Hakimdən narazı qalıb komandasını meydandan çıxardı

hakimden-narazi-qalib-komandasini-meydandan-cixardi
Oxunma sayı: 1222

Türkiyə PTT 1-ci Liqasının 8-ci turu çərçivəsində keçirilən "Göztəpə" - "Əskişəhərspor" matçı yarımçıq qalıb. “Qafqazinfo” xəbər verir ki, buna qonaqların baş məşqçisi Alpay Özalanın komandasını meydandan çıxarması səbəb olub.

Belə ki, 1:1 hesabı ilə davam edən qarşılaşmanın 90+2-ci dəqiqəsində Aksel Meye meydan sahiblərinin qapıçısı ilə üz-üzə qalıb. Ancaq cərimə meydançasının kənarında rəqib futbolçunun arxadan gəlib qaydanı pozması və buna görə qırmızı vərəqə almaması "Əskişəhərspor"un baş məşqçisini özündən çıxarıb. Hakimin fitinin susduğu epizodun davamında isə "Göztəpə" Yahoviçin qolu ilə hesabda önə keçib. Qoldan sonra futbolçularını yanına çağıran Özalan etiraz olaraq onları soyunub-geyinmə otağına göndərib. Ancaq az sonra meydana dönən futbolçular bu dəfə hakimləri gözləməli olub. 10 dəqiqə keçməsinə baxmayaraq, Sərkan Tokatın başçılıq etdiyi hakimlər briqadası meydana çıxmamağa qərar verib.

Qeyd edək ki, bu intizamsızlığa görə "Əskişəhərspor"a texniki məğlubiyyət veriləcəyi gözlənilir.