“Bu, püşkatmadan asılı olacaq” - Dino Ndlovu

bu-puskatmadan-asili-olacaq
Oxunma sayı: 1313

Avropa Liqasının pley-off mərhələsində İsveç “Göteborq”unu 3:0 məğlub edərək qrup mərhələsinə adlayan “Qarabağ”ın futbolçusu Dino Ndlovunun “Qafqazinfo”ya müsahibəsi

- Oyun haqqında fikirləriniz necədir?

- Biz əvvəlcədən də bilirdik ki, mərhələni keçməyə qadirik. İlk hissədə rəqibə göz açmağa imkan vermədik. Demək olar ki, birinci yarıdan sonra oyunun taleyi həll olunmuşdu. Bütün komanda ilə qələbəyə inanırdıq. Çox yaxşı hazırlaşmışdıq. Ümid edirəm ki, qrup mərhələsində də bizə yaxşı rəqiblər düşəcək.

- Bu gün (dünən) ilk “11-lik”də meydana çıxmağa hazır idin?

- Əlbəttə ki, ilk dəqiqələrdən meydanda olmağa hazır idim.

- Fiziki olaraq problemlərin yox idi?

- Yox, fiziki olaraq da buna hazır idim. Əgər hazır olmasaydım, heç baş məşqçi məni meydana da buraxmazdı. Bundan əvvəl çempionat oyununda da oynamışdım. Əgər ilk dəqiqələrdən şan verilsəydi, əminəm ki, komandaya kömək edərdim. Sadəcə baş məşqçi belə məsləhət gördü.

- “Qarabağ”la müqavilə imzaladığın gün demişdin ki, mən bu komandanı tanıyıram. İndi isə bu klubun avrokubokda necə oynamasını canlı gördün. Təəssüratlar dəyişib?

- Komanda düşündüyüm kimi oynayır. Bundan əvvəl də məlumatım necə idisə, hər şey də elədir. Bizim yaxşı baş məşqçimiz və komandamız var. Heç bir çətinlik hiss etmirəm. Fikrimcə, biz daha irəli gedə bilərik.

- Növbəti qarşılaşmalarda hədəfin nə olacaq?

- Mənim üçün ilk məsələ daimi heyətdə özümə yer edə bilməkdir. Bunun üçün hazırlaşacam. Əgər daim meydana çıxsam, mənim üçün çox qol vurmaq asan olacaq.

- “Qarabağ” artıq 2 dəfə qrup mərhələsində oynayıb. Amma heç birində 1/16 finala vəsiqə qazana bilməyib. Bu dəfə daha irəli gedə bilərik?

- Bu püşkatmanın nəticəsindən asılı olacaq. Ümid edirəm ki, daha münasib rəqiblərlə oynayıb növbəti mərhələyə adlayacağıq. Bu il ötənilkindən daha yaxşı olmalıdır.

- Avropa Liqası ilə Azərbaycan çempionat oyunlarına motivasiya arasında fərq hiss edəcəksən?

- Bura gələndə baş məşqçi mənə dedi ki, meydana çıxdığımız hər oyun vacibdir. İstə çempionatda, istərsə də Avropa Liqasında. Bu həmişə belə olacaq. Çünki bir komanda çempionatda nə qədər yaxşı çıxış etsə, Avropada da özünü bir o qədər yaxşı göstərəcək.

Elsevər