“Hamının qarşısında diz çöküb, bir üzük çıxardı” - Fotolar

haminin-qarsisinda-diz-cokub-bir-uzuk-cixardi
Oxunma sayı: 3379

Dünyanın ən məhşur voleybolçularından olan Taisa Menezes “Hüriyyət”ə müsahibə verib.

Qafqazinfo” xəbər verir ki, qardaş ölkənin “Eczacıbaşı” klubuna transfer olunan ulduz oyunçu İstanbuldakı yaşayışından danışıb:

- Niyə Türkiyəni seçdiniz?

- Braziliyadakı komanda yoldaşlarım və menecerimlə söhbət etdim. İstanbul haqqında əla fikirlər söylədilər. Buradakı həyatı və insanları təriflədilər. Hazırkı komandamın da böyük klub olduğunu dedilər. Ona görə bura gəldim.

- Həyat yoldaşınız necə reaksiya verdi?

- O dedi ki, bu, sənin üçün əla fürsətdir, mütləq getməlisən. Mən də səninlə gəlməyə çalışacam. Sonra da İstanbula köçmək üçün çox əziyyət çəkdi. Həyat yoldaşım radioda proqram aparıcısıdır. Uzaqdan aparıcılıq etmək üçün bir cihaz aldı. Proqramları burada hazırlayır və Braziliyada yayımlayır.

- Həyat yoldaşınızla necə tanış oldunuz?

- O, idman verilişləri hazırlayırdı. Bir gün mənə mesaj gəldi. Mesajda məni verilişinə dəvət etmişdi. Həmin verilişdən sonra “bir axşam birlikdə yemək yeyək” dedi. Ona “subayam, niyə də olmasın?” cavabını verdim. İlk görüşdüyümüz gün aramızda qığılcım oldu.

- Evləndiniz?

- 5 ay sevgili olduq. Bizim çox önəmli oyunumuzdan sonra bütün azarkeşlərin qarşısında diz çökdü və cibindən bir üzük çıxartdı. “Mənimlə evlənərsən?” dedi. Çaşıb qalmışdım. Həm də çox utandım. Möhtəşəm an idi. Romantika yüksək həddə idi. May ayının 3-də evliliyimizin 1 ili olacaq.

- İstanbul necə şəhərdir?

- Türk insanlarını çox sevirəm. Braziliyalılara bənzəyirlər. Bu günə qədər gördüyüm ən yardımsevər millət türklərdir. İngiliscə bilməyənlər belə məni anlamaq üçün çox çalışırlar. İnanılmaz ola bilər, amma özümü Türkiyədə Braziliyadakından daha rahat hiss edirəm. Küçədə gəzərkən, marketə gedərkən də hər şey qaydasında olur. Rio-de-Janeyroda və ya Sao Paoloda əlinizdə mobil telefonunuz rahat gəzə bilməzsiniz. Maşınınız gülləkeçirməz olmalıdır. Düzdür, İstanbulda terror olur, amma Braziliyada ölüm hər zaman, hər yerdədir. Rioda velosiped üçün belə adam öldürürlər.

- Ailəniz üçün darıxırsınız?

- İlk dəfə ölkəmdən uzaqda yaşayıram. Əlbəttə ki, darıxıram. Xüsusilə, anamı və atamı, bir də qardaşımın oğlunu çox görmək istəyirəm. Onun 2 yaşı var. Amma bura gələndə onunla danışmağa özümü çox hazırlamışdım.

- Uşaqlarınızın olmasını istəyirsinizmi?

- Əlbəttə. Bir gün mütləq istəyərəm.

- Meydanda gözəl qadın olmaq necə hissdir?

- Məncə, meydandakı qadınların hamısı gözəldir. Amma bəziləri bəzənib-düzənməyi sevmir. Mən isə fərqliyəm. Makiyaj edirəm, manikürlü olmalıyam və gözəl geyinməyi sevirəm. Saçımın mükəmməl olmasını istəyirəm. Manikürsüz oyuna çıxmaram. Çünki özümü elə daha yaxşı hiss edirəm. İdmançı olmaq qadınlıqdan uzaq olmaq anlamına gəlməməlidir. Oyun zamanı tərləyirik, saçımız pozulur, qışqırarkən üzümüzdə çirkin ifadə olur. Kişi kimi olmaq istəmirəm. Öz qadın tərəfimi sevirəm.

- Ən çox sevdiyiniz yemək hansıdır?

- Kabab üçün ölə bilərəm. Yeni bura gələndə yoqurtla əti birlikdə yeməyiniz məni təəcübləndirdi. Bizim süfrələrdə yoqurt şəkərli bir şeydir. Amma çox sevdim. Türkiyə yeməkləri möhtəşəmdir.

- Yeməklərimizdən sonra çəkiniz artıb?

- Türkiyəyə yeni gələndə birinci ay çəkim artdı. Sonra diqqət etməyə başladım.

- Livan mənşəlisiz. Bəlkə Türkiyə mətbəxini ona görə sevirsiniz?

- Ola bilər. Anamın atası Livanda doğulub. Amma anam Rioda dünyaya göz açıb. Bəlkə də əslimiz oradan olduğu üçün bu torpaqlar mənə doğmadır.

Elsevər