Almaniya ilə oyunöncəsi - Prosineçkidən nikbin açıqlama

almaniya-ile-oyunoncesi
Oxunma sayı: 2423

Futbol üzrə milli komandamız DÇ-2018-in seçmə mərhələsində öz meydanında Almaniya yığmasını qəbul edəcək. “Qafqazinfo” xəbər verir ki, matçdan bir gün öncə yığmamızın baş məşqçisi Robert Prosineçki mətbuat konfransı keçirib.

O, ilk öncə matç haqda fikirlərini bildirib: “Komandanın məşq prosesindən razı qalmışam. Rəqib güclü komandadır və onları analiz etmişik. Sabahkı oyunda əlimizdən gələni edəcəyik ki, Almaniyaya oynamaq şansı verməyək. Komandam oyuna hazırdır. Ümid edirəm ki, sabah istədiklərimizi meydanda qoya biləcəyik”.

- İngiltərə ilə oyunda gördük ki, Almaniyanı əks hücumda yaxalamaq mümkündür. Bunu futbolçulara başa sala bilmisiniz?

- Əlbəttə, o oyunu izləmişik. Hamınız bilirsiniz ki, Almaniyada necə futbolçular oynayırlar. Biz keyfiyyəti bilirik, onların fiziki durumları çox güclüdür. Rəqibi analiz etmişik, futbolçulara tapşırıq vermişəm. Əsas odur ki, özümüzü yaxşı tərəfən göstərək. Amma Almaniyaya qarşı necə oynayacağıq, bunu deyə bilməyəcəm.

- Komandanın fiziki durumu necədir?

- Komandanın məşq prosesinə söz ola bilməz. Bura gəldiyim gündən futbolçuların fiziki durumunda razı olmuşam. Motivasiyaya gəlincə, bundan böyük motivasiya ola bilməz. Motivasiya ilə bağlı futbolçularla danışmağa heç bir əsas görmürəm.

- Milli hər zaman hava toplarında zəif oynayır. Bunu yoluna qoya bilmisiniz?

- Bu, bizdə həmişə problem olub. Yenə deyirəm, öz komandama inanıram, durumumuz yaxşıdır. İnanıram ki, komandam əzmkarlıq göstərəcək. Deyə bilərəm ki, Almaniyaya problem yarada biləcəyik.

- Heyətdə görmək istədiyiniz, amma müəyyən səbəblərdən komandaya dəvət edə bilmədiyiniz futbolçu varmı?

- Bu suala açıq cavab vermək niyyətindəyəm. Bəli, elə problemlərimiz var. Namiq Ələsgərov zədələndi, uzun müddətdi zədədən əziyyət çəkən Maksim Medvedev oynaya bilmədi. Həmçinin də, Ruslan Abışov. Bəli, elə futbolçu var ki, onu istəyirəm, amma komandaya cəlb edə bilmirəm.

- Bu suala keçmiş futbolçu kimi cavab verməyinizi istərdik. Kamran Ağayevin Portuqaliyada problemi nədən ibarətdi?

- Bizimlə müqayisədə almanlarda belə problem yoxdu. Səlahət Ağayevi çağırmaq istəyirdim, amma zədə aldı. Anar “Zirə”də çox oynamır. Kamran təcrübəli qapıçıdı, uzun illərdi ki, millidə oynayır. Təcrübə baxımından digərlərini üstələyir. O ki qaldı oynamamağına, bunu özündən soruşsanız, yaxşıdı. Futbolçu həmişə məşqçini günahkar bilir. Amma yenə deyirəm ki, Kamran yaxşı qapıçıdı. Bunu seçmə mərhələnin əvvəlki oyunlarında da sübut edib.