“Bu, dedektiv filmә oxşayır” - Qurban Qurbanov

bu-dedektiv-film-oxsayir
Oxunma sayı: 1171

Qurban Qurbanov sabah "Qarabağ" - "Neftçi"arasında baş tutacaq Azәrbaycan kubokunun final matçından öncә jurnalistlәrin suallarını cavablandırıb. "Qafqazinfo" onun müsahibәsini tәqdim edir:

- Final oyunu hər bir futbolçunun arzusudur. Mövsüm bizim üçün uğurlu keçdi. Buna baxmayaraq, hər oyunçu bu matçın nə qədər əhəmiyyətli olduğunu başa düşməlidir. Güclü komandaya qarşı oynayacağıq. Hər bir komanda istəyər ki, kuboku qazansın. Ancaq kuboku bir komanda qazanacaq. Bu, mövsümün ən ağır oyunu olacaq. Rəqibdə güclü oyunçular var. Araz, Anyete, Qurbanov, Rəhman Hacıyev çox sürətli futbolçulardır. Sabah müdafiədə xüsusilə diqqətli olmalıyıq. Həm "Qarabağ", həm də "Neftçi" azarkeşlərinin say çoxdur. Ümid edirəm ki, sabah əsl futbol bayramı görəcəyik.

- Finala çempion kimi çıxmaq daha yaxşıdır, yoxsa, 6-cı yeri tutaraq...

- Məncə, bunun heç bir fərqi yoxdur. Bunlar tam fərqli turnirlərdir. Sabah məsələnin 90 və ya 120 dəqiqəyə həll olunacağı bilinmir. Gərgin oyun olacaq. Rəqibin çempionatda neçənci olmasının əhəmiyyəti yoxdur. Finala qədər çıxıblarsa, deməli buna layiqdilər.

- "Neftçi"nin sabah müdafiədən, yoxsa, hücumdan oynaması sizin üçün daha rahat olar?

- "Neftçi"nin "Sumqayıt"la son oyununa baxdım. Onlar bu oyunda da yaxşı təsir bağışladılar. "Neftçi" finala çıxmaq üçün daha çox mübarizə aparıb. Xüsusilə, "Qəbələ"ylə oyunlar çox gərgin keçdi. "Neftçi"nin sabah hansı oyun taktikasını seçməsindən asılı olmayaraq, bizim üçün çətin olacaq.

- "Neftçi" son oyunlar 5 müdafiəçiylə çıxış edir...

- Futbol elədir ki, oyun zamanı bu sistem daim dəyişir. "Neftçi" çox vaxt 5 müdafiəçiylə çıxış edir. Ancaq əvvəlcədən bilmək olmaz. Bu cür oynasalar, bizim üçün daha çətin olacaq.

- Armenteros komandanı tərk etdiyini açıqlayıb... 

- Armenterosdan soruşsaz ki, baş məşqçi sənə komandadan getdiyini deyibmi, deyəcək yox. Onun bizimlə müqaviləsi 1+1 idi. Onunla bağlı fikrimi bildirməmişəm. Özü artıq fikrini deyib. Bizim üçün indi onunla yollarımızı ayırmaq daha rahat olacaq.

- Vəli Qasımov "Sumqayıt"la oyundan sonra kuboku qazanmaqla azarkeşlərimizə təşəkkür edəcəyik demişdi. Bu, "Qarbağ"ın oyunçularına psixoloji cəhətdən necə təsir edir?

- Biz futbolçuların oyununu kiminsə fikri əsasında qurmuruq. Ola bilər, cavan vaxtımızda bu cür şeylərdən motivasiya kimi istifadə etmişik. Ancaq hazırda düşünürəm ki, belə şeylər futbolçuların oyuna tam köklənməsinə mane olur. Əksinə, aqressivləşdirir. Ona görə də, oyunçuları bu sözlər əsasında motivasiya etmək barədə düşünmürəm. Sabahkı oyunda motivasiyaya ehtiyac yoxdur. Futbolçular sabahkı oyuna köklənsələr, hər şey daha yaxşı olacaq.

- Sizcə, sabah stadiona nə qədər azarkeş gələcək?

- Bunu sabah PFL açıqlayacaq. Mənə elə gəlir ki, "Qarabağ" azarkeşləri də, "Neftçi" azarkeşləri də çoxdur. Çünki, bu klublar ilk mövsümdən çempionatda çıxış ediblər. Bu komandaların azarkeşləri avrokuboklarda bir-birini dəstəkləyiblər. Sabahkı oyunda azarkeşlərin sayı çox olsa, çox yaxşı olar. Ancaq stadionun tam dolacağına inanmıram.

- Sabahkı oyunda əlavə vaxt və penaltilər seriyası barədə düşünürsüz?

- Bu, bizə mane olar. "Neftçi"ylə bunadək olan oyunlarda çox çətinlik çəkmişik. Əlavə vaxt barədə düşünmürük. Məncə, hər iki komanda oyunun əlavə vaxta getməsini istəmir.

- Adətən mövsümün son oyunu komandanı kökləmək baxımından çətindir. Bu barədə futbolçularla danışmısız?

- Yox, bu barədə ayrıca söhbətim olmayıb. Onlar özləri bilirlər ki, daim qalib gəlmək üçün hansı psixologiyada olmalısan. Bu da çox vacib amildir.

- Rəqibin heyətində Anyete daim simulyasiyaya meyilli olub. Bu, sizi narahat edir?

- Biri simulyasiya edir, biri təxribata əl atır. Ancaq hakimlər də, futbolçular da bunu yaxşı bilirlər. Məni ayrı-ayrı oyunçular yox, rəqib narahat edir. Bu futbolçular barədə hakimlər xəbərdardır.

- "Rəvan"la oyundakı məğlubiyyət çoxlu söz-söhbətə səbəb oldu...

- Təəssüflər olsun ki, hələ də, mənə şübhəylə yanaşanlar var. Biz çalışırıq ki, öz proqramımız əsasında çalışaq. Belə söhbətlər olur, bunun üzərindən ötüb keçirəm. Bu, dedektiv filmə oxşayır. İllərlə günahkar axtarırlar, axırda gəlib Qurbanovun üzərində dayanırlar. Əsas məsuliyyət hakimlərin və jurnalistlərin üzərinə düşür. Hakim də, jurnalistlər də heç kimin haqqına girməməlidir.