“Dedilər ki, klubların sayını 4-ə endirin...” - Elxan Məmmədov

dediler-ki-klublarin-sayini-4-e-endirin
Oxunma sayı: 4071

 AFFA-nın baş katibi Elxan Məmmədovun “Qafqazinfo”ya müsahibəsi

- 2016-cı ildə sevinc və təəssüf hissi keçirdiyiniz məqamlar hansılar oldu?

- Əsas sevindirici hal futzal üzrə yığma komandamızın dünya çempionatının final mərhələsinə vəsiqə qazanması oldu. Məncə, bu, bizim üçün böyük nailiyyətdi. Hər halda mundialda 5-ci yer çox yaxşı nəticədi. Çimərlik futbolu da bizi çox sevindirdi. 2008-ci ildə Çimərlik Futbol Federasiyasını yaradanda milli komandamızın B divizionundan A divizionuna vəsiqə qazanması arzusu ilə yaşayırdıq. Niyə görə gözləyirdik? İlk növbədə nəticəyə görə. Digər tərəfdən orda bir şərt var idi ki, komanda B divizionunda oynayanda onun xərclərini federasiya qarşılayır. A divizionunda olanda isə artıq Avropa futbol qurumu bu öhdəliyi daşıyır. Bu da bizim üçün ikitərəfli xeyirli oldu. 8 illik yatırımın, əziyyətin bəhrəsini gördük, komanda uğurlu nəticələr qazandı. Artıq növbəti ildə maliyyəyə də qənaət edəcəyik. Çünki A divizionunda iştiraka görə xərclər azalacaq.

Digər sevindirici məqam futbol üzrə yığma komandamızın dünya çempionatının seçmə mərhələsində 4 turda 7 xal toplaması oldu. Son matçda uğursuz çıxışa baxmayaraq, 7 xalı hələlik yaxşı nəticə saymaq olar. Bu amil növbəti il üçün böyük ümid verir və cari seçmə mərhələyə optimist baxmağa zəmin yaradır. Arzulayıram ki, "Niyə də yox" şüarı seçmə mərhələnin son oyununa qədər qüvvədə olsun.

2016-cı ildə 17 yaşadək futbolçulardan ibarət yığma komandaların Avropa çempionatının Bakıda keçirilməsi də sevindirici hal oldu. Bu, bizim üçün böyük təcrübə idi. Bakı Olimpiya Stadionu bu yarışa cəlb olundu, ilk böyük futbol turnirini qəbul etdi. Tədbirlərin stabil cədvəli bununla davam etdirildi. 2012-ci ildə qadınlar arasında dünya çempionatını, bu il U-17-lər arasında Avropa çempionatını qəbul etdik. 4 ildən sonra isə AÇ-2020-nin matçlarına ev sahibliyi edəcəyik.

- Təəssüfləndiyiniz məqamlardan danışmadınız...

- Şimali İrlandiya ilə seçmə mərhələ oyunu. Gözləntilər çox idi. Deyirdik ki, eyforiyaya qapılmayaq. Amma AFFA-nın yarısı artıq eyforiyanın içində idi. Təəssüf ki, nəticə bizi məyus etdi. Bundan başqa, U-17 yığmamızın qitə birinciliyindəki ilk görüşünü qeyd etməliyəm. Portuqaliya ilə matç yəqin ki, təzyiq altında baş tutdu. Çünki komanda növbəti iki oyunda 4 xal topladı. Portuqaliya ilə görüşdə görünürdü ki, komanda özünü tam itirib. Əslində, təqvim tərsinə olsaydı, yəni Portuqaliya ilə görüş qrupun son turunda oynanılsaydı, bəlkə də, başqa cür alınardı. Amma gördünüz ki, elə həmin komanda ölkəmizdə Avropa çempionu oldu. Səbəb axtarmırıq. İlk qarşılaşmada komandamız inamlı çıxış edib 1 xal qazansaydı, pley-offa vəsiqə əldə edərdi.Bundan başqa, Azərbaycan Premyer Liqası bu il çətin qərarla üzləşdi. Həmin çətin qərar komandaların sayını 10-dan 8-ə endirmək oldu. Düşünürəm ki, mənfi haldı. Lakin bu, olmalı idi. Çünki süni şəkildə say artımı, I divizionda çıxış edənləri gətirib hər turda böyükhesablı məğlubiyyətlər görməyimiz maraqsız çempionata səbəb olardı. Bundansa, minimuma gəlməli idik ki, yenidən futbolumuzu qaldıra, klubların sayını 8-dən 10-12-yə artıra bilək. Başa düşürdük ki, çempionat 10 və 12 komanda ilə maraqlı keçirdi. Klubların beynəlxalq arenadakı ən uğurlu nəticələri də həmin vaxtlara təsadüf edir. 2012-ci ildə "Neftçi" Avropa Liqasının qrup mərhələsinə adladı, daha sonra isə ardıcıl 3 il "Qarabağ" və 2 il "Qəbələ" bunu təkrarladı. 12 və 10 komandalı çempionatın bunda müsbət təsiri oldu. 8 komandalı sistemin hansı effekti verəcəyini isə hələlik bilmirik. Bunu növbəti mövsümdə görəcəyik. AFFA İcraiyyə Komitəsinin üzvləri də anlayır ki, 8 komanda minimum saydı və mənfi haldı. Amma yenidən qalxmaq üçün bura düşməli idik.

- Çempionatdan söz düşmüşkən, razısınız ki, "Xəzər Lənkəran" və "Bakı"nın yoxluğu xüsusi olaraq hiss olunur?

- Təbii ki. Çünki "Xəzər Lənkəran" və "Bakı" Azərbaycan futbol bazarında vacib yerlər tutmuşdular. Hər iki klub Avroliqanın qrupunda olmasa da, seçmə mərhələsində oynamışdı. "Bakı"nın bir dəfə bəxti gətirməmişdi. Cəzalı futbolçu məsələsi yəqin ki, yadınızdadı. O olmasaydı, komanda, bəlkə də, qrupa qədər irəliləyəcəkdi. Hər ikisi böyük klub idi. Əsas odu ki, bazaları, infrastrukturları var idi. Yəni bir kluba lazım olan bütün şaraitə malik idilər. Amma onlar özəl təşkilatlardı. Özəl təşkilatların uğurlu və uğursuz nəticələri olur. Yəqin çətinliklə üzləşdilər ki, futboldan bir az uzaq olmalı idilər və ya qoyulan sərmayənin sayı azalmalı idi. Bu klubların Premyer Liqanı tərk etməsi Azərbaycan futboluna böyük zərbədi.

- I divizionda danışılmış oyunlarla bağlı aparılan araşdırmalar təəssüf ki, xeyli müddətdi davam edir və ortaya konkret heç bir fakt çıxarılmadı ki, kimdi səbəbkar. Bir neçə futbolçunun adının açıqlanması qaneedici deyil. Hər halda futbolçu özbaşına bunu etməz və məşqçi səviyyəsində də olmur. Daha yuxarı instansiyalar, yəni rəhbərlik səviyyəsində araşdırma aparılmalıdı. Bununla bağlı nə kimi ölçülər götürülüb və götürüləcək? Hətta belə söz-söhbət gəzirdi ki, qışda 2 komanda çempionatdan kənarlaşdırılacaq...

- Danışılmış oyunlar məsələsi bir virusdur. Harda idman varsa, orda bu virus var. Ölkələr var ki, fəal şəkildə mübarizə aparırlar, ölkələr də var ki, buna şərait yaradırlar. Biz mübarizə aparan ölkəyik. Azərbaycan bu gün idman dövlətidi. Əhalisi idmana yaxın olmalıdı. Bu virusu aradan götürmək üçün federasiya olaraq biz də, bütün futbol ailəsi də məsuliyyət daşıyır. FİFAUEFA-dan tövsiyələr alırıq. Əsas odu ki, Premyer Liqamız tər-təmizdi, orda heç bir şübhəli oyun yoxdu. Bu, futbolumuz üçün böyük xeyirdi. Amma I divizionda belə hal var. Bunu artıq 99 faiz qəbul etməliyik. Mediada yazılan oyunların nəticələrini də araşdırırıq. Komissiyamız artıq 2 ildi ki, izləyir. Ancaq bu mövsüm şübhəli oyunların sayı artdı. Məncə, bu, AFFA-nın və ya klubların yox, ümumi idmanın problemidi. Ola bilər ki, gələcəkdə bu virus digər idman növlərinə də yayılsın. Biz də ən böyük idman növü olaraq gələcəkdə bu mübarizədə nümunə ola bilərik. İlk növbədə sual vermək lazımdı: I divizionda klublar hansı səbəbdən iştirak edirlər, qarşılarına nə məqsəd qoyurlar? Həmin məqsədi tapmaq lazımdı. Klub var ki, 1-ci yeri tutub Premyer Liqaya vəsiqə qazanmağa can atır. Klub da var ki, bölgəni təmsil edir, hansısa təşkilat sponsorluq edir və s.

- Biz də sizdən soruşaq: "Bakılı" ilə "Şərurspor"un hədəfi nədi?

- Bunu ən yaxşısı onların özündən soruşmaqdı. Çünki bu insanlar şəxsi maliyyə imkanlarından istifadə edib, sponsor olurlar. Klubun sahibidilər. Komissiya üzvləri bunu müzakirə edib, biz bu sualları özümüzdən soruşmuşuq. İlk siyahı açıqlandı, araşdırmadan sonra, demək olar ki, 50 faizlik azalma oldu. Soruşacaqsınız ki, niyə azaldı? Çünki həmin futbolçular gəlib bizimlə açıq söhbət apardılar. Biz də araşdırdıq və bu say azaldı. Ola bilər hazırkı say da azalsın və ola bilər məşqçilər cəlb olunsun. Hazırda da buna doğru gedir.

- Bu məsələdə ən sərt cəza nə ola bilər?

- Fikirləşdik ki, AFFA İntizam Komitəsi qərarı qəbul etsin. Ancaq sonra düşündük ki, hər gün bu işi gördüyümüz üçün qeyri-obyektivlik ola bilər. Bu səbəbdən hesabat hazırlayırıq və onu AFFA İcraiyyə Komitəsinə təqdim edəcəyik. İcraiyyə Komitəsi də müvafiq qərar qəbul edəcək. Böyük futbol ölkələrinin də təcrübələrini nəzərə alacağıq. I diviziondan həvəskarlar liqasına göndərmək, futboldan qeyri-müəyyən müddətə və ya ömürlük uzaqlaşdırmaq cəzaları tətbiq oluna bilər.

- Danışılmış oyunlar artıq Cinayət Məcəlləsinə salınıb...

- Bəli, danışılmış oyunlar artıq cinayət məcəlləsində qeyd olunub. Səkkiz gün öncə ölkə başçısı bunu imzaladı. Bu, bizim üçün çox vacib sənət idi. Əslində, gələcəkdə futbol federasiyası bu işlə məşğul olmayacaq. Şübhəli oyun görən kimi, bununla bağlı sənədləri onlara göndərəcəyik. Araşdırma müvafiq orqanlardan gəlməlidi. Bunun polis, xüsusi bir qrup və ya hansısa təşkilat olması dövlət tərəfindən müəyyən olunacaq. Ancaq federasiya olaraq biz də sanksiya tətbiq edə bilərik. Yəni o demək deyil ki, ancaq Cinayət Məcəlləsini nəzərə alıb, siyahını göndərəcəyik ki, siz araşdırın, həmin futbolçu, məşqçi və ya sponsor da danışılmış oyunları davam etdirsinlər. Çünki bu araşdırma illərlə davam edə bilər. Biz öz sanksiyamızı tətbiq edəcəyik. İlk cəzalardan sonra futbolçular, məşqçilər və hakimlər danışmağa başladılar. Gəlib açıqlayırlar. Həmin futbolçular, məşqçilər və sponsorlar bilməlidilər ki, hələ gec deyil. Gəlib AFFA-nın xüsusi komissiyası ilə bunu müzakirə edib bizə köməklik göstərsələr, məlumatı İcraiyyə Komitəsinə verəcəyik. Bu, gələcəkdə daha da qloballaşa və ümumi idmanın probleminə çevrilə bilər. Bu gün lokaldı və bunun qarşısını alacağımıza şübhə yoxdu. Əsas odu ki, plana uyğun gedirik və mövsümün sonuna qədər bu virusun qarşısı alınacaq. Bilmirəm kimlərdi, həmin şəxslərdən xahiş edirəm ki, gəlin, bizə kömək edin, futbolumuza, idmanımıza qara ləkə yaxmayaq.

- Qeyd elədiniz ki, qanun artıq qəbul olunub və qüvvəyə minib. I diviziondakı hadisələr isə bundan əvvəl baş verib. Bu oyunlarla bağlı da kimisə cinayət məsəlləsinə cəlb etmək mümkün olmayacaq. Həmin oyunbazlar bəlkə bu amildən istifadə edib deyəcəklər ki, mən heç nə etməmişəm. Belədə hansı addımı atacaqsınz?

- Əsas odu ki, şübhə varsa, AFFA İntizam Komitəsi sanksiya tətbiq edə bilər. İndi araşdırırıq ki, bəzi oyunlardan sonra hakimlər protokolda qeyd ediblər.

- Bəs Hakimlər Komitəsi virusdan nə vaxt təmizlənəcək? Bu vəzifəyə, həqiqətən də, başqa namizəd yoxdu?

- Bu sual daha çox mənə yox, AFFA İcraiyyə Komitəsinə ünvanlanmalıdı. Çünki Hakimlər Komitəsinin sədri İcraiyyə Komitəsi tərəfindən təyin olunur. Mən bu barədə nə deyə bilərəm? Bu söhbətlər son vaxtlar çox müzakirə olundu. Premyer Liqada 8 komanda oynayır və 5-6 baş hakim var. Şəxsən mən qərəzli hakimlik görmürəm. Bəlkə kimlərsə görür, amma mən görmürəm. Bu mənim peşəkar, eyni zamanda azarkeş kimi fikrimdi. Oyunlara gedirik, bəzən "CBC Sport" vasitəsilə izləyir, təkrarlara da baxırıq. Bu məsələyə mövqeyimi dəyişsəm, onda bütün beynəlxalq futbol və hakimlik barədə fikrimi dəyişməliyəm. Çünki hər həftə Azərbaycan Premyer Liqası kimi, La Liqaya da, Bundesliqaya da, İngiltərə Premyer Liqasına da baxıram. Bu məntiqlə bütün oyunlara şübhəli yanaşa bilərik.

- Söhbət qərəzdən yox, hakimlərin yetişdirilməsindən gedir. Bir Əliyar Ağayevi əldə bayraq etməklə inkişaf olmur. Fakt budu ki, Əliyar Xaqani Məmmədovun sayəsində yetişməyib...

- Futbolda bir adamın əziyyəti sözü yoxdu. Bu məsələdə klubların da əziyyəti olub. Həmin Əliyar harda təcrübə qazanıb? Azərbaycan Premyer Liqasında. Əliyar sistemdə yetişib. Deməli, klublar, federasiya, PFL, valideyn tərəfindən nəsə düzgün iş görülüb ki, Əliyar hazırda inkişaf prosesindədi. Mən düşünmürəm ki, o, top-hakim səviyyəsinə yüksəlib. Hələlik pilləkənləri qalxa-qalxa gedir.

- Amma sistematik səhvlər həddən artıq çoxdu...

- Hakimlər harda yetişir? Uşaq futbolundan I diviziona, ordan da Premyer Liqaya yüksəlirlər. Orda da çox sayda intensiv oyunlarda iştirak edir və UEFA-ya bununla bağlı siyahı göndəririk. Onlar da baxıb izləyirlər. Klubların sayı azalıb, I divizionun oyun səviyyəsi, sürəti və meydançaları o vəziyyətdə deyil ki, orda hər il yeni hakim yetişsin. Sizinlə səmimi danışmaq istəyirəm. Çünki siz futbol ailəsinin bir üzvüsünüz və problemin nədən ibarət olduğunu bilməlisiniz. Hazırkı vəziyyətdə Əliyar Ağayevin bu səviyyəyə gəlməsi bizim üçün böyük sürprizdi. Ümid edirəm ki, ən azı bu səviyyədə qalacaq. Hakimlik peşə deyil. Amma İngiltərədə artıq peşədi, hakimlər başqa işlə məşğul olmurlar. Deyə bilərsiniz ki, ay Elxan, necə peşə olur? Axı hakim həftədə bir dəfə 90 dəqiqə meydanda olur. Amma belə deyil. Xaqani müəllimə də demişəm, PFL prezidenti Ramin Musayevlə də bu barədə söhbətimiz olub. Məsələn, Əliyar gedib uşaq liqalarına da kömək etməlidi. Şənbə və bazar günləri Premyer Liqada hakimlik edirsə, 2-3-cü günlər getsin yeniyetmələrin oyunlarına. Biz həftədə 138 oyun keçiririk. Bununla məşğul olanda artıq rahat deyə bilərik ki, bu onun peşəsidi və peşəkar hakimdi. Bu gün bizdə peşəkar hakimlərin sayı sıfırdı. Əliyar Ağayev hazırda AFFA-da işləyir. Hər gün səhər işə gəlir, axşam gedir. Amma onun peşəsi hakimlik deyil. İngiltərədə isə hakimlik artıq peşədi. Məsələn, siz məhəllədə oyun keçirirsiniz, zəng vurub hakim istəyirsiniz, o da gəlir. Bu artıq peşədi. Yox, deyirsə ki, bağışlayın, bu gün xəstəxanadayam, həkiməm, vaxtım yoxdu, deməli, həvəskar hakimdi. Bizdə də klubların sayını nəzərə alsaq, hakimlik peşə ola bilər. Premyer Liqadakı 6-7 baş hakimdən söhbət gedir. Məsələn, Ömər Paşayev də peşə kimi bu sahədə fəaliyyətini davam etdirə bilər. Uşaq liqalarına gedər, inkişaf edər. Öz üzərində işləmək lazımdı.

- Fakt odu ki, Topaz Premyer Liqasının bir turunda 4 oyuna yollanacaq hakim sayı yoxdu. Çox vaxt hansısa hakim bir turda iki oyuna təyinat alır. Hakim çatışmazlığı varsa, bunun məsuliyyətini kim daşımalıdı?

- Hakimlər Komitəsi. Bunun hesabatı aparılır. Mart ayında bu məsələyə baxılacaq, müzakirə olunacaq. Bunu açıqlaya bilmərəm, daxili sənəddi. Amma o sənəddə bu amil öz əksini tapır. Hakimlərin sayı azdı. Risk eləmək lazımdı. Eybi yoxdu, səhv eləsin. Onsuz da, səhv edirlər, fərqi nədi? La Liqada belə halı çox müşahidə edirəm. Elə vaxt olur baxıram ki, hansısa hakimi ilk dəfədi görürəm. Statistikasında görürəm ki, 1-2 oyun idarə edib, aşağı diviziondan gəlib. Yəni risk eləmək lazımdı.

- Belə çıxır ki, Xaqani Məmmədov martda istefaya göndəriləcək?

- Yox, mən belə deməmişəm. Yaxşı ki, səsi telefonun yaddaşına köçürürsünüz (gülür). Heç kim ideal deyil və hər kəsin səhvi ola bilər. Hər sahədə insan öz işinə baxmalıdı. Biz öz işimizə baxırıq. Görürük ki, 6-cı gün oyun idarə edən hakim bazar günkü matçda köməkçi olur. Bunu qeyd edirik. Yaxşı hal deyil. Axı hakim də ardıcıl iki gün təzyiq altında olur. Ehtimal var ki, baş hakim zədə ala bilər və belədə 4-cü hakim onu əvəz etməlidi. Bir hakim axı ardıcıl iki gün necə oyun idarə edə bilər? Bir daha deyirəm ki, risk eləmək lazımdı. Futbol, onsuz da, riskdən ibarətdi. Risk etməsən qol da vurmayacaqsan.Bilirsiniz, Tofiq Bəhramovun bir qərarını 1966-cı ildən bəri bütün dünya müzakirə edir. Təbii ki, biz onun doğru qərar verdiyinə şübhə etmirik. Üstündən illər keçməsinə baxmayaraq, insanlar hələ də müzakirə edirlər. Deyim ki, bizdə də hakimlik çox müzakirə edilir. Oyun qalır bir tərəfdə, hamı hakimlərdən danışır. Amma gənc nəsil, 15-16 yaşlı uşaqlar hakimliyi müzakirə etmək istəmirlər. Onları daha çox futbolçular maraqlandırır. Əvvəllər ona görə maraqlı idi ki, epizodların təkrarları düz-əməlli göstərilmirdi. İndi isə hər bir ana rahat baxmaq olur.

- Axı Xaqani Məmmədov hansısa aşkar hakim səhvindən sonra çıxıb "hakim düz qərar verib" deyir. Yəni səhvi etiraf etmək o qədər çətindi?

- Açığı, "Qarabağ" - "Qəbələ" oyunundakı penalti epizodunu iki əcnəbi hakimdən soruşdum. Təkrarı göstərib, soruşdum ki, burda penalti qərarı verilib, düz idi, yoxsa yox? Hər ikisi dedi ki, mən də o hakimin yerində olsaydım, 11 metrlik zərbə təyin edərdim. İkinci sualı da verdim ki, orda əllə oyun var? Dedilər ki, bu artıq ikinci sualdı. Bunu deyən insanlar nə Xaqani Məmmədovu, nə "Qarabağ"dakıları, nə də "Qəbələ"dəkiləri tanıyırlar. İkinci suala cavablarını çox düşündüm və sonra başa düşdüm ki, oyun zamanı ani qərar idi. Düşünürəm ki, biz Xaqani Məmmədova kommunikasiya məsələsində tam nəzarət etsəydik, o, ayrı söz deyərdi. Məncə, Xaqani müəllimin çıxıb "düz elədi" və ya "səhv elədi" deməsi düzgün deyil. Deməli idi ki, səhvdisə araşdıracağıq, düzdüsə də düzdü. Qurtardı getdi. Polemikaya girmək doğru deyildi. Bu söhbət həmin gün bağlanmalı idi. Əminliklə deyə bilərəm ki, həmin matçda sürət fantastik idi. Çempionatın ən baxımlı oyunu idi. Amma futbol qaldı kənarda, hakimin qərarı əsas müzakirə mövzusu oldu. Hətta "CBC Sport" da hakimin qərarını müzakirə edirdi. Məncə, futbol baxımından müzakirə olunası oyun idi.

- Baş hakim Rəhim Həsənov da görüşü vaxtında bitirsəydi, bu qədər söz-söhbət olmazdı...

- Bu düşüncə ilə yanaşsaq, 4 il öncə Şimali İrlandiya ilə səfər matçının ukraynalı hakimini də tənqid etməli idik. 1:0 öndə idik və hakim 6 dəqiqə əlavə etmişdi. Rəqib isə bərabərlik qolunu 90+6-dan sonra vurdu. Həmin referiyə bu günə qədər də heç nə deməmişik. Sonra araşdırdım, dedilər ki, bu, həmin hakimin son oyunu idi. Yəqin futbolla sağollaşmaq istəmirdi, ona görə uzadırdı (gülür).

- Futbolda videotəkrara baxmaq təcrübədən keçirilir. Düşünmürsünüz ki, bu, futbola marağı azalda bilər?

- Mən də bundan qorxuram. Maraqlıdı, ofsayd məsələsi necə olacaq? Bəzi idman növlərində bundan istifadə olunur. Məsələn, tennisdə də var. Amma orda 2 idmançı yarışır və tribunada bir neçə min insan olur. Futbolda 60 min insan tribunada olur, 22 futbolçu meydanda. Hamı dayanıb hakimi gözləyəcək.

- UEFA İcraiyyə Komitəsinə namizədsiniz. Sizin üzvlüyünüzün qəbulunun Azərbaycan futboluna nə kimi köməkliyi dəyə bilər?

- İlk növbədə ora seçilmək asan iş deyil. Çünki 54 ölkə səs verir və 8 yerə təxminən 14 namizəd olacaq. Onların arasında böyük futbol ölkəsinin nümayəndələri də olacaq. İngiltərə, Almaniya, İtaliya kimi ölkələr var. Biz öz işimizi görürük, federasiyaların nümayəndələri ilə görüşürük, proqramımı onlara təqdim edirəm. Bunun futbolumuza nə kimi köməkliyi dəyə bilər? Məncə, bunu seçiləndən sonra düşünmək lazımdı. Ordakı insanların son 20-30 ildə öz futbollarına hansı xeyri verdiklərini özünüz də görə bilərsiniz.

- Səmimi etiraf edə bilərsinizmi ki, millimizin sabiq baş məşqçisi Berti Foqts Azərbaycan futboluna heç nə vermədi?

- Yox. Çünki hər bir məşqçinin işlədiyi dönəmdə milliyə köməyi dəyib. Həmin dövrdə bizə yəqin ki, Foqts lazım idi. Məsələn, Yoahim Löv 2006-cı ildən Almaniya millisini çalışdırır, amma 2014-cü ildə dünya çempionu oldular. Onların məqsədi isə DÇ-2010-u qazanmaq idi. Həmin vaxt Lövü millidən uzaqlaşdırsaydılar, necə olardı? Yeri gəlmişkən, bu gün Berti Foqtsun ad günüdü, 70 yaşı tamam olur. Biz AFFA adından onu rəsmi şəkildə təbrik etmişik. Fürsətdən istifadə edib cənab Fotqsu bu münasibətlə bir daha təbrik edirik.

- Foqts hər məğlubiyyətdən sonra deyirdi ki, Azərbaycanda futbolçu yoxdu. Amma Prosineçki gələn kimi, bunun əksini sübut etdi. Bunun izahı nədi?

- İşə yanaşma. Foqtsun yanaşması və iş sistemi Prosineçkidən tam fərqlidi. Unutmayaq ki, onların yaş fərqi də var. Foqts əsasən praqmatik, konservativ və peşəkar sistem qurmuşdu. Robert Prosineçki peşəkar, riskli və romantik sistemlə işləyir. Bu da öz effektini verdi. Foqtsa "sən niyə risk etməmişdin, romantik olmamışdın" sualını vermək çətindi. Çünki onun sistemi belə idi. Bundan əlavə, Foqts burda yaşamırdı. Onun müqaviləsi nə vaxt uzadıldı? Hər seçmə mərhələdə əvvəlkindən daha çox xal toplayırdı. İcraiyyə Komitəsi də düşünürdü ki, bundan yaxşı nə edək, komanda inkişafdadı. Komanda seçmə mərhələlərdə müvafiq olaraq, 6, 9 xal qazanıbsa, bu məntiqlə növbəti tsikldə 12 xal toplaya bilərdi. 12 xal da artıq pley-offdu. Prosineçkinin əsas üstünlüklərindən biri burda yaşamasıdı.

- Nəyə görə o dövrdə sizə Foqts tipajlı məşqçi lazım idi, indi Prosineçki tipajlı məşqçi lazımdı?

- O vaxt 25 nəfərə yaxın namizəd məşqçi var idi. Məşqçi seçmək asan iş deyil. Böyük klublar, millilər də tez-tez məşqçi dəyişirlər. Etiraf etmək lazımdı ki, Foqts azərbaycanlı futbolçulara peşəkarlığı göstərdi, milli komandanın imici artdı. Ondan əvvəl futbolçular yığmaya gəlməyi belə düşünmürdülər. O vaxt AFFA-da işləməyəndə də mətbuatı izləyirdim. Yadımdadı ki, federasiya hansısa kluba həkimi göndərirdi ki, get, yoxla gör bu adam orda məşq edirmi? Çünki deyiblər ki, guya zədəli olduğu üçün yığmaya gəlmir. Foqts futbolçulara milli komandanın nə olduğunu, yanaşmasının necə olmasını öyrətdi, klubların necə hörmətlə yanaşmalı olduğunu göstərdi. Nüfuzlu adam idi. Düşünürdük ki, Azərbaycandan gedəndən sonra Foqts işləməyəcək. Amma 2 ay keçmədi ki, ABŞ millisinə məsləhətçi keçdi.

- AFFA rəhbərliyi Foqtsun dönəmində daim təzyiq altında idi. Prosineçki isə əksinə, federasiyaya reytinq qazandırır. Prosineçkiyə sual vermişdik ki, müqavilə müddətiniz bitmək üzrədi, yeni anlaşma bağlamamaqla AFFA-nın tənqid atəşinə tuş gəlməsini istəyərsinizmi? Cari seçmə mərhələnin uğurlu keçdiyini nəzərə alsaq, yaxın vaxtlarda Prosineçki ilə yeni müqavilə imzalamağı düşünmürsünüz?

- Bizim üçün əsas odu ki, "Niyə də yox" şüarı son oyuna qədər gündəmdə qalsın. 7 xal topladığımız üçün əminliklə deyə bilərik ki, minimum qarşıdakı 3 matçda da "Niyə də yox" kompaniyası davam edəcək. Amma indidən tam əmin olmayaq ki, bu, bizim üçün uğurlu seçmə mərhələdi. Özümüzə sual verək: bizi nə qane edəcək?

- San-Marinoya evdə qalib gəlmək...

- Təkcə bu? Biz bununla kifayətlənmək istəmirik. San-Marinonu məğlub edib 10 xalımızı qazanaq, Foqtsun rekordunu qıraq, vəssalam... Xeyr, artıq tamamilə başqa hədəflər qoymuşuq. Məqsədimiz qrupu minimum 3-cü pillədə başa vurmaqdı.

- Prosineçkinin adı indidən bir neçə klub və milli ilə birgə hallanır. Nəzərə alın ki, uğurlu çıxış davam etdikcə ona təkliflər gələcək. Həmin vaxt baş məşqçini saxlamaq çətin olmayacaq?

- Çətin olacaq. Amma indidən bu məsələni qaldırmaq, yeni müqavilə imzalamaq da düz deyil. Prosineçki ilə anlaşmamızın müddəti 2017-ci ilin sonuna qədərdi. Təcrübə göstərir ki, ilin sonuna 3 ay qalmış oturub danışmaq olar. Sentyabr-oktyabr aylarında da hələ 4 oyunumuz olacaq.

- 2017-ci ildə yoldaşlıq görüşü üçün hansısa böyük millini Bakıda görə biləcəyikmi?

- İslam Həmrəylik Oyunları ilə əlaqədar Azərbaycanda oyun təşkil etmək çətin məsələdi. Çünki stadionlar dolu olacaq. Şimali İrlandiya ilə matçdan əvvəl səfərdə bir yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq.

- Namizədlər varmı?

- 3-4 ölkə var. Adlarını çəkə bilmərəm, hazırda danışıqlar gedir. Onu deyə bilərəm ki, ən azı Şimali İrlandiya səviyyəsində komanda olacaq.

- İslam Həmrəylik Oyunlarında millimiz hansı heyətlə çıxış edəcək?

- Əgər əsas yığmalar gəlsə, onda təbii ki, bizim də əsas millimiz iştirak edəcək. Hazırda müzakirələr gedir ki, U-23 komandaları olsun. Belə olarsa, bizdən təcrübə qazanması üçün U-21 yarışa qatılacaq.

- Əsas yığma İslamiadada iştirak etməsə, böyük fasilə yaranacaq. Həmin vaxt təlim-məşq toplanışı ölkədaxilində olacaq, yoxsa komanda xaricə yollanacaq?

- Bu məsələni artıq Robertlə danışmışıq. Çox güman ki, toplanış iki mərhələdən ibarət olacaq. Birinci mərhələ Azərbaycanda, ikinci mərhələ xaricdə baş tutacaq, yoldaşlıq görüşü keçiriləcək. Ordan da qayıdıb Şimali İrlandiya ilə qarşılaşmaya hazırlıq işləri görüləcək.

- Bakıda stadionlar İslamiada iştirakçılarının ixtiyarında olacaq. Bəs yoldaşlıq görüşünü bölgələrimizdən birinə salmaq mümkün deyil?

- Bölgədə harda? Ancaq Qəbələdə ola bilər. Amma orda da azarkeşlərin sayı azdı. Biz də düşündük ki, bəlkə mayın sonunda orda oyun keçirək. Bu, variant kimi hələ də qalır.

- Son olaraq 2017-ci il üçün Şaxta babadan nə arzulayacaqsınız?

- (Gülür). Təəssüf ki, azı 32 ildi Şaxta babaya inanmıram. Axırıncı dəfə 6 yaşımda ona inanmışam. Arzulayıram ki, yeni ildə də həmrəy olaq. Bununla bağlı 3-4 gün əvvəl "Həmrəy olaq" kompaniyası çərçivəsində klublarla yoldaşlıq görüşü təşkil etdik. Düşünürəm ki, hər rübdə belə oyun keçirmək lazımdı. Hər kəsə can sağlığı və Azərbaycan millisi ilə klublarına beynəlxalq arenadakı hər matçda 3 xal qazanmağı arzulayıram. Azarkeşlərimizdən xahiş edirik ki, komandalarımızı dəstəkləsinlər. 2016-cı il futbolla zəngin keçdi. "Qarabağ" və "Qəbələ" futbol bayramını dekabrın ortalarına qədər davam etdirdilər. O gün zarafatla dedilər ki, klubların sayını 4-ə endirin, hamısı Avropada oynasın, 100 faizlik nəticə göstərmiş olarsınız. "Qarabağ" və "Qəbələ"nin səviyyəsi digərlərindən üstündü. İnanıram ki, onlar yenə bizi sevindirəcəklər. Bu, iqtisadi baxımdan da ölkəyə gəlir gətirir. Azarkeşlər xarici ölkələrdən gəlirlər, 2-3 gün burda qalırlar və s. Və artıq "Qarabağ"ı da Çempionlar Liqasının qrup mərhələsində görmək istəyirəm. Təbii ki, çempion olarsa. İki ildi son anda bəxtləri gətirmir, ya nəsə çatmır. Məlum məsələdi ki, çempionluq yarışı "Qarabağ"la "Qəbələ" arasında gedəcək.

Elsevər

Fotolar: Nuran