“Deyirlər ki, Kamran terrorçudur...”

deyirler-ki-kamran-terrorcudur
Oxunma sayı: 3280

Millimizin qapıçısı, Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Kamran Ağayev dünən “Qafqazinfo”ya verdiyi müsahibədən sonra tənqid hədəfinə çevrilib. Sosial şəbəkələrdə Ağayevin ünvanına sərt şərhlər bildirilib.

Təcrübəli əlcək sahibi bu fikirlərdən narahat olduğunu dilə gətirib. “Qafqazinfo”ya danışan qapıçı hətta gizli nömrələrdən ona zəng gəldiyini və təhqir edildiyini deyib. Çərçivə qoruyucusu əvvəlcə “Neftçi”yə keçəcəyi haqqında gəzən söz-söhbətlərə münasibət bildirib: “Birincisi, “Neftçi”yə keçmirəm. Hələ ki, burdayam. İkincisi də, belə bir şey olsa, öncə bizi sevən “Xəzər Lənkəran” azarkeşlərindən halallıq alacam, sonra o formanı geyinəcəm. Çünki vaxtında demişəm ki, “mən “Neftçi”də oynamaram”. Halallıq almasam da, oynaya bilərəm. Amma söz demişəm deyə halallıq alacam. “Neftçi”də də oynayaram, başqa komanda da. Digər tərəfdən fikirlərimə təhqir dolu şərh yazanlara deyirəm: “siz kimsiniz ki, mənim şəxsi qərarlarıma qarışırsınız?”. “Sumqayıt”a keçəndə heç kim itirib –axtarmadı. Hara baxırdım ki, yazırlar Kamranın karyerası qurtardı. Bəs, nə oldu? “Boavişta”ya gəldim, hamı üçün əziz oldu?”.

Ağayev Portuqaliya çempionatının son turunda “Benfika” ilə 3:3 bərabərliyə imza atdıqları oyundan sonra yaranan qalmaqal zamanı söyüş söyməsinə görə onu “xəstə” adandıranların, təhqir edənlərin şəxsiyyətsiz olduqlarını deyib:

“Deyirlər ki, “söyüş söyüb, xəstədir”. Heç kim bilmir axı rəqib oyunçu penaltini vurub qarşımda tüpürdü. Ona necə söyməyə bilərdim? Düzdür, peşəkar idmançı söyüş söyməz. Amma 90 dəqiqə gərgin oyunun emosiyalarını saxlamaq çətindir. Bunu şişirtmək lazımdır? Demişəm ki, Ermənistan kimi dövlətdə oynamaqdansa, özümü partladaram. Deyirlər ki, “Kamran terrorçudur”. Mən heç vaxt Azərbaycana xəyanət etmərəm. O yazanlar, danışanlar kimi xəyanət etmərəm. Azərbaycandan da çıxıb gedirsən, xeyri yoxdur. Yazırlar ki, bir az da pulu düşünmə. Sən kimsən axı mənə ağıl verirsən onu yazan? Bütün bədənim dəmirdir. Gələcək həyat mənimdir, istədiyim kimi yaşayaram. 7 il Lənkəranda pulu düşünmədən oynadım. Qədrimi bildilər? Həmin vaxt “Neftçi” mənə ikiqat artıq məbləğ təklif etmişdi. Getmədim, sonu nə oldu? Axırda “mitilimi atdılar çölə”. Transferimdən də pul qazandılar. Pulu düşünürəm, nə edirəm heç kimə dəxli yoxdur. Pul qazanmağıma da heç kim mane ola bilməz. Fikirlərimlə “mırtdaşırlar”. Tanımadığım biri nömrəmə zəng edib. Cavab verən kimi başladı ağzınagələni danışmağa. Nə olub? Ağıl öyrədir mənə. Pulu düşünmə, orda qal, nə bilim nə et. Mən öz həyatımı yaşaya bilməyəcəm? Şəxsiyyətini bilmədiyim biri. Bir kəlimə söz deyirəmsə, mövzu bitir. İkinci dəfə bunu şişirdənlər şəxsiyyətsizdirlər. Böhtan atırlar mənə. Məşqdən çıxmışam, mənə gələn zənglərə bax. Normal şərh bildirən hər kəsə hörmət edirəm. Onlar “sağ olsunlar”. Amma təhqir edənlərin mənliyi yoxdur. Söyüş söymək olmaz, təhqir olmaz”.

Kamran Azərbaycanda oynayan zaman da bəzi insanların onun haqqında belə danışdıqlarını deyib: “Hamımızın səhvi var. Amma Azərbaycanda oynayanda da üstümə düşürdülər, ağızlarına gələni danışırdılar. Xırda bir problemi dağ edirdilər. Yaxşılıqları görmürdülər. Futbolçulardan da mənim haqqımda soruşun. Görün, pis nə danışırlar? Heç kim pis deməyəcək. Mənim üçün üstümdə bomba olan şəkil düzəldiblər. Ayıbdır, belə şəxsiyyətsizlik olmaz. Haqqımda danışanlara sual vermək istəyirəm ki, vətən üçün nə ediblər? Mən bayrağımızı yüksəltmək üçün canla-başla çalışmışam, onlar nə ediblər? Məni narahat etməyin, şəxsiyyətsizlik etməyin”.

Qolkiper son oyunda baş verənlərdən sonra hələ cəza almadığını bildirib: “Hələ fərqli cəza yoxdur. Onsuz da limit doldurduğum üçün bir oyun buraxacağam”.