə üçün çox çalışdılar. Əlbəttə, bizə möhtəşəm dəstək verən azarkeşləri də unutmaq olmaz. Çətin oldu. Xüsusilə, Çempionlar Liqasındakı məğlubiyyətdən sonra. Futbolçuların soyuqqanlığı uğurun qazanılmasına səbəb oldu. Əsas odu ki, qrup mərhələsinə düşməyi bacardıq. Ümid edirəm ki, "Qəbələ”də qrup mərhələsinə vəsiqə qazanacaq. İnşallah keçən ilki kimi, yenə iki komandamız qrup mərhələsində mübarizə aparacaq. Burdan çıxıb "Qəbələ”nin oyununa baxmağa gedəcəm”.

- Dünənki mətbuat konfransından sonra korner yadınıza düşdü, yoxsa əvvəldən planda var idi?

- Bir az başqa cür etdik. O zona boş qalırdı. Rəşad da bundan istifadə etməyi bacardı.

- Necə düşünürsünüz, “Qarabağ” qrup mərhələsini də keçə bilərmi?

- Bu, püşkatmanın nəticəsindən asılı olacaq. Əvvəlki iki ildə şansımız olsa da, vəsiqə qazana bilməmişdik. Artıq futbolçularımız daha təcrübəlidirlər. Nə deyim, sona qədər mübarizə aparacağıq və gücümüz çatan qədər irəliləyəcəyik.

- Rəqibin baş məşqçisi dedi ki, "Mançester Yunayted”lə düşsəniz, onları parçalamağınızı arzu edirəm...

- Bizim öz arzularımız var. Çalışırıq işimizdə düzgün, səbrli olaq. Kimlərinsə arzularını yerinə yetirmək üçün çalışmırıq. İşimizin dəyərini bilməyi düşünürük. Belə olsa, nəticə özü gələcək.

- Bu oyunda "Qarabağ”ın böyük hesablı qələbəsini rəqibin müdafiəsindəki boşluqlarla əlaqələndirmək olar?

- Biz həmişə ikinci oyunda rəqibi daha yaxşı tanıyırıq. İlk oyunda onları yaxşı öyrənmişdik. Buna görə də, cavab oyununda bundan istifadə edə bildik.

- Qrup mərhələsində Olimpiya stadionundan istifadə etmək olar?

- Doğrudan da qazonun vəziyyəti yaxşı deyil. Oyunda hansısa oyunçunun zədələnməsindən çox qorxurdum. Ancaq bu meydançaya öyrəşmişik. Vəziyyətin qrup mərhələsinə kimi düzəlməsinə ümid edirəm. Hər halda, düzəlməsə, bu barədə düşünmək olar.

- Elvin Yunuszadə son oyunlarda çox tənqid olunurdu. Bu matçda onun oyununu necə dəyərləndirərdiz?

- Elvin bir oyuna görə tənqid olundu. O da 10 dəqiqəlik çıxışına görə. Bu vaxt ərzində bir oyunçu öz potensialını necə göstərə bilər? Elvin bizim 3 mərkəz müdafiəçimizdən biridi. Oyun az keçirdikdə bu, onun oyununa təsir edir. Düzdü, Elvinin xarakterində bir az zəiflik var. Bu, onun əsas heyət uğrunda mübarizəsində özünü göstərir.

- Bədavinin mövqeyində boşluq özünü göstərirdi. Bu mövqeyə yeni oyunçu transferi gözlənilir?

- Düzünə qalsa, bu mövqeyə oyunçu transferini planlaşdırırdıq. Ancaq Elvindən çempionatda da istifadə edə bilirik. Legioner aldıqda bir-iki oyunda istifadə edə biləcəyik. Bununla bağlı hələ ki, tam qərar verməmişik. Elvinə qarşı oynayan hücumçu pressinqdən çox istifadə edirdi. Buna görə, geriyə daha çox ötürmə edirdi. Rəşad təcrübəli olduğundan, irəli ötürmələr edirdi. Elvinin isə təcrübəsi bir qədər azdı. Buna görə elə risk etmirdi.

- Bədavi Hüseynovun zədəsi nə yerdədi?

- Bədavi 3 ay öncə də eyni cür zədələnmişdi. Əzələ zədəsidi. Çox da ciddi deyil. Zədənin daha da pisləşməməsi üçün onun tam sağalmasını gözləyəcəyik.

- Çempionatda 25 günlük fasilənin olması nə dərəcədə düzgündü?

- Bu müddətdə komandalar oyunsuz qalmayacaqlar. Yoxlama oyunları olacaq. Əksinə, formada olmayan komandalar üçün yaxşı fürsətdi. Bunu normal qəbul edirəm.

- Almeydaya görə təklif olub?

- Ona görə bizim qapımızı döyən olub. Səudiyyə Ərəbistanından onu transfer etmək istəyirdilər. Onlar daha çox pul verirdilər. Lakin Almeyda komandaya sadiq qaldı. O, qalmağı üstün tutdu.

- Bu oyunda daha aqressiv görünürdüz. Bu, "Göteborq”dan qisas almaq istəyilə bağlı idi?

- Yox, qisasla bağlı deyildi. Futbolda qisasa yer yoxdu. Sadəcə, futbolçular bu oyuna daha yaxşı hazırlaşıblar. İnsan məğlub olanda hər şeyi daha yaxşı anlayır.