“Futbolçularımız balacaboydur” - “Qarabağ”ın kapitanı

futbolcularimiz-balacaboydur
Oxunma sayı: 1174

Dünən Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” evdə İngiltərənin "Tottenhem" klubuna 0:1 hesabı ilə uduzub.

Tofiq Bəhramov adına Respublika stadionudakı matçdan sonra açıqlama verən Ağdam klubunun kapitanı Rəşad Sadıqov bu sözləri deyib: “Qarşılaşma bizim üçün çox ağır keçdi. Çoxdandı öz meydanımızda belə çətin oyun olmamışdı. Rəqibin ustalığı göz qabağındadır. Biz əlimizdən gələn qədər mübarizə apardıq. Elə oldu ki, oyunun sonlarında standart vəziyyətdən qol buraxdıq və məğlub olduq. Avropa miqyaslı oyunlarda bu tip komandalara qarşı standart vəziyyətlərdə mübarizə aparmaq çox çətindir. Biz daha çox texnikalı futbola üstünlük veririk, əksər futbolçularımız da balacaboydur. Digər komandalarda isə 15-20 milyonluq oyunçular var”.

Təcrübəli müdafiəçi zədə səbəbindən bu oyunu buraxmalı olan komandanın əsas "qol silahı" Reynaldonun yoxluğunun da oyunlarına mənfi təsir etdiyini bildirib: “Reynaldo kimi bir futbolçunun yoxluğu həmişə hiss olunur. Çalışdıq ki, bunu hiss etdirməyək, ancaq əks hücumlar zamanı xüsusilə yeri görünürdü. Çox az şansımız qalıb. Səfərdə “Anderlext”i 1:0 hesabı ilə məğlub etsək belə, sərf etməyəcək. Çətindi, ağırdı, ancaq sona qədər mübarizə aparacağıq”.