6 ayda 1600 kiloqramdan çox narkotik müsadirə olunub

6-ayda-1600-kiloqramdan-cox-narkotik-musadire-olunub
Oxunma sayı: 630

Cari ilin altı ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunda ümumiləşdirilib.

Qafqazinfo” xəbər verir ki, komissiyadan Azərtac-a verilən məlumata görə, altı ay ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1743 fakt aşkar edilib. Onlardan 457-si satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1164-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 106-sı qanunsuz olaraq, narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-ı isə digərləri təşkil edib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 629 kiloqram 621,527 qram müxtəlif növ narkotik vasitələr və o cümlədən 7631 çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 395 kiloqram 757,789 qramını marixuana, 175 kiloqram 328,749 qramını tiryək, 1 ton 24 kiloqram 637,156 qramını heroin, 17 kiloqram 485,739 qramını həşiş, 16 kiloqram 45,932 qramını digərləri və 366,162 qramını psixotrop maddələr (11 min 848 həb) təşkil edib.

Həmçinin “Xaş-xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 101 ton 459 kiloqram 875,78 qram narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib.

Bu dövrdə cinayət məsuliyyətinə 1154 nəfər cəlb edilib. Onlardan biri 18 yaşadək, 80-i 18-25, 206-sı 26-29 yaşlarında, 867-si 30 yaşdan yuxarı olub. Həmin şəxslərdən 8-i fəhlə, 5-i maddi məsul şəxs, 1023-ü işləməyən, 1141-i kişi, 13-ü qadın, 11 nəfəri isə xarici ölkə vətəndaşıdır ki, onlardan da ümumilikdə 515 kiloqramdan çox narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 6-sı İran, 2-si Gürcüstan, 1-i Hindistan, 1-i Belarus, 1-i isə Türkmənistan vətəndaşı olub.