İtən çempionluq...

iten-cempionluq
Oxunma sayı: 1139


İlk dəfə başqa ölkə çempionatında mübarizə aparan bir komandanın çempion olmasını bütün futbol sevgimlə arzulayırdım. İran çempionatının son turunda “Qurdlar dərəsi” adlanan stadionunda “Naft Tahran” klubunu qəbul edən “Traktor Sazi” çempionluğu son dəqiqələrdə buraxılan iki qolla əldən verdi. Lakin komanda ölkə ikincisi olaraq gümüş medallara yiyələndi. Bu qarşılaşmaya Bakıda da maraq həddən artıq yüksək idi. Elə “facebook”da da bunu görmək çətin deyildi. “Qarabağ”ın Avroliqa oyunlarından sonra futbol azarkeşləri ilk dəfə bir komandanın oyununu bu qədər həyəcanla gözləyir, matça baxmaq üçün link axtarırdılar. Hətta çempionluq sevinci üçün fotolar da düzəltmişdilər. TV-də və ya internetdə bu gərgin və maraqlı oyunu izləmək istəməyib Arazın o tayına gedənlər də var idi. Onlar “qırmızı-ağ”lı komandanın çempionluğunu Təbrizdə, 85 min azarkeşin içində görmək istəyənlər idi...

Oyun “Traktor Sazi” üçün yaxşı başlamadı. İlk qol “Naft Tahran”dan gəldi. Lakin  Təbriz komandası özündə güc tapıb Edinho və erməni Andranik Teymuryanla hesabda 2:1 önə keçdi. İkinci hissənin startından 17 dəqiqə sonra Səid Kəriminin mükəmməl qolu ilə çempionluq bir az da yaxınlaşdı. Lakin bundan az sonra, 64-cü dəqiqədə bir qol ötürməsi və bir qolla yadda qalan Andranik Teymuryan qırmızı vərəqə alaarq komandasını azlıqda qoydu. Məhz bundan sonra artıq çempionluq əldən getdi. Say üstünlüyündən istifadə edən Tehran klubu 2 qol vuraraq hesabı bərabərləşdirdi -3:3. Bu nəticə isə “Sepahan” klubunu mövsümün qalibi etdi. 

Bu qarşılaşma ətrafında ən maraqlı şeylər isə oyundan sonra yaşandı. Matç başa çatan kimi Təbriz stadionunda “Sepahan”nın “Saypa” ilə heç-heçə oynadığı elan olunub. Belə olan halda “Traktor Sazi” çempion olurdu. Azarkeşlərə isə səbəbi bilinmədən belə yalan məlumat çatdırmışdılar. Buna sevinən yerli azarkeşlər meydana axışıb birinciliyi qeyd etdilər. Həqiqət üzə çıxınca isə ürəyi gedənlər, ağlayanlar və nəhayət, polislə qarışdurma yaradanlar oldu. Nəticədə, 200 azarkeş həbs edildi. 

Azarkeşlər məğlubiyyətin səbəbini Teymuryanın qırmızı vərəqə almasında görürdülər. Haqlı idilər də. Onun meydanda qovulması ilə təbrizlilər üstünlüyü əldə verdi. Amma fanatlar iddia edirdi ki, erməni futbolçu bilərəkdən qırmızı vərəqə alaraq Cənubi Azərbaycan klubunun çempionluğunu istəməyib. Lakin bir qol vurub, bir qol ötürməsi edən futbolçu necə bilərəkdən qırmızı vərəqə ala bilərdi? Özü də Teymuryanın vurduğu qola diqqətlə baxsaq, 4 rəqib futbolçu arasından mükəmməl şəkildə sıyrılaraq gözəl qola imza atıb. Hesabda irəli çıxmaq sevincini də məhz o, azarkeşlərə yaşatdı. Bütün bunlara diqqət etsək, erməni olsa belə, bu futbolçunu söyməyə ittiham etməyə dəyərmi?