“Burada evimiz, maşınımız var, özümü bakılı sayıram” - Fotolar

burada-evimiz-masinimiz-var-ozumu-bakili-sayiram-
Oxunma sayı: 9429

“İnter”in müdafiəçisi Adrian Manuel Skarlatake və xanımı Beatrisa Skarlatakenin “Qafqazinfo”ya müsahibəsi:

- Artıq 5 ildir ki, Azərbaycandasınız. Bu illərdə nələr dəyişib?

- Adrian: Mənim üçün hər şey futbol tərəfdən ölçülür. 5 il bundan öncə Azərbaycana gələrkən hər şey tamam fərqli idi. Çempionatda çox güclü komandalar var idi və sayları çox idi. “Xəzər Lənkəran”, “Bakı” və “Simurq” kimi komandalar.... İndi vəziyyət yaxşı deyil. Bir çox komandalar çempionatı tərk edib, digərləri zəifləyib. Bəziləri birinci divizyonda, bəziləri isə heç yoxdur. Mən gəldiyim 2011-2012-ci illər mövsümündə stadionlarda azarkeşlər var idi. Əsas məsələ futbolda pul çox idi. İnsanlar futbolu sevirdi. İndi kim gəlir? Bilirsiniz, pul varsa, güclü komanda da var. Pul yoxdursa, heç nə də olmayacaq. Yaxşı legionerlər də maddiyyata baxıb gəlir. Pul verməsəniz, heç bir güclü əcnəbi futbolçu gəlib burada oynamaz. Əvvəllər klublar çox pul verirdilər. Düzdür, hazırda bütün dünyada bu çətinlik yaşanır. Eynilə Rumıniyada da vəziyyət belədir.

- Beatrisa: Azərbaycan mənim ikinci vətənimdir. Bura çox öyrəşmişəm. Çox şey dəyişsə də, özümü Bakıda çox rahat hiss edirəm.

- Deyəsən, “Xəzər Lənkəran” üçün çox darıxmısınız...

- A. Əlbəttə. O komanda üçün darıxmamaq mümkün deyil. Mənim orada əla günlərim keçib. Həm də Lənkəran klubunda özümü rahat hiss edirdim. Ümid edirəm ki, bir gün “Xəzər Lənkəran” geri dönəcək. Əlbəttə ki, bu klub çempionata əlavə maraq qatırdı. Biz hər zaman çempionluq üçün oynayırdıq. Onlarla cəmi 1 kubok və 1 superkubok qazandım. Amma hər il sona qədər birincilik üçün “döyüşürdük”.

- Klubun dağılmasında rəhbərlik günahkar görülürdü. Siz komandada olan futbolçu kimi buna necə münasibət bildirərdiniz?

- Bu barədə dəqiq heç nə bilmirəm. Mənim prezident Mais Mənsimovla, vitse-prezident Tuyqun Nadirovla münasibətlərim yaxşı idi. Amma onlarla çox danışmırdım. Onların günahkar olduğunu deyə bilmərəm. Bu barədə danışmaq çətindir. Orada oynayarkən heç bir problemlə üzləşməmişdim. Sadəcə son ildə 11 ay maaş almadım.

- “Xəzər Lənkəran” dağıldıqdan sonra Rumıniyaya qayıtdınız. “Astra”da oynadıqdan sonra yenidən ölkəmizə döndünüz. Bu, necə baş verdi? Özünüz bura dönmək fikrində idiniz?

- A. Mən “Astra”ya keçdim və orada yaxşı günlərim oldu. Biz ölkə çempionu olduq. Bu, təbii ki, çox əla idi. Amma sonra bəzi problemlər yaşandı və klubdan ayrılmaq məcburiyyətində qaldım. Sonra “İnter” məni istədi. Bakı klubunun keçmiş prezidenti Rəşad Qasımov məni tanıyırdı. “Xəzər Lənkəran”da oyunumu görmüşdülər. Əslində 2 il öncə də “İnter” mənim transferim üçün çalışırdı. Həmin vaxt bəzi problemlər oldu, Lənkəran klubu da məni buraxmadı. Sadəcə belə alındı və Azərbaycana döndüm. Buna çox sevindim. İndi klubda vəziyyət yaxşıdır. Daha doğrusu bu vaxta kimi yaxşı olub. Yayda nə baş verəcəyini isə bilmirəm. Azərbaycanda yaşamaq artıq mənim üçün çox asandır. Həyat yoldaşım da özünü burada rahat hiss edir. Bir sözlə Bakıya öyrəşmişəm.

- B. Azərbaycan öz evim kimidir. Biz birlikdə Bakıda daha çox vaxt keçirmişik, nəinki Rumıniyada. Bizim burada evimiz, maşınımız, hər şeyimiz var. Artıq özümü doğma bakılı sayıram (gülür).

- Klubdakı tez-tez prezident dəyişiklikləri sizi narahat etmir?

- A. Mən gələndən sonra 3 prezident dəyişmişik. Düzdür, mənə qəribə gəlir ki, bu, necə olur?! Amma heç nə deyə bilmərəm.

- Lənkəranda da bir müddət yaşamısınız. Bakı ilə müqayisə edə bilərsiz?

- B. Bakı Azərbaycanda heç bir şəhərlə müqayisə olunmaz. Təbii ki, paytaxtdır, müasir şəhərdir. İstədiyin hər şeyi tapa bilirsən. Mən Lənkəranda yaşayarkən çətinlik çəkirdim. Çünki orada istirahət üçün lazım olan şeyləri tapa bilmirdim. Məsələn, mən gimnastika ilə məşğul olmağı sevirəm. Amma Lənkəranda bunun üçün şərait yoxdur. Bakıda qalmaq yaxşıdır.

- A. Təbii ki, Bakı gözəl şəhərdir. Lənkəran da mənim üçün unudulmaz yerdir. “Xəzər Lənkəran” unudulmaz olduğu kimi, şəhəri də unudulmazdır. Amma Bakı yaşamaq üçün daha münasib yerdir.

- İllərdir buradasınız və yəqin ki, çoxlu sayda azərbaycanlı dostlarınız var...

- B. Əlbəttə var. Dostlar olmadan burada yaşamaq da olmaz. Gözəllik salonunda bir rəfiqəm var. Onunla görüşürük. Digər tanışlarımızla da söhbətləşirik. Mən şəhərə çıxarkən insanlara qulaq asmağı sevirəm. Çünki Azərbaycan dilini öyrənməyə çalışıram. Bir-iki söz öyrənə-öyrənə bütün dili mənimsəyəcəm.

- A. Təbii ki, dostlarımız çoxdur.

- Uzun illər burda olsanız da, dili indi öyrənməyə cəhd edirsiz...

- B. Mən Lənkəranda olarkən rus dilini öyrənməyə çalışırdım. Çünki insanlar ingilis dilində bilmirdi. Heç kimi başa düşmürdüm, heç yerə gedə bilmirdim. Rus dilini öyrənmək artıq vacib idi. Rus dilini öyrənmək daha asandır, nəinki Azərbaycan dilini.

- A. Müəllim də ingilis dilini bilmirdi. Ona görə də çətin idi.

- Azərbaycan yeməklərini hazırlamağı öyrəndinizmi?

- B. Əlbəttə. Mətbəxiniz çox dadlıdır. Pomidor-yumurtanı çox xoşlayıram. Bir də sizdə yaxşı tortlar hazırlanır. Qutab xoşuma gəlir. Çox yeyirəm. Bir də Azərbaycanda dadlı pendirlər olur.

- A. Həyat yoldaşım pomidor-yumurtanı çox gözəl hazırlayır. Dadı əla olur. Lənkəran mətbəxi çoxçeşidlidir. Ləvəngini yedikcə dadından doymaq olmur. Ümumiyyətlə, Lənkəranda toyuqdan möhtəşəm yeməklər hazırlayırlar. Mən orada yaşayarkən görürdüm ki, hər şey təbiidir. Broyler toyuqlarından deyil, yerli toyuqlardan istifadə edirdilər. Göyərti möhtəşəm idi. Bakıda isə sadəcə supermarketlərdən nə aldınsa, onu yeyirsən (gülür).

- Azərbaycana gəlmiş futbolçular içində təkcə sizi görürük ki, istirahət günlərinizi müxtəlif ölkələrdə keçirirsiniz. Səyahət etməyi çox xoşlayırsınız...

- B. Əlbəttə ki, biz bunu çox sevirik. Çünki mən dünyanın müxtəlif ölkələrinin mədəniyyətlərini, tarixini öyrənməyi xoşlayıram. Başqa ölkələrinin mətbəxini dadmaq da maraqlıdır. Hər ölkədə mütləq fərqli nəsə tapırsan. Yeni insanlarla görüşüb, onlardan nəsə öyrənirsən.

- Səyahət etdiyiniz ən gözəl ölkə hansıdır?

- B. Taiti, Bora-bora. Orada çox gözəl istirahət keçirdik. İnanılmaz ölkədir.

- A. Həqiqətən möhtəşəm idi.

- Bakıya ilk gələrkən sizi nə təəccübləndirdi?

- B. Azərbaycan kiçik ölkə olduğu üçün bu qədər möhtəşəm şəhər gözləmirdim. Qız Qalası, Bulvar və s. maraqlı tarixi yerlər məni şoka saldı. Mən bu şəhərə gələndə qadınların hamısının üzlərinin bağlı olacağını, hicab taxacaqlarını düşünürdüm. Amma gördüm ki, Bakı çox müasir şəhərdir, bütün insanlar üçün açıqdır. Hər kəs də öz seçiminə görə yaşayır.

- A. Mənim üçün isə futbolun inkişafı gözlənilməz idi. Azərbaycanda belə güclü çempionat gözləmirdim.

- Azərbaycanın məşhur simalarından kimlərlə dostluq münasibətləriniz var?

- B. Bəzən tədbirlərdə, bayramlarda tanınmış simalarla rastlaşırıq. Amma belə xüsusi çəkə biləcəyim ad yoxdur. Bəli, öz sahələrində kifayət qədər tanınmış insanlarla münasibətimiz var. Amma ola bilər ki, həmin insanlar cəmiyyətdə məşhur deyillər. Müğənnilər, aktrisalar belə tanınmış insanlarla münasibətimiz yoxdur. İstər siyasi, istər də idman sahəsində dostlarımız var. Oturub onlarla ölkələrimiz haqqında danışırıq. Mən onlara Rumıniyadan, onlar mənə Azərbaycandan məlumatlar verir.

- A. Məhşur futbolçuları tanıyıram və münasibətimiz var (gülür).

- Azərbaycan qızları sizi nə ilə cəlb edir?

- B. Ən çox makiyaj etmələri ilə (gülür). Bəzənməyi çox sevirlər. Məndən Rumıniyada makiyaj tərzlərini soruşanlar olub. Düzdür, burada çox qız tanımıram, amma tanıdıqlarım yaxşı insanlardır. Ümumiyyətlə, Bakıda qızlar çox müasirdir. Qısa və ya uzun geyinirlər, rahat gəzirlər. Bu, çox yaxşıdır.

- Həyat yoldaşınızın heç qız azarkeşi olub? Onu qısqanmısınız?

- A. Mənim heç qız fanatım olmayıb (gülür).

- B. Həqiqətən heç vaxt onun qız azarkeşi olmayıb. Həmçinin onu qısqanmağıma gərək yoxdur. Biz feysbukumuzu da, “İnstagram”ımızı da birlikdə işlədirik. Telefonlarımızı da rahat-rahat bir-birimizə verib ala bilirik. Yəni qısqanacaq heç nə yoxdur. Bakıda da demək olar ki, günümüzün 90 faizini birlikdə keçiririk.

- Sabiq komanda yoldaşlarınızıla əlaqə saxlayırsınız?

- A. Əlbəttə. Onlarla münasibətlərimiz qalır.

- B. Mən də o futbolçuların xanımları ilə əlaqə saxlayıram.

- Adrian, keçmiş komanda yoldaşınız Vilyan Tyeqo “Şapekoense” ilə təyyarə qəzasında həlak oldu. Ailəsi ilə danışdınızmı?

- A. Çox pis hadisə idi. Mən çox üzüldüm. Onun körpə uşaqları var idi. Həyat yoldaşı ilə danışdım və ona başsağlığı verdim. Düzdür, çox danışmaq imkanımız olmadı, amma üzüldüyümüzü çatdırdıq.

- Beatrisa, Skarlatake zədələnəndə nə hisslər keçirirsiniz?

- Əvvəllər meydanda yıxıldığını görəndə çox əsəbiləşirdim, üzülürdüm. Amma indi peşəkarlaşmışam. Yıxılanda bilirəm ki, necə zədə alıb, ciddidir, yoxsa yüngüldür. Zədələnəndə ona çox dəstək oluram. Masaj edirəm, ayağına buz qoyuram, motivasiya verib kömək etməyə çalışıram. Mən onun həkimiyəm.

- Adrian, Azərbaycanda unudulmayan nə var sizin üçün? Futboldan kənar...

- Çox şey var. Amma ən çox toydakı rəqslərinizi yaddan çıxarmayacam. Çox istəyirəm ki, ləzqinka oynamağı öyrənim. Burada 2-3 toyda olmuşam. Kişilər o qədər cəld rəqs edir ki, elə oynamaq mümkün deyildi. Ruslan Abışovun toyunda oturmuşduq, oynayanlara tamaşa edirdik. Ruslan mənə deyirdi ki, oyna. Cavab verdim ki, biz ancaq yavaş-yavaş oynaya bilərik (gülür).

- Adrian, “Xəzər Lənkəran”da oynayarkən “Neftçi”yə qarşı xüsusi çıxış edirdiniz. Həmin hisslər qalıb?

- Yox, təbii ki. Həmin atmosfer başqa idi. “Böyük oyun”u böyük edən azarkeşlər idi. Onların yaratdığı ab-hava matça rəng qatırdı. İki klub da çox ciddi hazırlaşırdı. Amma indi elə deyil.

- “İnter”lə müqaviləniz yayda başa çatır. Gedəcəksiniz?

- Bunu zaman göstərəcək.

Elsevər Məmmədov

Fotolar: Nuran