Azərbaycanda kişi voleybolçuların acınacaqlı durumu - “Hədə-qorxu gəlirlər...”

azerbaycanda-kisi-voleybolcularin-acinacaqli-durumu
Oxunma sayı: 11172

Azərbaycan kişi voleybolunda olan böhran davam edir. Gürcüstanda keçirilən Avropa çempionatından öncə milli komandamızda olan çatışmazlıqlar haqqında mətbuatda kifayət qədər yazılar olsa da, federasiya rəsmiləri problemlərin yoluna qoyulduğunu bildirmişdilər. Lakin son günlərdə yenə eyni mövzu gündəmə gəlib. Yığma komandanın üzvləri maaşların verilməməsindən və digər problemlərdən şikayətlənirlər. 

Qafqazinfo"nun redaksiyasına gələn idmançılarımız problemlərin artıq ən yüksək həddə çatdığını, Gürcüstana yollanmazdan əvvəl əslində “problemlər həll olunub” deyilsə də, nələr baş verdiyini danışıblar.

Millimizin 4 üzvü Emin Alışanov, Cavid Süleymanov, Tural Həsənov və Vüqar Bayramov problemlərdən danışıblar. 

“Gürcüstan səfərindən öncə heç bir iş görülmədi”

Cavid: - Gürcüstana ölkəmizin adına getdik. Əslində heç nə düzəlməmişdi. Sadəcə fikirləşdik ki, biz milli üzvləriyik. Əgər ora getməsək, ayıb olar. Maddiyyata görə imtina etmək olmazdı. Amma inanın ki, daha çox mənəvi problemlər var idi. Ora getməzdən öncə iclas keçirildi və bildirildi ki, ordan qayıdandan sonra bütün problemləriniz həll ediləcək. Gəlin problemlərdən danışaq. Ölkə çempionatı yoxdur. Heç bir hazırlıq keçmirik. Maaş problemini də bütün Azərbaycan bilir. 5 aydan bir pul görürük. Gürcüstana gələn komandalar turnirdən öncə ən azı 60-70 yoldaşlıq görüşü keçirmişdilər. Amma biz heç bir oyun oynamadan getdik ora. Orada birinci yeri tutan komanda bizi 3:2 uddu. Qatarla getdik və 2 gün yolda olduq. Ora çatan kimi səhərisi oyuna çıxdıq. Onsuz da komanda hazır deyildi, bir az da problem oldu. Biz gündə 1 dəfə məşq edirdik. Çünki qida çatışmazlığı var idi və məşqləri bir dəfə edirdilər ki, qida almasınlar. Bu problemlər illərdir var. Artıq bıçaq sümüyə dirəndi. Bu məsələlər federasiya səviyyəsində həll olunmalıdır. Ölkə başçısı İlham Əliyevə məktub yazmışıq. Biz ölkə başçısına müraciət edirik. Əgər cənab prezident bilsə, mütləq həll edəcək. Çünki o, idmanı sevir, dəstək verir.Azərbaycanın qadınlardan ibarət voleybol milli komandasına yaradılan şəraitin yarısını bizə yaratsınlar daha çox nəticə verək. Biz azərbaycanlılardan ibarət tək milliyik.

 Cavid Süleymanov

Elmin: Bəzilərimiz rayondan gəlib, Bakıda kirayə qalırıq. Amma ev pulumuzu ödəmirlər. 2 aydır ki, ortalıqdayıq. Heç bir iş görülmür. Bu federasiya səviyyəsində yaranan problemdir. Kişi voleybolu ilə heç kim maraqlanmır.

Cavid: Yazırlar ki, Azərbaycanda 68 kişi voleybol komandası var. Harda var bu komandalar? Olsa, çempionat keçirilərdi. İldə 3 oyun keçiririk. Onda da bir komanda 2 yerə bölünür. Hakimlər də qoşulur bizə. 2 komanda güclə düzəldirik. Adını da qoyublar Azərbaycan çempionatı. Çempionatın sadəcə adı var.

Tural: Deyirlər ki, hakimlərə verməyə pulumuz yoxdur. Ona görə də çempionat keçirmirlər. Çox gülünc vəziyyətdir. Uduzub gələndə deyirlər ki, niyə uduzmusuz? Biz Avropa çempionatına ölkəmizin adından gedirik. Heç olmasa, bir az ona diqqət ayırsınlar.

Cavid: Biz rəqiblərə təcrübədə uduzuruq. Onlar 60 yoxlama görüşü keçirirlər, biz isə 0.

“Qadın voleyboluna üstünlük verirlər”

Vüqar: Qadınlara həddən artıq diqqət ayırırlar. Azərbaycanda voleybol var, amma qadınlar üçün. Bizə dəstək olsaydı, bu gün Rioda idik. Nəticə verərdik. Qarşıdan İslam Həmrəylik Oyunları gəlir və orda oynamalıyıq. Amma necə? Biz fürsətdən istifadə edib daima idmana və idmançılara diqqət göstərən ölkənin birinci xanımı Mehriban Əliyevaya da müraciət edirik ki, bizə kömək olsun. Biz istəyirik ki, meydanda sözümüzü deyək.

Elmin: Komandada forma belə əlçatmazdır. Formadır, vitamindir və s. onu ala bilmirik. Milli komandaya qayğı göstərilməlidir. Biz çətinliklərlə də olsa, bayrağımızı təmsil edirik. Ölkəmizin adını uca tuturuq.

Elmin Alışanov

“Onların etdiyi bizə təhqirdir”

Elmin: Biz Avropa çempionatına gedirdik. Rəsmilərdən heç kim komanda ilə görüşüb yola salmadı. Avropa çempionatına gedərkən bizə saat 6-da dedilər ki, 8-də dəmiryol vağzalında olun. 2 saat ərzində hərə bir yerdən gəldi. Təyyarə ilə 40 dəqiqəlik yoldur. Bilet də ucuzdur. Amma etmədilər.

Vüqar: Biz Gürcüstana getmək istəmirdik. Çünki bu qədər etinasızlıq bizi həvəsdən salmışdı. Bu hərəkətlər komanda üçün təhqir idi. Azərbaycan yığması heç kimdən zəif deyil. Bir az qayğı olsaydı, o rəqibləri “əzib keçərdik”. 2017-ci ildə qadınlar arasında voleybol üzrə Avropa çempionatı ölkəmizdə keçiriləcək. Belə bir ölkədə niyə kişi voleyboluna diqqət etməsinlər? İslam Həmrəylik Oyunlarına hazırlaşmalıyıq. Artıq 9 ay qalıb. Amma bizə heç nə deyən yoxdur.

Vüqar Bayramov

Ziya Məmmədovun üzünü görməmişik”

Tural: Baş məşqçimizin vəziyyəti çox pisdir. Onun valideyni əməliyyat olunub. Federasiyadan xahiş etdik ki, heç olmasa, bir az kömək əlini uzatsınlar. Amma fayda olmadı. Təsəvvür edirsiz ki, federasiyadan bizə deyirlər ki, istəyirsiz başlayın hazırlıqlara. Biz Azəraycan Voleybol Federasiyasının prezidenti, nazir Ziya Məmmədovun üzünü görməmişik. Çünki o, sadəcə gəlib qadın voleyboluna baxıb gedib. Bir dəfə olsa da, bizə dəstək olmayıb. Nəqliyyat Naziri bizə pul ayırır. Amma o pul bizə 8 adamın əlindən keçərək gəlir. Bizə çatınca gülünc vəziyyətə gəlir. Hələ nadir hallarda bizə verilən maaşımızdan da nəsə umurlar. Biz həmişə basqı altında olmuşuq. Ölkə başçısı bildirib ki, “idmançılar bütün problemlərini azad mediaya deyə bilərlər”. Biz də ona görə indi çıxıb danışırıq. Fürsət düşmüşkən vəziyyəti çatdırmağa çalışacam. Federasiyanın bəzi üzvləri mediaya danışmağımızın qarşısını alırlar. Hər dəfə hansısa mətbuat orqanında adımız hallananda bizlə görüşməyə çalışırlar.

Cavid: Mətbuat nəsə yazanda 3-4 aydan sonra 1 ayın maaşın verirdilər. Bizim milli komandanın ümumi büdcəsi 30 min manatdır. Ayrılan pul bu qədərdir. Amma 18 min manat hamının maaşına bəs edir. Bilirsiz ki, yenə də az məbləğdir. Biz lazımı qidaları bununla necə alaq? Bu maaşı da vermirlər. Bizim özümüzə də hər dəfə mediaya çıxmaq gülünc gəlir. Sadəcə məcburuq. Vəziyyət acınacaqlıdır. İdman bu gündə olmamalıdır.

Tural: Bəzi tələblərimiz var. Ən əsası maddi təminat, qida təminatı olsun. Həm də çempionat keçirilsin. Çünki rəqabət olsa, nəsə üzə çıxar.

“Bizə hədə-qorxu gəlirlər”

Tural: Bəzi adamlar var ki, bizdə prezidentdən əmr gözləyirlər. Gərək ölkə başçısı onlara desin ki, deyəsən işinizi yaddan çıxarmısız. Ondan sonra başlasınlar iş görməyə. Mediaya çıxanda bizə hədə-qorxu gəlirlər. Azərbaycanın kişilərdən ibarət voleybol millisi Elşən İsmayılova tapşırılıb. Ziya Məmmədovun ayırdığı pullar bu adama çatır və onun vasitəsilə işlər görülməlidir. Amma bütün problemlərin səbəbkarı bu adamdır. Bizi bir neçə gün əvvəl görüşə çağırmışdı. Saat 4-də görüşməliydik. Getdik federasiyanın qarşısına. Amma saat 6-nın yarısı Elşən İsmayılov zəng elədi ki, işi çıxdı gələ bilmir. Milli komandanın meneceri də kağız qoydu ki, qarşımıza bura qol çəkin və qeyd edin ki, biz forma da, pul da almışıq. Biz də menecerə dedik ki, həmin formaları 2015-ci ildə almışıq. Formalar çox pis iylənir, çürüyüb artıq. Təsəvvür edin ki, biz milli komanda ilə məşqə gedərkən tapşırılandan fərqli forma geyinsək, 30 manat cərimə olunuruq. Amma forma verilmir. Bir-birimizdən borc alıb geyinirik. Elşən İsmayılov bunları bilmir. Bir dəfə baş məşqçi Fərid Cəlalovun yanında bizə dedi ki, sizin heç bir probleminiz yoxdur. Hər şey yaxşı olacaq. Bizə dedi ki, təzə formalar gələcək. Bildirdi ki, 20 min dollar ehtiyat büdcəmiz var. Ordan xərcləyəcəyik. 15 gün sonra Azərbaycanda devalvasiya oldu. Elşən İsmayılov 3 ay yoxa çıxdı. Mayın 18-i dedik ki, Avropa çempionatına getmirik. Sonra bizi topladılar. Orda Elşən İsmayılova sual verdim ki, “siz 3 ay idi harda idiniz?”. Bildirdim ki, “siz bizim harda məşq etdiyimizi bilmirsiz”. Hazırda biz Azərbaycan İqtsadiyyat Universitetinin stadionunda məşq edirik. Amma bunu heç kim bilmir. Bizi ora universitetin rektoru Fərid Cəlalovun ( Baş məşqçi) xahişi ilə dəvət edib və icazə verib. Çünki baş məşqçi 4 il bu universitetin şərəfini qoruyub. Amma Elşən İsmayılov 20 min dolların “arxasına keçdi”. İndi də bizi təhdid edir. Deyir ki, mediaya danışsanız, çıxıb deyəcəm yalan danışırlar. Mən onları iclasa çağırıram gəlmirlər.

Tural Həsənli

Cavid: İclasda da eyni şeyləri danışırlar. Yalandan vədlər verirlər. İclas edirik ailəsinin problemlərindən danışır. Mənə nə onun problemlərindən?

Elmin: İndiyə qədər həmişə bizim komandanın başında belə adamlar olub. Ancaq öz xeyirlərini güdürlər.

Elsevər Məmmədov 

Video Nuran Məmmədov