Bəs, Qriqorçuk nə zaman cavab verəcək?

bes-qriqorcuk-ne-zaman-cavab-verecek
Oxunma sayı: 807

Elsevər Məmmədov

Azərbaycan kubokunun yarımfinalında “Neftçi” ilə səfərdə heç-heçə edən “Qəbələ” 74-cü dəqiqədə Aleksey Qaya qarşı olunan kobudluğa görə təyin olunmayan penalti üçün nəticənin bütün günahlarının ən perspektivli referimiz Əliyar Ağayevin üstünə atdı. Bəlkə də haqlı idi.

FİFAUEFA turnirlərində ölkəmizi təmsil etməyə ən real namizədimiz olan Ağayevin gözünün qarşısında baş verən epizodda yanılması bir az bizim də ümidlərimizi üzdü. Axı, cəmi 4 ay yarım öncə onun idarə etdiyi Avroliqa matçı - “Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus) oyununa görə hamı sevinirdi. Əslində, o qədər də böyük qəbahət deyil. Bu səhvlərin olması normaldır. Məsələn, bu mövsüm Çempionlar Liqasının yarımfinalında baş tutan “Atletiko” – “Barselona” (2:0) oyununda dünyanın ən güclü hakimlərindən sayılan italiyalı Nikola Ritsoli gözünün qarşısında olan penalti epizodunu düzgün dəyərləndirmədi. Şablon olsa da, “hakim də insandır” ifadəsi hər zaman aktualdır.

Dünən də Premyer Liqanın 32-ci turunda “Qəbələ” – “Neftçi” oyunu keçirildi. 2:2-lik bərabərliklə yekunlaşan matçda paytaxt klubunun qapısına elə bir penalti təyin olundu ki...Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bəlkə də kubok matçındakı günahını yumaq istədi. Amma bərbar şəkildə. Əliyar Ağayevin bu qədər tənqid olunduğu halda, bəs, Rauf Cabbarovun 11 metrlik cərimə nöqtəsini göstərməsinə necə izah veriləcək? Görəsən, eyni cür “Neftçi”nin də haqqı tələb olunacaqmı?

Əliyar Ağayev media qarşısına çıxıb günahını etiraf etdi, üzr istədi. Bəs, Roman Qriqroçuk nə zaman çıxacaq? Bəs, o, nə zaman Aleksey Antonovun, Ermin Zetsin, Vitali Vernidubun, Sergey Zenyovun niyə transferin olunduğunun, meydanda nə iş gördüyünün cavabını verəcək? Bəs, Qriqorçuk Antonova görə verilən suala nə zaman əsəbiləşməyəcək?

Bax bu sualların cavabını heç kim tapa bilmir, heç kim vermir. Əliyarın bir səhvinə görə bütün günü onun üstünə düşən media da Qriqorçuka niyə komandanız 70 epizoddan istifadə edə bilmədi, “Rəvan”ın xal aldığı, “Sumqayıt”ın oynamağa imkan vermədiyi, “Zirə”nin qələbə qazandığı “Neftçi”ni 2 oyuna məğlub edə bilmədi.

Qriqorçuk açıqlamasında “15 xalımızı hakimlər aldı” deyə referilərdən narazıçılığını bildirdi. Geridə qalan 32 turda mümkün 96 xal var idi. “Qəbələ” isə bunlardan 50-sini aktivinə yaza bildi. Qriqorçukun təbirincə desək, 15-ni hakimlər aldı. O zaman darmadağın olan, mübarizə əzmi zərrə qədər qalmayan, liderin hər kəsdən üstün olduğu aşkar görünən çempionatda 31 xalı “Qəbələ”dən kim aldı. İnanıram ki, Qriqorçukdan soruşsaq, onu da ya azarkeşlərin, ya da medianın boynuna yıxacaq.

Etiraf etmək lazımdır ki, “Qəbələ” Qriqorçukla tarixinin ən gözəl günlərini yaşayıb. Avropa Liqasının qrup mərhələsində çıxış edib. Amma bu heç cür ukraynalı məşqçiyə Antonovu hələ də komandada saxlamağa, 15 oyun “18-lik” üzünə həsrət qalan Verniduba lazımsız yerə maaş verməyə, adına-sanına görə sanbalı olan Ermin Zetsi ara-sıra yoxlamaq üçün oyuna buraxmaq səbəbi ilə heyətdə qorumağa haqq vermir.