“Borussiya” dünya çempionunu transfer etdi

borussiya-dunya-cempionunu-transfer-etdi
Oxunma sayı: 1594

Almaniyanın “Borussiya” (Dortmund) futbol klubu yay fasiləsində heyətinə daha bir futbolçunu cəlb edib.

QafqazinfoAzərtac-a istinadla xəbər verir ki, Dortmund təmsilçisi “Volfsburq”un hücumçusu Andre Şürrleni transfer edib. İyirmi altı yaşlı hücumçu ilə beşillik müqavilə imzalanıb.

Almaniya millisinin forvardının alacağı məvacibin məbləği açıqlanmır. İmzalanma mərasimindən sonra Şürrle Dortmund “Borussiya”sının Avropanın ən güclü komandalarından biri olduğunu və bu kollektivlə uğur qazanmaq istədiyini söyləyib.

Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olan Şürrle Bundesliqada 174 oyuna 48 qol vurub.

“Borussiya” komandası Şürrledən əvvəl Mario Qötze, Sebastian Röde (hər ikisi “Bavariya”), Mark Bartra (“Barselona”), Əmrə Mor (“Nordşelland”, Danimarka), Usman Dembele (“Renn”, Fransa), Mikel Merino (“Osasuna”, İspaniya) ilə Rafael Gereyronu (“Loryan”, Fransa) transfer edib.