“Daçiya”nın prezidenti təxribata görə üzr istədi

daciyanin-prezidenti-texribata-gore-uzr-istedi
Oxunma sayı: 1325

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək "Kəpəz" - "Daçiya" oyunu ərəfəsində Moldova klubunun rəsmi saytında oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkanın adının erməni adına bənzədilməsi böyük səs-küyə səbəb olub.

Bununla bağlı, Gəncə klubu "Daçiya"ya rəsmi etiraz məktubu ünvanlayıb. Oyunun başlamasına 4 saat qalmış moldovalılar məktuba cavab verib. Klub rəhbərliyi yaziyla bağlı "Kəpəz" klubundan və bütün Azərbaycan xalqından üzr istəyib.

Qafqazinfo” xəbər verir ki, üzrxahlıq mətni şəxsən klub prezidenti Adlan Şişxanov adından da yayılıb.

Şişxanov "Daçiya"nın mətbuat xidməti tərəfindən buraxılmış səhvlə əlaqədar səmimi üzrxahlıq edib: "Etiraf edirik ki, bizə yanlış informasiya verilib. Şübhəsiz, rəqibimizə və bütün Azərbaycan xalqına hörmət edirik. Odur ki, yaranan anlaşılmazlığa görə təəssüflənir və həm klubdan, həm də Azərbaycan xalqından üzr istəyirik. Ümid edirik ki, bu səhv iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinə xələl gətirməyəcək".

Klub və rəhbərlik bildirir ki, belə yanlış məlumat verməklə heç bir sətiraltı və gizlin təxribat niyyəti güdməyiblər: "Biz Bakıya bunun üçün gəlməmişik. Bununla yanaşı, istisna etmirik ki, bizə düzgün informasiya verilməyib. Sözsüz ki, biz rəqibimizə və bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ona görə də xoşagəlməz insidentlə əlaqədar üzrxahlığı vacib sayır və ümid edirik ki, bu, ənənəvi dostluq münasibətlərimizə təsir etməyəcək".

Üzrxahlıq mətni ilə yanaşı, klubun saytı Mərdəkan barədə yanlış mətnə də düzəliş edib.

Qeyd edək ki, "Kəpəz"lə oyun öncəsi "Daçiya"nın rəsmi saytında "Dalğa Arena"nın Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsi"ndə yerləşdiyi bildirilib. Yazıda bildirilib ki, Mərdəkanda ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir. Bundan başqa, baş məşqçi Oleq Bejenar oyunöncəsi mətbuat konfransında səhvən Azərbaycanı Özbəkistan kimi tələffüs edib və dərhal səhvini düzəldib. Gəncə təmsilçisi məsələ ilə bağlı narazılığını ifadə edib və qarşı tərəfə məktub göndərib.