“Bu barədə fikirləşmək istəmirəm” - Robert Prosineçki

bu-barede-fikirlesmek-istemirem-
Oxunma sayı: 731

Milli komandamızın baş məşqçisi Robert Prosineçki AÇSO çərçivəsində Bolqarıstanla oyun öncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə yanaşı, bu gün ad gününü qeyd edən Qara Qarayev və Rahid Əmirquliyev də iştirak edib.

- (Prosineçki) Dünəndən Sofiyadayıq. Hamımız oyuna ciddi hazırlaşmışıq. Bilirəm, Bolqarıstan Xorvatiya ilə ağır oyun keçirib. Biz də İtaliya ilə çətin matç keçirmişik. Həmin görüşü izləmişəm. Rəqibin sürətli futbolçuları var. Kompakt oynayırlar, müdafiədən hücuma tez keçməyi bacarırlar. Amma uğurlu nəticə üçün hər şey edəcəyik.

- (Qarayev) Qrup mərhələsinin son oyunu vacibdi. Turniri major notda bitirmək istəyirik. Səfərdə oynayırıq. Bu da onlara əlavə üstünlük verir. Təbii ki, onlar da qalib gəlmək istəyir. Ancaq düşünürəm ki, layiqli mübarizə aparsaq, burdan xal və ya xallarla dönməyi bacaracağıq.

- (Əmirquliyev) Rəqibi yaxşı təhlil etmişik. Bilirik ki, güclü komandaya qarşı oynayacağıq. Ancaq biz bura gəzməyə gəlməmişik. Evə xalla dönmək istəyirik.

- Bir qırmızı var. Bəs digər iki futbolçunu niyə əvəzlədiniz?
- Bəlkə sizə hər futbolçuya verdiyim təlimatı da deyim?

- Belə bir məlumat var ki, bu gün cəmi 17 bilet satılıb. Ümumiyyətlə də oyuna marağın çox az olması barədə informasiya əldə etmişik.
- Futbol azarkeşlər üçün oynanılır. Əgər bu, həqiqətən belədirsə, çox təəssüflənirəm.

- Niko Kovaçı yola saldınız. Petevə də eyni aqibəti yaşada biləcəksinizmi?
- Bu barədə fikirləşmək də istəmirəm. Futbolda bu cür hallar olur. Ümid edirəm ki, biz sabah qalib gələcəyik. Çünki hər oyuna qalib gəlmək üçün çıxırıq. Ancaq istəmərəm ki, bundan sonra rəqib baş məşqçini istefaya göndərsinlər. Hər halda Petevin işləmək üçün vaxtı az olub.

- Qara, ad gününü qeyd etdinizmi? Ümumiyyətlə, millidə ad gününü qeyd etmək ənənəsi varmı?
- Bəli, belə bir ənənə var və ad günümü tort kəsməklə qeyd edəcəyik. Amma bu, məşqdən sonra baş verəcək.

- Rahid Əmirquliyevin Lənkəran klubundakı durumu milli karyerasına təsir edə bilərmi?
- Lənkəran klubunun problemlərindən xəbərim var. Amma mən millinin baş məşqçisiyəm. Fərq etməz, Əmirquliyev hansı klubda oynayır. O, yığma üçün həmişə canını qoyub.