“İtirib-axtaran da yox idi” - Davud Kərimi

itirib-axtaran-da-yox-idi
Oxunma sayı: 1461

“Kəpəz”in qolkiperi Davud Kərimi klub saytına müsahibə verib.

Qafqazinfo” sizi həmin müsahibə ilə tanış edir:

- Davud, “Qarabağ” ilə oyun haqda fikirlərini bizimlə bölüşərdin.

- Ardıcıl məğlubiyyətlərdən sonra Ağdam klubu ilə görüşdə uğurlu nəticə qazanmaq istəyirdik. Həm də bu il Gəncədə ilk ev oyunumuz olduğundan sərfəli nəticəyə ümid edirdik, məqsədimiz qara zolaqdan çıxmaq idi. Meydanın vəziyyətindən asılı olmayaraq komanda yoldaşlarım əzmlə mübarizə apardılar. Rəqib ani bir səhvdən qol vurub qələbə qazandı. Bu, onların ustalıq səviyyəsinin göstəricisidir. Biz azarkeşləri, baş məşqçimizi və klub rəhbərliyini çox sevindirmək istəyirdik, amma alınmadı. Diqqətimizi “Neftçi” ilə oyuna yönəltmişik.

- Oyundan sonra keçirilən mətbuat konfransında Şahin Diniyev “Kəpəz”in artıq çətin psixoloji durumdan çıxdığını bildirdi. Bəs sən nə düşünürsən?

- Mövsümün ikinci hissəsinin “İnter” ilə ilk matçında fasilədən sonra komandanın oyununda durğunluq yarandı. Ardıcıl “Zirə” və “Sumqayıt”a qarşı matçlarda uğursuzluğa düçar olduq. Amma “Qarabağ” ilə oyun öncəsi istər məşqçilər korpusu, istərsə də futbolçularda əhval-ruhiyyə yerində idi, tam başqa motivasiya, istək vardı. Düşdüyümüz vəziyyətdən çıxmaq üçün daha həvəslə mübarizə aparmağa hazır idik. Futbolçular olaraq məşqlər və oyunlardan sonra oturub söhbətləşirik, birlikdə durumu müzakirə edirik. Yaxşı başa düşürük ki, bu böhrandan yaxa qurtarmalıyıq. Çünki belə davam edə bilməz. Kimin oynamasından asılı olmayaraq komanda kimi çətin vəziyyətdən çıxmalıyıq. “Qarabağ”a qarşı oyun göstərdi ki, uşaqlar meydanda lazımınca vuruşdular, hər qarış uğrunda mübarizə apardılar. Əslində digər görüşlərdə də yaxşı oynamağa çalışmışdıq, amma adi səhvlərdən qollar buraxıb uduzmuşuq. Artıq psixoloji sarsıntı geridə qalıb, “Neftçi” ilə qarşılaşma bizim üçün dönüş nöqtəsi olmalıdı. İnşallah, belə də olar.

- Yeri gəlmişkən, baş məşqçi matçdan sonra səni də oyununa görə fərqləndirib haqqında xoş sözlər söylədi.

- İlk öncə deyim ki, bəzi mütəxəssislər və jurnalistlər məni artıq karyeramı bitirmiş qapıçı hesab edirdilər.İtirib-axtaran da yox id . Sağ olsun ki, Şahin müəllim hamının gözündə sönmüş qolkiperə inanaraq komandasına cəlb etdi və “Qarabağ” kimi güclü rəqiblə görüşdə çərçivədə etimad göstərdi. Mən bəslənən ümidləri doğrultmaq üçün bu oyunda çox çalışdım ki, qol buraxmayım. Amma minimal hesabla uduzduq. Fikrimcə, qapıda pis durmadım. Arzum bunun davamını gətirməkdir. Sübut etmək istəyirəm ki, bu komandaya elə-belə gəlməmişəm, “Kəpəz”ə kömək etmək istəyirəm.

- Şans gözləyirdin?

- Komandada 3 qapıçıyıq, Tadas Simaitis, mən və Eyyub Əliyev. Açıq deyək, ehtiyatda olan qapıçının əsas heyətə düşməsi ilk “11-lik”dəkinin səhvlərindən, cəzalı olmasından və zədələnməsindən sonra reallaşa bilər. Odur ki, həmişə şans gözləmək və oynamağa hazır olmaq lazımdır. Sağ olsun ki, məşqçilər korpusu mənə güvəndi.

- Uzun müddət elitada oynamayan qapıçı kimi mövqeyində inamlı ola biləcəyini gözləyirdin?

- 4 ilə yaxındır ki, Premyer Liqada oynamırdım. Uzun müddətdən sonra meydana çıxdım. Əslində əvvəllər “Qarabağ”, “Qəbələ”, “Neftçi” və digər iddialı klublara qarşı çox oynamışam. Ona görə də təcrübəmə güvənirdim, bilirdim ki, bunun sayəsində inamlı çıxış edə bilərəm. Mövqeyimdə çox rahat idim, həyacanlanmırdım. Uşaqlara da minnətdaram ki, mənə dəstək oldular. Hər epizodda yanımda idilər.

- Növbəti oyun üçün nə düşünürsən, qapıda sən duracaqsan?

- Yəqin ki, yenə mənə güvənərlər. Amma dəqiq heç nə bilmirəm. Şahin müəllim nə qərar versə, ona hörmətlə yanaşacağam. Yenidən çərçivəyə keçməyi çox istəyərəm. Ancaq bu, tək məndən asılı deyil.

- “Qarabağ”a qarşı görüşdə “Kəpəz”in heyətində Premyer Liqada debüt etdin. Əvvəllər komanda birinci divizionda çıxış edərkən qapıda durmusan. Lakin gəl razılaşaq ki, elita ilə aşağı liqa arasında fərqlər var.

- Əlbəttə, fərqlər var, özü də böyük. Birinci divizionda həmin vaxt limit vardı, komandaların heyətində çıxış edənlərin əksəriyyəti gənclər idi. Bundan əlavə elita ilə müqayisədə zəif klublara qarşı oynayırdın. Rəqibləri aşağılamaq kimi çıxmasın, amma Premyer Liqada klublar olduqca güclüdür. Avropa Liqasının qrup mərhələsində oynamış klublara qarşı oynamaq asan məsələ deyil. Bununla belə, “Kəpəz” harada yarışmasından asılı olmayaraq həmişə “Kəpəz”dir. Bu komandanın tarixi, titulları və böyük azarkeş ordusu var. Çox şadam ki, “Qarabağ” ilə oyunda yenidən azarkeşlərin qarşısına çıxdım və hardasa onların etimadını doğrulda bildim. Bir neçə dəfə də adımı səsləndirdilər, bunun üçün fanatlara təşəkkür edirəm. Qoy komandadan soyumasınlar, rəqiblər gücləniblər, amma biz də asan təslim olmaq fikrində deyilik. Çempionatda çox oyunlarımız Gəncədə olacaq, sona kimi arxamızda dayansınlar. Vallah, heç kim uduzmaq istəməz. “Kəpəz”də yer alan futbolçular kluba uduzmağa gəlməyiblər, yenilgi ilə barışmırlar. Azarkeşləri də başa düşürük və tezliklə onları sevindirməyə çalışacağıq.