"Hakimlərə demişəm ki, çaşan olsa, "aşırın"" - PFL prezidenti

hakimlere-demisem-ki-casan-olsa-asirin
Oxunma sayı: 1642

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun püşkattma mərasimi keçirilir.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə giriş sözü ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edib.  O, deyib ki, finala yüksələn komandalarımız doğrudan da layiqli yer tutdular: “Hər bir komanda nəyə layiq olduğunu nümayiş etdirdi. Bizim tərəfimizdən klublara heç vaxt problem yaradılmayıb. Komandalar arasında fərq qoymuruq. Rəqiblər arasında mehribanlıq olmalıdı. Hakimlər tərəfindən kiməsə qarşı qərəz ola bilməz.

Oyunları izləyirik. Hamınız "Fiorentina" - "Qarabağ" matçını izləmisiniz. Elvin Yunuszadənin qırmızı vərəqə alıb çıxması bizi məyus etdi. O qırmızı vərəqə Azərbaycan çempionatda olsaydı, bizi biabır etmişdilər. Səhvlər hər zaman olur. Əsas odur ki, qərəz olmasın. Qərəzli hakim bizim yanımızda ola bilməz" deyə, Musayev açıqlamasında bildirib.

Ramin Musayev daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistin "Yəqin ki, "Bakılı" - "Zaqatala" matçında baş verənlərlə bağlı məlumatınız var. Misir Əbilovun oğlu baş hakimi söydü, o da cavab qaytardı. Bununla bağlı hansı ciddi tədbirlər görüləcək?" sualına PFL prezidenti belə cavab verib: "Dünənki oyunla bağlı məlumatım var. İşə gələn kimi, həmin videoyazılara baxmışam. "Bakılı" komandasının vurduğu ilk qol azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb. Ancaq baş hakim və yan xətt hakimin düzgün qərar verib. Azarkeşə fikir verməyin. Görünür ki, "futbol xəstəsi"di. Sözsüz ki, hakim cəzalanacaq. Hakimlərə tapşırılıb ki, kənardan deyilənlərə fikir verməsinlər. Paşayev həmin an doğru etməyib. Oyundan sonra nəsə dava olsa, həmin adamı döyə bilər. Arxasında da mən dayanmışam".

""Kəpəz"in arenasında normal şərait yoxdur. Sonuncu dəfə Gəncədə nə vaxt olmusunuz?" sualını cavablandıran Musayev bildirib ki, "Kəpəz"in rəhbərliyinin kim olduğunu bilmir: "Axırıncı dəfə Gəncədə nə vaxt olduğum yadımdan çıxıb. Heç orada olmaq da fikrim yoxdur".

Musayev “hakimlər son vaxtlar onlara söz atan azarkeşlərə, klub rəsmilərinə cavab verir. Bu yaxınlarda elə bir hadisə AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun başına gəlmişdi. Bu sizi narahat etmir ki” sualına belə cavab verib: “Mən bilirəm ki, elə şey olmayıb. Onu dəqiqləşdirmişəm. Bizim hakimlər içərisində ürəkli 3-4 nəfər ancaq olar. Hakim da insandır. Televizorda anası-bacısı oyuna baxır. Düz də olsa, söyürlər, səhv də. Olmaz belə. Mən demişəm ki, hakimlərə 90 dəqiqə meydanda kar olun. Bəli, mən demişəm ki, 90 dəqiqədən sonra sizə qarşı çaşan adamı vurun, aşırın, mən sizin yanınızda duracam. Cavan hakimlərimizə şans verməliyik. Onlar Azərbaycandan kənarda nə qədər irəli getsələr, ölkəmizi təmsil edirlər”.

Elsevər Məmmədov