“Azərbaycanlıları ukraynalı qızlarla ciddi münasibətə dəvət edirəm” - Fotolar

azerbaycanlilari-ukraynali-qizlarla-ciddi-munasibete-devet-edirem
Oxunma sayı: 9449

Ukrayna əsilli Azərbaycan velosiped yığmasının üzvü Yelena Pavluxinanın “Qafqazinfo”ya müsahibəsi:

- Velosiped Azərbaycan üçün kifayət qədər məşhur idman növü deyil. Ölkəmizi seçərkən bu barədə heç düşündünüz?

- Bu idman növünün məşhurluğu ölkələrə görə dəyişir. Ümumiyyətlə, dünyada çox populyar bir yerə sahibdir. Azərbaycanda velosiped inkişaf edir. 3 il bundan öncəki vaxtla indiki arasında böyük fərqlər var. O vaxt idmançılarımız arasında belə maraq yox idi. Həvəskarlar az idi. İndi kəmiyyətdə də, keyfiyyətdə də fərq var.

- Bizim xanımların bu idman növünə marağının olduğunu demək çətindir...

- Azərbaycanda qadınların velosipedə marağı artır. Təsadüfi deyil ki, “Ladies on Bikes” kimi komanda yaranıb. Belə bir komanda xanımlarda daha çox maraq yaradır. Bu imkanlar qadınların ailə qayğılarından kənara çıxmasına, sağlamlıqlarına diqqət etmələrinə imkan yaradır.

- Rio-2016 Olimpiya Oyunlarında 35-ci yer tutacağınızı necə izah edərdiniz?

- Olimpiada başlamazdan öncə məşqçimlə hər şeyi müzakirə etdik. O zaman ümumi fikir belə idi ki, mənim Olimpiadaya düşmək şansım çox az idi. Lisenziya yarışları çox ağır idi. Mən Sloveniyanın “Lyüblyana” komandasında çıxış edirdim. Onlar da mənə xal baxımından kömək etməyəcəkdilər. Mən təkbaşına vəsiqə qazandım və bu şəxsi bacarığımdır. Rio-2014-ün marşrutu çox ağır idi. Orada dünyanın ən güclü 69 idmançısı çıxış edir. Daha yaxşı yer tutmaq çətin idi. Bilirsiniz, çempion olan hollandiyalı idmançıya komanda yoldaşları kömək etdilər. Onların dəstəyi ilə o xal qazanıb qızıl medala yiyələndi. Mən isə tək idim. Lisenziya qazanmağım özü möcüzə idi. Yarışlardan əvvəl finişə çatmamaqdan qorxurdum. Olimpiadadan öncə ilə sonranı müzakirə edəndə 35-ci yeri normal nəticə sayıram.

- “Lyüblyana”dan Qazaxıstanın “Astana” klubuna keçidiniz necə baş verdi?

- Rusiyanın Olimpiya çempionu Zulfiyə Zabirova “Astana” komandasının meneceridir. Ona böyük hörmətim var və azarkeşlik etdiyim idmançılardan olub. Onunla 1-2 görüşümüz oldu. Mənə çoxdan demişdi ki, belə komandamız var və səni ora dəvət edirəm. Lakin “Lyüblyana” ilə müqaviləm var idi, ili başa vurdum. Qazaxıstan təmsilçisinə inkişaf etmək üçün keçmişəm. Dünyanın ən güclü qadın çempionatlarında mübarizə aparacağıq.

- Azərbaycanda niyə belə komandalar yoxdur? Bu, sizi narahat etmir?

- 2013-cü ildə Azərbaycana dəvət olundum. Bir il sonra komandada çıxış etməyə başladım. Ukrayna komandasında şosse və trekdə çıxış edirdim. Bura ilk gələndə trekdə başladım, sonra şosseyə keçdim. Azərbaycanda belə komandanın olmasını istərdim. Bakıda olmaq xoşuma gəlir. Qış fasiləsində gəlib burda məşq etmək xoşdur.

- Ölkəmizdə kişilər arasında “Tour d'Azerbaïdjan” kimi yarış var. Qadınlar arasında belə turnirin olmasına nə qədər ehtiyac var?

- Bu yarış Azərbaycan üçün önəmlidir. Bu turnirə “Eurosport”dan baxıram. İstəyərdim ki, qadınlar arasında da belə turnir olsun. Mənim bura gəlməyimdə rolu olan bir yarış var ki, bu, 2012-ci ildə keçirilən Heydər Əliyev adına xatirə turniridir. Həmin yarış çox yaxşı təşkil olunmuşdu. Hər şey əla idi. Hətta “kissing boy”lara qədər diqqət yetirilmişdi. Qadınlar üçün mükafatı kişi idmançılar gətirdi. Məni də öpmüşdülər. Yüz faiz yadımdadır.

- Bir az da idmandan kənar danışaq. İlk velosipedi sizə kim alıb?

- Valideynlərim tərəfindən 3 təkərli velosiped alınmışdı. İkitəkərli velosipedi isə ilk dəfə 7 yaşımda sürmüşəm. Babamın velosipedi idi.

- Həmin vaxt velosipedə xüsusi sevginiz olduğunu düşünürdünüz?

- Xüsusi olaraq qarşıma velosipedçi olmaq məqsədi qoymamışdım. Sadəcə uşaqlıqda belə şeylər olur ki, kim daha çox tez qaçar, tez sürər kimi oyunlar oynayırdıq. Bu da ordan irəli gəlirdi. Velosipedə sevgimin yaranmasına səbəblərdən biri də uşaq ağlı idi. Pulsuz velosiped sürmək arzusu ilə zala gedirdik. Sevinirdik.

- Ukraynadakı siyasi hadisələr idmançılara necə təsir edir?

- Valideynlərim rusdur, mən isə Ukraynada doğulmuşam və böyümüşəm. Ona görə də həmişə özümü ukraynalı hesab etmişəm. Qəlbimdə rus-ukrayna konflikti olmayıb. Hansısa idmançı ilə şəxsi müstəvidə problemim ola bilər amma milliyətə, dövlətlərə görə ola bilməz. Orada yaşananları görürəm və bu, dəhşətlidir. Başa düşürəm ki, baş verənlər oyundur. İnsanları pul və ya başqa vasitələrlə idarə edirlər. Onlara cürbəcür hədə-qorxular gəlirlər və onlar tabe olmağa məcburdular. Bundan da müharibə yaranır və bu, əlbəttə ki, dəhşətdir.

- Başqa bir ölkənin bayrağını özünə doğma bilib onun üçün yarışmaq nə qədər çətindir?

- Mən bura gələndə dəyişikliklərin xeyrimə olacağına inandım. Yaşadıqca gördüm ki, Bakı gözəl şəhərdir. Mən burda əlimdən gələn hər şeyi edirəm və qarşı tərəfdən də eyni addımları gözləyirəm, inanıram. Bakı müasir şəhərdir. Burada gözəl insanlar, bahalı mağazalar, maşınlar görürəm. Bütün bunlarla əhatə edilmək xoşdur. İstəyərəm ki, daimi burada yaşayım. Qızımın da burada yaşamasını istəyirəm.

- Velosiped yarışları 2, 3, bəzən 4 saat çəkir. Heç yarış zamanı düşünmüsünüz ki, velosipedi qoyum çıxım gedim?

- Əvvəllər bu fikir tez-tez olurdu. Əsasən də məşqlər vaxtı düşünürdüm. Bəzən elə məşqlər olur ki, bütün gücünü ortaya qoymalısan. Yarış zamanı bütün əziyyətlərini düşünəndə fikrindən daşınırsan. Deyirsən ki, bu qədər zəhmət çəkib finişə çatmamaq olmaz. Bizə qızımla birgə yaşamağa yer ayırıblar. Qızıma görə, yaşamağa görə lisenziya almağa çalışmalıyam.

- Birinci Avropa Oyunlarında velosipedçilərimizdən biri yolu azmışdı. Olimipada da isə bir idmançımız finiş xəttinə çatmamışdı. Bu, sizin başınıza gəlib?

- Bəzən fors-major hallar olur. Həmin vaxt idmançı finişə çatmaya bilər. Buna DNF (did not finished) deyirlər. Bu, başadüşülən haldır. Velosipedə nəsə olanda dəyişirsən. Amma idmançının problemi olsa, finişə çatmaya bilər. Mənim də başıma belə hadisə gəlib. Qətərdə yarışda finişə çatmamışdım. 2011-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə də finişə çata bilmədim. Çünki yarışdan qabaq velosipedimi oğurlamışdılar. Finişə çatmadığım velosipedi başqasından müvəqqəti almışdım. 2012-ci ildə Ukrayna millisində çıxış edəndə Hollandiyada da başıma eyni hadisə gəldi. Trekdə böyük toqquşma olmuşdu. Mən də gəlib onların içinə düşdüm.

- İdmançılar şəxsi həyatda vaxt azlığına görə problemlə üzləşirlər. Sizdə vəziyyət necədir?

- Uzun müddət ailədən kənarda qalmaq çətindir. Amma bu çətinlik idmançını yarışlara daha çox kökləyir. Çünki yarışda yaxşı yer tutmağa çalışırsan ki, məşqlərdə yüklənməyəsən və ailənə ayırmağa vaxtın qalsın. Formada olmaq, az məşq etmək, ailəyə vaxt ayırmaq ən yaxşı plandır. Yarışlarda, məşqlərdə olan neqativ hallar ailəyə də təsir edir. O mənfi enerjini evdə çıxarmağa çalışırsan. Kiçik partlayışlar olur. Amma özümüzü saxlamağa çalışırıq. Yarışdan öncə ümumiyyətlə, belə hallardan uzaq olmaq lazımdır. Çünki turnirə mənfi havada qatılsaq, uğur qazanmaq mümkün deyil. Mən uşaqlıqdan idmanla məşğul olurdum. Ailəm mənə insan kimi baxmırdı. Onlar üçün sadəcə idmançı idim.

- Həyat yoldaşınızla ayrılmağınızın səbəbi idmandır?

- Yox, idman deyil. Biz tamam başqa səbəblərdən ayrıldıq. 2016-cı ilin may ayında rəsmən boşandıq. Amma bizim qızımız var və bu bizim ortaq nöqtəmizdir. Dost kimi münasibətlərimiz qalır. Mənim valideynlərim Donetskdə yaşayır. Qayınanam isə Kiyevdə yaşayır. Qızım vaxtının çoxunu qayınanamla keçirir. Hazırda o da Bakıdadır. Biz bir-birimizə ana və qız kimi davranırıq. Keçmiş həyat yoldaşım da velosipedçi idi. Buna görə də idman bizə problem yaratmırdı. Sadəcə evlənəndən bir müddət sonra bir-birimizi daha yaxşı tanıdıq və alınmadı.

- Bundan sonra həyatınızda yenilik düşünürsünüz, yoxsa sadəcə idman və qızınızla məşğul olacaqsınız?

- Mən bəzən gənc idmançılarla məşqə çıxıram. Onlara bildiklərimi öyrətməyə çalışıram. Bunu düşünərək idmançı karyeramı bitirdikdən sonra məşqçi olmaq istəyirəm. Yəni bu sahədə davam etməyə çalışacam. Amma bunlar şəxsi həyatıma mane olmayacaq. Mən o yaşda deyiləm ki, şəxsi həyatıma nöqtə qoyum. Yaşım azdır.

- Azərbaycan kişilərini necə xarakterizə edirsiniz?

- Mən Bakıda olanda heç yerə tək getmirəm. Çox nadir hallarda bunu edirəm. Ona görə də kənardan özümə qarşı kişilərin diqqətini cəlb etdiyimi görməmişəm. Ola bilər ki, xarici görünüşümə görə diqqət çəkim. Amma ukraynalı olduğuma görə heç vaxt pis təkliflər olmayıb. Azərbaycanlı kişilərin çox istiqanlı olduqlarını eşitmişəm, amma pis heç nə görməmişəm. Mənim üçün burda təmiz ad çox önəmlidir. Özüm də istəmirəm ki, kimsə haqqımda pis nəsə fikirləşsin.

- Ölkəmizdə olan həmyerlilərinizi tanıyırsınız? Məsələn, “Qəbələ”də olan uğurlu ukraynalı Roman Qriqorçuku...

- Çoxunu tanıyıram. Amma təkcə triatlonla məşğul olan Rostislav Pevçovla münasibətim var.

- Bilirsiniz sualı niyə verdim? Roman Qriqorçuk demişdi ki, “azərbaycanlı kişilərin ukraynalı qızlardan xoşu gəldiyini bilirəm və onları ölkəmizə dəvət edirəm”. Siz bu barədə nə bilirsiniz?

- Bunu mən də bilirəm. Amma azərbaycanlı kişiləri yalnız ukraynalı qızlarla ciddi münasibət qurmaq üçün ora dəvət edirəm. Qısamüddətli münasibətlər üçün gəlmələrini istəmirəm.

- Sonuncu sualım isə qazancınızla bağlıdır. Digər idman növlərindəki kimi böyük pullar burada varmı?

- Qadın velosipedində elə də böyük pullar yoxdur. Burada kişilərin yarışlarında olduğu kimi böyük mükafatlar yoxdur. Əziyyət çəkiriksə, federasiya və klub maaş verir.

Elsevər Məmmədov

Fotolar: Nuran