Atatürkün şəhərində türk zəfəri

ataturkun-seherinde-turk-zeferi
Oxunma sayı: 1503

Elsevər Məmmədov

Atatürkü türk dünyasına bəxş etməklə tarix olan şəhərə - Salonikiyə bir tarixi də “Qarabağ” yazdı. 1430-cu ildə Osmanlı hökmdarı 2-ci Sultan Murad tərəfindən fəth edilən şəhərin zirvəsini bu dəfə Qurban Qurbanov və 18 nəfərlik ordusu fəth etdi. Yunanlar üçün unudulmayacaq məğlubiyyəti “cəhənnəm” adlandırılan “Tumba” arenanın divarlarına həkk etdi.

Son illərdə qədim qitənin tarixi ölkəsinin klubları üçün kabusa çevirilən “Qəbələ”dən sonra “köhlən atlar” ın da adı elladalılar üçün unudulmayacaq . İlk oyundan əvvəl belə özünə inamlı görünən yunanları meydanda , hətta “cəhənnəm” adlandırdıqları arenada belə dəfn etdik.

Azərbaycan futbolu üçün yeni, daha bir şanlı səhifənin açılması öz əlimizdədir. Artıq qismətimizi başqalarına buraxmamışıq. İtaliya təmsilçisi və öncədən də açıq-aşkar favorit sayılan “Fiorentina”dan sonra bizə lazım olan pillədə ən yaxın izləyicimizdən 3 xal öndəyik. Qazanılan növbəti mərhələ qrupun qapılarını bərk vurmaq üçün bizə kifayətdir. Düzdür, PAOK “Fiorentina”nı udacağı halda taleyimiz son tura qala bilər. Amma yunanların təmsilçimizdən aldığı iki zərbədən sonra çətin Florensiya səfərindən cibidolu qayıdacağı inandırıcı görünmür.

İki il bundan öncə İtaliya “İnter”i üzərində qazanacağımız qələbə bizi 1/16 finalçılar sırasına yazdıracaqdı. Lakin çexiyalı referi Miroslav Zelinkanın yanlış qərarı Qurban Qurbanovun daha öncə bu sevinci bizə yaşatmasına mane oldu. Bu dəfə isə adıçəkilən mərhələnin möhürünü elə Zelinkanın vətənində vura bilərik.
İlk dəfə qrup mərhələsində 7 xal qazandığımızı nəzərə alsaq, şansları daha yüksəlir, inam artır. Çexiya “Slovan”ını səfərdə yenəcəyimiz isə realdır.

Qrup sonuncusu olan Libereç təmsilçisi demək olar ki, bütün şanslarını itirib. Fürsət isə qapımıza qədər gəlib. “Fiorentina”nın PAOK-u məğlub edəcəyi, “Qarabağ”ın isə “Slovan”ı mığlubiyyətə uğradacağı və ya 1 xal “qoparacağı” halda ikinci dərəcəli klub turnirinin 32 ən güclüsü arasında olacağıq.

Qrup mərhələsinin başlanğıcında uğursuz çıxış edən“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində uduzduğu “Viktoriya” ilə oyunun şokundan ayılmadığını demişdik. Yalnız bir qələbə bizi uğura daşıyacaqdı. Qurban Qurbanov olunan tənqidlərə sadəcə belə cavab verdi. PAOK üzərində Bakıda qazanılan 2:0 hesablı qalibiyyət ilk oyunlardan sonra üfüqdə görünən pley-off mərhələsinə doğru cığırı inamla açdı. Elladadan sonra Avropanın mərkəzində şanlı səhifəmizi açmaq üçün sadəcə bir qələbə lazımdır...