“Bunu ilk dəfə sizə deyirəm- eksklüziv olaraq…” - Əfsanəvi qapıçı

bunu-ilk-defe-size-deyirem-ekskluziv-olaraq-
Oxunma sayı: 1218

Futbolu sevməyə başladığın ilk vaxtlar hər kəs üçün unudulmazdır. Çünki, ilk sevgi həmişə unudulmaz olur. Yeni başladığı vaxtlar daha möhkəm sevirsən və sədaqətin daha çox olur. Bəlkə də ona görədir futbolu bizə sevdirən əfsanələri – Ronaldo di Nazario, Rivaldo, Şnayder, Buffon, Şevçenko, Toldo və sairəni unuda bilmirik.

17 yaşlılar arasında Bakıda 5-21 mayda keçiriləcək Avropa çempionatının püşkatma mərasimi üçün Toldonun Bakıya gələcəyini eşidəndə sevindim. Daha bir əfsanəni, uşaqlığımızın kumirini üzbəüz görəcəkdim. Amma bu qədər yaxın söhbət edəcəyimizi düşünmürdüm.

İtaliyalı jurnalist dostumdan Toldonun nömrəsini istəyəndə, sadəcə Bakıya gələcəyi ilə bağlı yazdığım ilk xəbərin doğru olub-olmadığını soruşmağı fikirləşirdim. Amma ona yazdığım ilk mesaja verdiyi səmimi cavabdan sonra görüşüb müsahibə almağı, şəkil çəkdirməyi təklif etdim. Verdiyi cavab isə çox təəccübləndirdi: “Əlbəttə, biz görüşə bilərik. Paytaxtınıza nə zaman gəlsəm, ilk sənə xəbər edəcəyəm”.

Və sözünü tutdu. Aprelin 7-si saat 22:00-da əfsanə ilə, 2010-cu ildə Çempionlar Liqasını qazanıb karyerasını bitirən Toldo ilə görüşdük. Gec olduğundan cəmi 20 dəqiqə söhbət etdik. Amma bu qısa vaxtda nələr danışdıq, nələr...

2002-ci ildə İtaliya millisi ilə Bakıya gələn Toldo indi buralarda dəyişikliklər olduğunu və paytaxtımızın daha inkişaf etdiyini söylədi.

- Fikrimcə, bu şəhər çox dəyişib. 2002-ci ildə biz bura İtaliya yığması ilə gəlmişdik. Hər şey fərqli idi. İndi isə Bakı daha müasir şəhərdir. Bu hava limanından otelə qədər gəldiyim yolda gördüklərimdir. Sabah isə şəhəri bütövlükdə gəzəcəyəm.

Karyerasə ərzində yalnız bir dəfə 2002-2003-cü il mövsümündə “Yuventus”la qarşılaşmada rəqib qapısına yol tapan Toldo həmin qolun Vierinin adına yazılmasını belə izah etdi.

“Hələ də o qolu özünüzün vurduğunuzu hesab edirsiz?”-, sualına belə cavab verdi:

- Bəli! Mən baş məşqçimiz Ektor Kuperə demişdim ki, oyunun sonuna yaxın 1:0 geridə olsaq, irəli gedəcəyəm. Künc zərbəsi oldu və mən cərimə meydançasına getdim, nəticədə qol vurdum. Zərbəni mən vurmuşdum, sadəcə top Vieriyə toxunub qapıya girdi. Əlbəttə ki, o qolun müəllifi mənəm. Amma Vieri üçün o zaman bombardirlik çox vacib idi. Ona görə dedi ki, qolu özü vurub. Qol da onun adına yazıldı.

Əfsanəvi futbolçu məşqçi kimi işləmək istəmədiyi barədə fikirlərinin hələ də dəyişmədiyini bildirdi:

- Xeyr. Mənim iki övladım var. Bütün vaxtımı onlara sərf edirəm. Sosial layihələrdə iştirak etməyə üstünlük verirəm. Karyeramı bitirdikdən sonra dünya üzrə kasıb uşaqların cəlb edildiyi "Inter Campus" layihəsinə rəhbərlik etdim. Hazırda isə "İnter"in veteranlarına həsr olunmuş "Inter Forever" layihəsi ilə məşğulam.

Ən maraqlı məqam isə 2000-ci il Avropa çempionatı ilə bağlıdır. Toldo bunu ilk dəfə “Qafqazinfo”ya açıqladığını deyərək həmin möhtəşəm yarımfinal oyununu təsvir etdi:

- Mənim üçün unudulmaz Avropa çempionatı idi. Buffon zədələndikdən sonra qapını mənə həvalə etdilər. Yarımfinalda çətin anlar oldu. Hollandiya ilə gərgin oyun penaltilərə kimi uzandı. Amma matçdan bir gün öncə penaltilər seriyasını təsvir etmişdim. Hətta dostuma demişdim ki, bu matç heç-heçə bitəcək və qalib penaltilərdə müəyyənləşəcək. Mən isə penaltiləri dəf edərək komandamı finala daşıyacağam. Həqiqətən də dediyim kimi oldu. Bunu ilk dəfə sizə deyirəm- eksklüziv olaraq.

Toldo Azərbaycanda “İnter”in akademiyasının açılmasını da istəyir. Onun fikrincə, bu, Azərbaycan futboluna xeyir verəcək.

- Azərbaycanda “İnter” məktəbi açılsa, yaxşı olar. Bunu AFFA rəsmiləri ilə danışacağam. Bir neçə həftə öncə David Trezege Bakıya gəlmişdi. O, ölkənizdə “Yuventus” kampının açılacağı ilə bağlı tədbirə qatılmışdı. Mən də bura gəlməmişdən öncə onunla danışdım. Xoş sözlər dedi.

Beləcə, Toldo ilə qısa, amma maraqlı görüş başa çatdı. Bu 20 dəqiqəlik xatirə isə mənim üçün unudulmaza çevrildi.

Elsevər Məmmədov