“Azərbaycanı Suriya, Türkiyə kimi təsəvvür etməyin” - Portuqaliyalı futbolçu

azerbaycani-suriya-turkiye-kimi-tesevvur-etmeyin
Oxunma sayı: 4433

“Zirə”nin portuqaliyalı müdafiəçisi Migel Lorenso ölkəsinin mətbuatına müsahibə verib.“Qafqazinfo” xəbər verir ki, müqavilə ilə Portuqaliyanın “Vitoriya” Setubal klubuna məxsus olan futbolçu ölkəmizdəki yaşayışından və klubdakı çıxışından danışıb.

Futbolçu “Zirə”yə gəlişi barədə bunları deyib: “Gözlənilmədən Azərbaycandan təklif gəldi. Klubum “Vitoriya”da şans qazanırdım. Amma bu mütəmadi deyildi. Daha çox oynamaq istəyirdim. Bu, mənim ilk təcrübəm olacaqdı. Agentimlə məsləhətləşdim və risk etdim, “Zirə”yə gəldim”. Azərbaycan Premyer Liqası haqda da məlumat toplaya bilməmişdim. Lakin “Zirə” məni icarəyə götürmək üçün ciddi idi. Mən hər şeyin yaxşı olacağını hiss edirdim.

O, Azərbaycanda yaşayışı haqqında da fikirlərini bölüşüb: “Müharibə şəraitində yaşayan, keçmiş Sovet Respublikası və insanları müsəlman olan ölkəyə gedəcəyimi bilirdim. Ölkə Rusiya, İran, Türkiyə, Ermənistan, Gürcüstan və Türkiyə ilə həmsərhəddir. Azərbaycan müsəlman ölkəsidir. Mənim üçün naməlum məkan idi. Siz buranı Suriya, İraq və Türkiyə kimi təsəvvür etməyin. Burada terror hadisələri olmur. Sadəcə, bu ölkə bir müddətdir ki, müharibə şəraitindədir. Paytaxt Bakı tarixi,müasir və küləklər şəhəridir. Binalar, maşınlar, restoranlar çoxdur. İnsanların geyimlərinə baxanda hiss etmək olur ki, ölkədə xoşbəxtdirlər. Zəngin insanlar çoxdur. Amma kasıbların da sayı az deyil. Yəni, ölkədə 2 təbəqə var: zəngin və yoxsul. Bildiyim qədər yoxsullar minimum 60 avro maaş alırlar”.

Lorenso Bakıda qadınların istədiyi kimi geyindiyini bildirib: “Fikirləşirdim ki, müsəlman ölkədə xanımımla necə yaşayacam? Bu, məni bir qədər narahat edirdi. Amma gördüklərimlə eşitdiklərim üst-üstə düşmədi. Müsəlman ölkəsi olsa da, burada hər şey qaydasındadır. Bakıda qadınlar istədikləri kimi geyinir və gəzirlər. Bir çox Avropa şəhərləri kimidir. Bakıda qadınlara qarşı heç bir məhdudiyyət yoxdur. İlk dəfə Bakıya gələndə 9 saatlıq məsafə qət etmişdik. Yay fəsli idi, çox isti idi. Nəfəs almaqda çətinlik çəkirdim. Onu deyə bilərəm ki, şəhər çox gözəldi. Bakıya gözəllik verən Xəzər dənizidir. Amma çimərliklər azdır. Xanımım noyabr ayında Bakıya gəldi və onun gəlişindən sonra mən daha yaxşı çıxış etməyə başladım. O, mənə çox dəstək olur”.

Müdafiəçi komandası haqqında bunları danışıb: “2014-cü ildə yaranmış yeni klubdur. Oyunlarımızı süni ot örtüklü meydanda keçiririk. Stadionumuzun azarkeş tutumu 1300-dür. Bu, mənfi aspektlərdir. Zirə qəsəbəsinə paytaxtdan 45 dəqiqəyə çatmaq mümkündür. Amma oyunlarımıza azarkeşlər gəlirlər. Düzdür, “Vitoriya”da bizi dəstəkləyənlər daha çox idi. Amma Portuqaliya və Azərbaycan çempionatını da müqayisə etmək düzgün olmazdı. “Zirə” ötən mövsüm Avropa Liqasına vəsiqə qazansa da, UEFA-nın məlum qaydalarına görə turnirə yollana bilmədi. Amma bu il bunu bacarsaq, qarşımızda heç bir maneə olmayacaq. Komandada daha çox yerli futbolçular var. Onlarla ünsiyyət qurmaq çox asandır. Şən və zarafatcıldırlar. Komandadakı mehribanlıq dil baryerinə mane olmur. Azərbaycan dilində Salam, necəsiz, çox sağ ol və digər sözləri bilirəm. Əcnəbi futbolçulardan 2-si serb olmaqla alban, paraqvay və uzun ilər Azərbaycanda məskən salmış nigeriyalı var”.

Futbolçu çempionatımızın səviyyəsini də müzakirə edib: “Çempionatda 8 komanda iştirak edir. Hazırda 6-cı pillədəyik. Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparırıq. Oyular Bakıda keçirilir. Yalnız GəncəQəbələ şəhərlərinə səfər edirik. "Qarabağ" və "Qəbələ" kimi Avropa Liqasında çıxış etmiş klublar çempionluğa iddialıdır. Bu ana qədər bütün turlarda çıxış etmişəm. Fikrimcə, 2017-ci ildən sonra daha yaxşı çıxış edəcəyik”.

Lorenso vətənə sabiq klubu “Vitoriya”ya qayıtmaq barədə fikirlərini açıqlayıb: “Müqaviləm mövsümün sonunda başa çatacaq. Ayrılıq barədə bilmirəm, hər şey ola bilər”.