“Bundan sonra penalti vurmarıq” - Qurban Qurbanov

bundan-sonra-penalti-vurmariq
Oxunma sayı: 2293

Premyer Liqanın 8-ci turunda "Qarabağ" debütant "Zirə"ni qəbul edəcək.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu matç haqda dünən "Xəzər TV"-də yayımlanan "Futbol saatı" verilişində öz fikirlərini bildirib: "Hər bir rəqibdən çəkindiyimiz kimi, "Zirə"dən də çəkinirik. Yeni bir komandanın üçüncü pillədə olması, bizə bir xəbərdarlıqdır. Belə komandalara qarşı diqqətli olmalıyıq. Komandanın məşçqiləri Premyer Liqada yenidir və çox istəklidir. Belə komandalardan ehtiyat etmək lazımdır. Bəlkə də, bizim bəxtimiz gətirib ki, belə rəqiblə 8-ci turda qarşılaşacağıq".

Gənc mütəxəssis penalti epizodu haqqında da danışıb: "Bu epizoda oyunun gedişatına görə qərar verdim. Burda nə hakimlərə hörmətsizlik, nə də başqa bir fikirdən söhbət gedə bilməz. 90 dəqiqədə oyun idarə etmək asan deyil, bəzən görülməyən və yanlış qərarlar da ola bilər. Həmin epizod gözümün önündə oldu, bir neçə futbolçudan, sonda Riçard Almeydadan soruşdum, o da dedi ki, Lomaya ilk olaraq topa toxunub.

Son vaxtlar bu penalti epizodları çox mübahisə olunur. Hətta məğlub olsaq da, hər hansı bir epizodda 99 faiz penalti olub 1 faiz olmasa da, bizim lehimizə penati təyin edilməsin. Qarşıdakı oyunlarda da belə hallar olsa, belə qərar verəcəm. İstəməzdim, hər qərarlar bu qədər müzakirə edilsin. Həmin anda olan bir qərar verdim. Epizod əks-hücumda oldu, uzun ötürmə oldu,hakimin bu topa çatması bir az çətin idi. İnşallah, indidən sonra penalti vurmarıq. Belə epizod olmasın, söz-söhbətlərə son qoyulsun. Amma bu o demək deyil ki, nəysə sübut etmək istəyirik. Sadəcə istəmirik, başqa komandanın haqqına girək".