“Bütün qəlbimi “Qəbələ” yolunda qoyaram...”

butun-qelbimi-qebele-yolunda-qoyaram
Oxunma sayı: 931

Bu gün Topaz Premyer Liqasında 12-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, "Qəbələ" doğma meydanda "İnter"lə 1:1 bərabərə qalıb.

Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:

- Artıq xeyli müddətdi "Qəbələ" qələbə üzünə həsrətdi. Bunun səbəbləri araşdırılıbmı?

- Bütün oyunlara eyni gözlə baxmaq düzgün deyil. Avropa Liqasında "Borussiya"ya qarşı keçirdiyimiz oyunla çempionat qarşılaşmalarını bir sıraya qoymaq olmaz. Bu gün deyə bilmərəm ki, qələbəyə layiq idik. Müəyyən ruh yüksəkliyi, aqressivlik, nəfəs çatışmırdı. Buna baxmayaraq, qol epizodlarımız oldu. Deyə bilmərəm ki, 2-ci qolu vursaydıq, mütləq qalib gələcəkdik. Rəqib yaxşı müdafiə olundu, yaxşı komplektləşiblər, keyfiyyətli baş məşqçiyə sahibdi. Ötən çempionat qarşılaşmalarında qələbəyə layiq idik. Yəni, hər bir oyunu ayrı-ayrılıqda təhlil etməliyik.

- Həmkarlarımızdan biri məqaləsində yazmışdı ki, Ukrayna yığmasına keçidiniz barədə şayiələr yarandıqdan sonra komandanız qələbə qazana bilmir. Bu, "çemodan əhval-ruhiyyəniz"dən irəli gəlmir?

- Belə bir şey ola bilməz. Bu gün "Qəbələ"dəyəm və yığmadan söhbətlər şayiədən başqa bir şey deyil. Hətta belə bir şey olsa, burda çalışdığım hər gündə bütün qəlbimi "Qəbələ" yolunda qoyaram.

- "Zirə", AZAL və "Kəpəz"lə oyunlardan sonra bildirmişdiniz ki, hücumda son nöqtəni qoya bilmirsiniz. Bu dəfə heç hücumda da ortaya heç nə qoymadınız. Bu cür təcrübəli futbolçuları olan komandada nə baş verdi ki, bu cür uğursuz seriyaya düçar oldunuz? Həm də belə çıxır ki, həmin 3 görüşdən sonra porblemləri aradan qaldıracağınız barədə verdiyiniz vədi yerinə yetirə bilməməyinizi nə ilə izah edərdiniz?

- Axı, cəmi 1 həftə keçib. Problemləri aradan qaldırmaq üzərində işlər gedir. Bu gün isə fərqli çatışmazlıqları gördüm.

- Lider "Qarabağ"dan 7 xal geri qalırsınız. "Fora" çox böyük deyil?

- Əlbəttə, böyük "qandikap"dı. Ancaq bunu faciəyə çevirmək lazım deyil. Bu cür düşüş uzun sürməz. Üstəlik, "Qarabağ"a uğurlar arzulamaq şərti ilə qeyd etməliyəm ki, bu cür düşüş onları da gözləyə bilər. Eyni zamanda onu da bildirim ki, Ağdam təmsilçisi ilə mübarizəmizi davam etdiririk və bu yolda rəqiblərimiz tək hazırki çempion deyil. Azərbaycan çempionatında bir neçə komanda istənilən rəqiblə, o cümlədən "Qəbələ" ilə başabaş mübarizə aparmaq iqtidarındadı.