“Hər oyuna son matç kimi çıxacağıq” - Rahid Əmirquliyev

her-oyuna-son-matc-kimi-cixacagiq
Oxunma sayı: 908

“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin “Qafqazinfo”ya müsahibəsi

- Təlim-məşq toplanışı istədiyiniz kimi keçir?

- 12 gündür ki, burdayıq. Hər şey öz qaydasındadır. Ciddi şəkildə Çempionlar Liqasına hazırlaşırıq. Bizim üçün burda hər cür şərait yaradılıb.

- Dünən Rusiyanın ən güclü komandalarından olan “Zenit”lə yoxlama görüşü keçirdiniz. Qarşılaşmadan qalib ayrıldınız...

- Çox güclü rəqibə qarşı oynadıq. Qalib gəldiyimiz üçün sevinirik. Amma yoldaşlıq görüşü olduğu üçün nəticənin də əhəmiyyəti yox idi. Buna baxmayaraq belə güclü komandalara qalib gəlmək xoş təsir bağışlayır.

- Bundan əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, tam formada deyiləm. Dünən isə güclü rəqiblə oyunda qol vurdunuz. İndi oynamağa tam hazırsız?

- Qol vurmağın o qədər də əhəmiyyəti yox idi. Kim vursa, komandaya xeyir verir.Mən də 6 ay idi ki, futbol oynamırdım. İndi isə özümü çox yaxşı hiss edirəm. İtirilən oyun təcrübəmi burda bərpa etmişəm.

- Çempionlar Liqasında Lüksemburqun “Düdelanj” klubuna rəqib olmusuz. Rəqib haqqında nə bilirsiz? Bu günə qədər nəyi öyrənmisiz?

- Son çempion və ölkə kubokunun qalibidirlər. Başqa ətraflı heç nə bilmirik. Qarşıdakı günlərdə analiz edəcəyik. Bundan sonra onlar haqqında çox şey danışmaq olar.

- “Qarabağ”ı açıq-aşkar favorit hesab edirlər...

- Düzdür, hamı belə düşünür. Amma həmişə avrokuboklarda ilk oyun çox çətin olur. Ona görə biz fərqli yanaşırıq.

- “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün nə lazımdır?

- Bizim üçün bu il Çempionlar Liqasının qrup mərhələsinə düşmək yaxşı nəticə sayılar. Əlimizdə imkan var. Fikrimcə, hər matça final oyunu kimi çıxsaq, qrupda oynaya bilərik. Bütün mərhələlərdə qarşılaşmalara son matç kimi baxacağıq.

Elsevər