“Heç bir futbolçu azarkeşi vura bilməz” - “Neftçi”nin icraçı-direktoru

hec-bir-futbolcu-azarkesi-vura-bilmez
Oxunma sayı: 1374

"Neftçi"yə icraçı direktor təyin olunan Orxan Hüseynzadə müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir.

- Klubdakı son yerdəyişmə çoxlarını maraqlandırır. Siz icraçı direktor vəzifəsinə təyin olundunuz, Elnur Eyvazov isə müavininiz oldu. Bunun səbəbi nədir?

- Bu dəyişiklər klubdakı iş fəaliyyətinin səmərəliliyini artırmağa hesablanıb. Mənimlə maliyyə məsələləri üzrə müavin Elnur Eyvazov arasında vəzifə borcumuz dəqiq müəyyənləşdirilib. O, bizim maliyyə məsələlərini qaydasına salır, marketinqin işinə, təchizat şöbəsinə cavabdehlik daşıyır, təhlükəsizlik xidmətinə nəzarət edir. İdmanın – əsas və əvəzedici komandaların, akademiyanın, seleksiya xidmətinin, beynəlxalq departamentin "yük”ü isə mənim üzərimə düşür.

- Vacib suallardan biri də baş məşqçi ilə bağlıdır. Qış fasiləsinin yekun nəticəsinə görə Elxan Abdullayev komandada qalacaq

- Əvvəla bildirim ki, klub hazırda Elxan Abdullayevin, eyni zamanda həm "Neftçi”nin baş məşqçisi, həm də milli komandanın məşqçisi vəzifəsini yerinə yetirməsinə etiraz etmir. Sevindiricidir ki, millinin son uğurlarında baş məşqçimizin böyük rolu var və ümid edirik, o, yığma komandada olan müsbət abu-havanı "Neftçi”yə də daşıya biləcək. Biz onu seçim qarşısında qoymuruq. Bundan əlavə, "Neftçi”nin klub komandalarının baş inzibatçısı milli komandada da həmin vəzifəni yerinə yetirən İslam Abbasovdur.

- Katalin Tiranın iştirak etdiyi son hadisə ilə bağlı nə deyə bilərsiniz?

- Klub artıq Tira ilə bağlı qərar verib. O, əvvəlcə komandanın məşqlərindən kənarlaşdırılıb. Yekun qərar isə yaxın günlərdə qəbul ediləcək, çünki bu proses vaxt tələb edir.

- Azarkeşlər Tiranın hərəkətlərinə etirazlarını bildirirlər.

- Mən onları gözəl anlayıram. Heç bir futbolçunun azarkeşi vurmağa haqqı yoxdur. Eyni zamanda, azarkeşlərə müraciət etmək istəyirəm. Burada olduğum qısa müddət ərzində onların "Neftçi”ni necə çox sevdiyini, klubun onlar üçün necə əziz olduğunu anladım. Azarkeşlər bu barədə bizimlə çox danışıblar. Amma indi komanda çətin günlərini yaşayır, nəticələr də bundan xəbər verir. Bununla belə, biz xüsusilə son oyunlarda futbolçuları istək və cəhd çatışmazlığına görə qınaya bilmərik. Əgər azarkeş komandanın göstərdiyi nəticədən narazıdırsa, o, 70-ci dəqiqədən başlayaraq hamını istefaya səsləmək əvəzinə, etirazını oyundan sonra da bildirə bilər. Bu, futbolçuların oyuna köklənməsinə pis təsir edir. Azarkeşlərimizdən səbrli olmağı və komandanın böhrandan çıxmasına kömək etməyi xahiş edirəm.

- Bu mövsüm əsas komandanın qarşısına hansısa məqsəd qoyulub?

- Hər şeyə real baxmaq lazımdır. İndi hansısa yüksək məqsədlərdən danışmaq çətindir. Belə deyək: bizə qış fasiləsinədək mümkün qədər çox xal toplamaq, ilk "dördlük”də qərarlaşmış komanlarla xal fərqini azaltmaq, Azərbaycan Kubokunda iki mərhələ adlamaq, bundan sonra tam halda təlim-məşq toplanışı keçmək və mümkün qədər güclənmək lazımdır.

- Eyni zamanda, əvəzedici və yeniyetmələrdən ibarət komandalar nəticələri ilə sevindirir.

- Bəli, yeniyetmə komandalarımızın çoxu öz liqalarında liderdir. Akademiyanın işindən çox razıyam. U-19 komandamıza böyük ümidlər bəsləyirik, Çempionlar Liqasının analoqu olan UEFA Gənclər Liqasına vəsiqə qazanmağı arzulayırıq. Bu bizim gələk uğurlarımızın zamini və bünövrəsidir.